Bir də üzü yadımdadı...

Bir də üzü yadımdadı...
11:27 28 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Nənəmin öldüyü gün qara buludlar mürəkkəb ləkəsi kimi yayılıb göy üzünü gizləmişdi zülmətin bətnində. Nə qədər baxsam da, nənəmin sönən ulduzunu görə bilməmişdim...

Anamın dinmək bilməyən göz yaşlarına qoşulub həyətimizdə ağlayan yağışın səsi də kiriməmişdi səhərə qədər. Tez-tez cilddən cildə girib, şəkildən şəklə düşən buludları uşaq ağlımla nağıllarda təsvir olunan taxt-rəvana bənzətmişdim həmən gecə. Mənə elə gəlmişdi ki, nənəmin ruhu bu "taxt-rəvana" oturaraq başqa buludlara qonaq gedib.

Həyatı asan yaşamamışdı... Aclıq da görmüşdü müharibə illərində, ağır zəhmətə də qatlaşmışdı. 41-45 hərbində cəbhəyə yollanan iki qardaşının qara kağızını alan gündən xınanı uzaq tutmuşdu saçlarından. Mayası dərddən, ağrıdan tutulmuş saysız-hesabsız şeir, bayatı vardı əzbərində. Danışdığı nağılların qəhrəmanı qardaşları olardı həmişə. Və bu qəhrəmanlar hər dəfə odun, alovun içindən sağ-salamat çıxıb qayıdardılar evlərinə. Son nəfəsinə kimi qardaşlarının öldüyünə inanmamışdı rəhmətlik.

Titrək əllərini, yanıqlı səsini xatırlayıram ən çox. Bir də üzü yadımdadı... Güləndə gözlərinə yetişmədən üzündəki dərin qırışların içində itib-batardı gülüşü. Dünyanın sözlə izaha gəlməz batman-batman kədəri nənəmin gözlərinin içində yurd salmışdı sanki.

Övladlarını, nəvə-nəticəsini canından çox istəyərdi. Gəlinlərini doğma qızlarından ayırmazdı heç vaxt. Qohum-qonşuya əl tutardı bacardığı qədər. Ürəyində kin-küdurət saxlamazdı Allahın heç bir quluna qarşı. Özündən daha çox başqalarını düşünərdi həmişə.

İnsanlığa diş qıcayan, ürəklərdəki mərhəməti didib-parçalayan qanlı-qadalı müharibə illərində ərləri cəbhədə həlak olmuş yetimdar qonşu arvadlardan süfrəsinin son tikəsini belə əsirgəməmişdi.

Evinin qapısını bağlayaraq balalarını başına toplayıb gizlin-gizlin çörək yeməyi içinə sindirə bilməmişdi heç vaxt. Ürəyi razı gəlməmişdi belə hərəkətə. Bəlkə də həmən müsibətli günlərdə bir çox adamın unudub üz çevirdiyi Allahdan utanmışdı nənəm...

Dayımın qapısında qurmuşdular yas mağarını. Anamdan, xalalarımdan çox qonşular ağlamışdı yas məclisində.

Nənəmi son mənzilə yola salmağa gələn adamların içində şəhərdən gələnlər də az deyildi. Hamı onun nə qədər xeyirxah insan olduğu barədə danışırdı. Gözlər dolub-boşalırdı yaddaşlar çözələndikcə.

Acılı-şirinli ömründə bir çox itkilər yaşasa da, son nəfəsinə kimi ürəyində, ruhunda qoruyub saxlaya bildiyi sevgini, mərhəməti tanıdığı insanların qəlbinə köçürüb köçmüşdü dünyadan. Hələ neçə-neçə illər xatirələrdə canlanıb yaddaşlarda diri qalacaqdı.

Mənim üçün heç zaman ölməyəcəyini öldüyü gün anladım...

Günlər bir-birini əvəzlədikcə daha yaxşı başa düşürəm: elə ölülər var ki, sağlardan daha diridi... 

Xuraman Hüseynzadə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR