Hər gün döyülən, təcavüz edilən qadınlar... - FOTO

Hər gün döyülən, təcavüz edilən qadınlar... - FOTO
14:12 26 Noyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür.

Qadın zorakılığı qlobal problem kimi hər zaman aktualdır. Məlumata görə, qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır. Avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Bəzi kişilər qadına əl qaldırarkən insan haqlarını pozduqları barədə düşünmürlər.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin açıqlamasına görə, statistika qadınların 60 faizinin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, onların sağlamlıqlarına xələl yetirildiyini göstərir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Mərkəzin apardığı sorğunun nəticələrinə görə, dünyada 42 faiz qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır:

Zorakılığa məruz qalan 16 faiz qadında vaxtından əvvəl düşüklər, vaxtından əvvəl uşaqların doğulması baş verir. Sorğu-tədqiqatlarının nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9 faizi qeyd edir ki, ailə sirrini başqalarına danışmaq düzgün deyil. 

Milli.Az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova atv.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qanunsuz nikahdan doğulan körpələr, erkən nikahlarla bağlı rəqəmlərə baxsaq, görərik ki, qadınlara qarşı zorakılıqla bağlı ciddi tədbirlər həyata keçirmək lazımdır. Bu günlərdə 30 qeyri-hökumət təşkilatı Prezident Administrasiyasına müraciət hazırlayıb və imzalayıb. Eləcə də bu müraciət Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinə də təqdim ediləcək. Avropa Şurasının Məişət Zorakılığının qarşısının alınması haqqında Konvensiyasına qoşularaq, qanunun təkmilləşdirilməsi və daha çevik mexanizmlər çərçivəsində mübarizə aparılmalıdır.

Onun sözlərinə görə, hazırki qanun bu zorakılıqların qarşısını kifayət qədər almır. Ona görə də, mexanizmin təkmilləşdirilməsi və daha mükəmməl mexanizm olması üçün ölkənin həmin Konvensiyaya qoşulması, tədbirlər planını genişləndirməsinə ehtiyac var. Bu cür addımlar qadın zorakılığının qarşısını almaq üçün çox yaxşı vasitə ola bilər. 

- Qadın zorakılığının əsas səbəbi nədir?

- Bura çox şey aiddir, bir faktı digər faktdan ayırmaq lazım deyil: Mədəniyyətsizlik, mədəni səviyyənin aşağı düşməsi, təhsilsizlik, təhsildən yayındırılma, qız uşaqlarına, qadınlara münasibət, iqtisadi amil, dəyərlər sistemi, dini amillər, daha köhnə stereotiplərin üzə çıxması, qloballaşma, internet... Bütün bu amillər zorakılığa səbəb ola bilir. Bunlar hər bir fərddə özünü bir cür büruzə verir. Burada, təbii ki, şüurun inkişafı, zorakılığın cəzaya məruz qala bilməsi və cəzalandırılması kimi ideologiyanın yayılması lazımdır ki, insanlar bunun cinayət olduğunu anlasın.

İnanıram ki, 30 qeyri-hökumət təşkilatının müraciətinin nəticəsi olacaq. Bir neçə gün öncə Qəbələdə qadının öldürülməsi ilə bağlı da 200-ə yaxın imza toplayıb Prezident Administrasiyasına təqdim etmişik. Eləcə də, 15 gün bundan qabaq sosial şəbəkədə "qadın qətllərinə son" haştaqını həyata keçirdik. Düşünürəm ki, bütün bunlar öz təsirini göstərəcək. 

Qeyd edək ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilyonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.

BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir. Bu gün 1999-cu il noyabrın 25-də BMT Baş Məclisində elan edilib. 

Və sonda...Unutmaq olmaz ki, qadın övladdır, həyat yoldaşıdır, insandır, ən əsası isə anadır. Onlara qarşı zorakılıq etmək yox, qorumaq lazımdır.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR