Ekspertlər: Avropa Parlamentinin Türkiyə ilə bağlı qətnaməsi qərəzli qərardır

Ekspertlər: Avropa Parlamentinin Türkiyə ilə bağlı qətnaməsi qərəzli qərardır
17:27 25 Noyabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Ekspertlər Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) üzv qəbul edilməsi ilə bağlı aparılan danışıqlar prosesini dayandırmağa çağıran qətnaməsini şərh ediblər. Onların fikrincə, bu qətnamə, ilk növbədə Türkiyənin Aİ üzvlüyünə qəbul edilməsi üzrə danışıqlar prosesini əngəlləməyə yönəlmiş qərəzli qərardır.
Ankara İqtisadiyyat və Texnologiya Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Report"a açıqlamasında bildirib ki,  bu qərar yekunda Türkiyə üçün ciddi fəsadlara səbəb olmayacaq, amma arzuolunmazdır və Türkiyə-Avropa İttifaqı ikitərəfli əlaqələrinə kölgə salır: "Deyə bilərəm ki, əslində, ciddi və ya həddindən artıq qeyri-adi bir şey baş verməyib. Belə qərar heç bir hüquqi qüvvəyə malik deyil və Türkiyənin Aİ-yə daxilolma prosesinə təsir etməyəcək. Türkiyə-Aİ əlaqələri davam edəcək, sadəcə, razılaşmaların müəyyən bəndlərinin müzakirəsi dayandırılacaq."
O deyib ki, Türkiyə tərəfindən hansısa xüsusi reaksiya gözləməyə dəməz: "Avropada heç kim Türkiyəni danışıqlar prosesindən kənara atmaq niyyətində deyil."
Rəsmi Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmasının mümkünlüyü ilə bağlı açıqlamasına münasibət bildirən politoloq vurğulayıb ki, Türkiyə hökuməti bu yolla Aİ-nin yeganə alternativ olmadığını və Ankaranın suverenlik hüququndan istifadə edərək digər təşkilatlarla da əməkdaşlıq edəcəyini göstərib.
"ŞƏT üzvü olmaq Türkiyənin Avropaya inteqrasiya siyasətindən və Aİ ilə münasibətlərindın imtina etməsi demək deyil" - o söyləyib.
Onun sözlərinə görə, Aİ sırf bu məsələdə siyasi ambisiyaları əsasında hərəkət edən dövlət kimi çıxış edib.
Azərbaycanlı politoloq İlqar Vəlizadə də qətnamənin, ilk növbədə Türkiyənin Aİ üzvlüyünə qəbul edilməsi üzrə danışıqlar prosesini əngəlləməyə yönəlmiş qərəzli qərar olduğunu vurğulayıb.
Onun sözlərinə görə, son illərdə Türkiyə və Aİ tərəfindən bu istiqamətdə ciddi addımlar atılıb, Aİ tərəfindən viza rejiminin ləğvi barədə qərar qəbul edilib.
"Bu prosesdə maraqlı olmayan Avropanın siyasi və nüfuzlu dairələri prosesin gedişinə mane olmaq, onu əngəlləmək üçün hər hansı imkan, bəhanə axtarırdı. Eyni zamanda cari hadisələr fəal şəkildə terrorla, regional problemlərlə mübarizə aparan Türkiyənin bu gün real təhdidlərə qarşı faktiki olaraq təkbaşına qaldığını göstərir. Aİ tərəfdən real kömək göstərilmir" - ekspert bildirib.
İ.Vəlizadə Türkiyənin Aİ ilə danışıqlarda fasilə götürəcəyini bildirib: "Təbii ki, bir sıra istiqamət üzrə, o cümlədən qaçqınlarla məsələdə Aİ ilə münasibətlərə yenidən baxılacaq. Çox güman, Türkiyə bu məsələdə Aİ qarşısında daha ciddi şərtlər qoyacaq." 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/ekspertler-avropa-parlamentinin-turkiye-ile-bagli-qetnamesi-qerezli-qerardir-rey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR