Gürcü xəyanəti, sapı özümüzdən olan baltalar, zəhərlənən Azərbaycan xanı - FAKTLARLA

Gürcü xəyanəti, sapı özümüzdən olan baltalar, zəhərlənən Azərbaycan xanı - FAKTLARLA
22:03 27 Noyabr 2016
163 Digər
Ölkə mətbuatı
A- A+

Şəki. Hüsеyn xan Müştağın iqamətgahı оlan imarətdən bir nəfər gecənin qaranlığında həyətə düşdü. Taxta qapıya yaxınlaşıb astaca döydü. Qapı açıldı, çalsaqqal, bеli bir az əyri, göyçəksifət kişi oturduğu taxtdan düşüb ona yaxınlaşdı:

- Tapşırılan işin öhdəsindən gələ bildinmi?

- Hökmdar, tamam, yeməyinə qatdım zəhəri.

- İndi durma, atını min, birbaşa Tiflisə sür. Burnaşova çatdır ki, iş tamamdır.

Şəxs baş əyərək içəridən çıxanda imarətdə "xan zəhərləndi" deyə səslər eşidilməyə başladı. Bu zaman kişi əlini çal saqqalına sürtüb, əyninə hökmdar xələtini geyinib otaqdan çıxdı...

Bu çalsaqqal kişi Gürcüstan hökmdarı II İrakli, zəhərlənən isə Quba xanı Fətəli xan Hüseyn Əli xan oğlu idi.

XVIII əsrin ortalarında Əfşarlar imperiyasının qurucusu Nadir şahın xəyanətlə öldürülməsindən sonra Azərbaycan ərazisində müstəqil xanlıqlar yarandı. Azərbaycan İran əsarətindən azad olduqdan sonra onun ərazisində 21 (bəzi mənbələrə görə 18 və ya 14) xanlıq meydana gəlmişdi. Onların 12-si Azərbaycanın şimalında (Gəncə, Bakı, Quba, Dərbənd, Şəki, Şamaxı, Talış, Qarabağ, Salyan, Cavad, İrəvan, Naxçıvan), 9-u isə Azərbaycanın cənubunda (Təbriz, Urmiya, Xoy, Sərab, Qaradağ, Ərdəbil, Maku, Marağa, Gilan) yaranmışdı. Bunlardan əlavə, 6 sultanlıq (Qazax-Şəmşəddil, Borçalı, İlisu, Ərəş, Qutqaşın, Qəbələ) və 5 məliklik (Dızak, Vərəndə, Xaçın, Ciləbört, Gülüstan) da meydana gəlmişdi.

Şimali və Cənubi Azərbaycanda parçalanmış halda dövlət kimi formlaşan xanlıqları vahid dövlətdə birləşdirmək niyyəti şimalda Şəki, Qarabağ və Quba xanlıqlarını, cənubda isə Urmiya xanlığınıda dəfələrlə müzakirə olunmuş, addımlar atılmışdı. Lakin Quba xanlığının vahid Azərbaycan yaratmaq istiqamətində işini xüsusi qeyd etmək lazımdır. Quba xanlığı Hüseynəli xan və onun oğlu Fətəli xanın zamanında şimal və cənubu birləşdirən bir Azərbaycan dövləti üçün ciddi adımlar atılmasına baxmayaraq, tariximizdə zəngin olan xəyanətlər, satqınlıqlar və taxt-tac uğrunda olan mübarizə nəticəsində bu ideya alınmayıb.

Vahid Azərbaycan qurmaq Quba xanı Fətəlinin ən böyük arzusu idi. Lakin bu planın həyata keçirlməsində dörd böyük əngəl var idi. Rusiya, Gürcüstan, İran və Fətəli xanla daima ədavətdə olan Qarabağ xanı İbrahimxəlil xan.

Rusiya istəyirdi ki, Azərbaycanı bir-biri ilə düşmənçilik edən xırda xanlıqlara parçalayıb istila etsin, bununla da İran və Hindistan sərhədlərinə yol açsın.

Gürcüstan istəyirdi ki, güclü qonşudan yaxa qurtarıb, məğlub qonşunun hesabına öz ərazilərini genişləndirsin.

İran isə Azərbaycanın, sonra da bütün Qafqazın istilasını istəyirdi.

Abbasqulu ağa Bakıxanovun təsvir etdiyi kimi, Fətəli xan tədbirli, mərhəmətli, dövlət idarəçiliyi işlərində mahir adam idi. Onu "Dərbəndin, Bakının, Salyanın hakimi" adlandırırdılar. Dərbənddən başlayaraq bütün Azərbaycan torpaqlarını bir dövlətdə birləşdirmək istəyən Fətəli xan hərbi qüvvə, ticarət və iqtisadi əhəmiyyət baxımından çox uğurlar qazanmış, ölkədə əmin-amanlıq yarada bilmiş, Cənubi Azərbaycan xanlıqlarını da İran əsarətindən qurtarıb öz himayəsinə götürməyə cəhd göstərmişdi.

Quba xanlığının timsalında Şimal və Cənubu birləşdirən vahid Azərbaycan dövlətinin yaranması ərəfəsində Qarabağ xanı İbrahim xan gürcü çarı II İraklinin hiyləsinə uymasaydı, 1779-1780-ci illərdə İbrahim xan Fətəli xanın birləşmək təklifini düzgün başa düşsəydi və onlar razılığa gəlsəydilər, yəqin ki, bu gün Qarabağın və Borçalının acı ağrılarını çəkməzdik.

Məhz bu birləşmə Rusiya və Gürcüstanı çox narahat edirdi. İbrahimxəlil xanla Fətəli xanı üz-üzə qoyan II İrakli ikibaşlı oyun aparırdı. O, iki qüdrətli xanlığın birləşməsi nəticəsində böyük Azərbaycan yaranmasını Gürcüstan üçün təhlükə hesab edirdi. Gəncə, Qazax, Zaqatala, Balakən, Şəki kimi əraziləri Rusların əli ilə gələcəkdə Gürcüstana birləşdirməyi düşünən gürcü çarı üçün vahid Azərbaycan ideyası dövlətçiliyin sonu demək idi. Gürcüstanda ona hökmdar tacını təqdim edən general-mayor Stepan Daniloviç Burnaşovla böyük Gürcüstan haqda danışıqlar aparan II İrakli Rusiyanın himayəsi altına keçəndən sonra hərbi dəstək görürdü onları.

Fətəli xan dəfələrlə Azərbaycan torpaqlarını Şərqi Gürcüstan çarı II İraklinin təcavüzündən qorumuş, gürcü hökmdarına rəsmi məktub göndərərək onun Azərbaycan xanlıqlarının işinə qarışmamasını tələb edirdi. Bu tələbi II İrakli özü üçün təhqir sayırdı. Lakin o, kinini içində boğub zamanını gözləyirdi. Buna görə 1787-ci ildə Quba xanlığı ilə sülh müqaviləsi bağlayan II İrakli ümumi düşmənə qarşı mübarizədə Fətəli xanla birgə olacağını bildirmişdi.

1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şəmkirdə gürcü çarı II İrakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan İraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır.

Qarabağa birgə hücum planı da təsdiq edilir. Bundan sonra vahid Azərbaycan dövlətinin yaranmasına başlanır. Gürcüstan isə həmsərhəd dövlət kimi dost və ticari əməkdaş olur. Bu isə II İraklini qane etmir. O, Gəncə xanlığına edilən güzəştdən başqa heç bir təkliflə razılaşmır. Fətəli xanla mübahisə edir. Tələb edir ki, ona hökmdar kimi yanaşılsın və Qarabağ xanlığının məğlub edilməsindən sonra ona ərazidə talan hüququ verilsin. Fətəli xan isə qənimətdən ona üçdə bir hissə təklif etsə də, İrakli yarısını istəyir. Otağı narazı tərk edən II İrakli onun üçün ayrılan yerə gedib Fətəli xana qarşı Burnaşovun ona verdiyi xüsusi zəhərdən istifadə etmək qərarına gəlir...

Şəmkirdə Şərqi Gürcüstan çarı II İrakli ilə danışıqlardan sonra Şəkidə təşkil olunmuş naharda Fətəli xanı zəhərləyirlər. Zəhər dərhal yox, tədricən qana yeridiyindən, bir neçə gündən sonra Qubaya yola düşən Fətəli xan yolda xəstələnir və Bakıda yaşayan bacısı Xədicə Bikənin yanına gəlir. Lakin zəhəri xanın bədənindən təmizləmək olmur. Son günləri bacısı ilə danışan Fətəli xan təkrar edirdi ki, "Mənə xəyanət etdilər, II İraklinin məni zəhərləyəcəyini bilə-bilə xəbərdar etmədilər".

1789-cu il martın 23-də Bakıda vəfat etmiş Fətəli xanı elə Bakıda - Bibiheybət məscidinin həyətində dəfn edirlər. 1936-cı ildə Bibiheybət məscidi - bu müqəddəs ocaq sovet rejimi tərəfindən məhv edilərkən, Fətəli xan və məscidin ətrafında basdırılmış müqəddəslərin qəbirləri də dağıdılır...

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

AMEA Fəlsəfə və Hüquq İnstitutu

Xüsusi olaraq Publika.az üçün








Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/114660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR