"Nervinni" kişiləri sevən Azərbaycan qadını

"Nervinni" kişiləri sevən Azərbaycan qadını
11:37 28 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Hardasa 1-2 ilin söhbətidir - Azərbaycanın yaşayan əfsanəsi, səsiylə, nəfəsiylə folklorumuza, aşıq sənətimizə əvəzsiz töhfələr vermiş, nəğmələri ilə alışan qəlbimizə su səpən Telli xanım Borçalı ailə, ailədə qadının yeri, gender problemi, ailədaxili zorakılıq və s. mövzuları əhatə edən mükəmməl bir müsahibə vermişdi. Həmin intellektual söhbəti oxuyanda səbəbsiz yerə kədərlənsəm də, sonradan qürur duymuşdum. Sevinmişdim ki, ölkəmizdə özünü açıq şəkildə ifadə edə bilən, gender məsələsində təhər-tövrünü pozmadan, obraza girmədən münasibət bildirən intellektual qadınlar var! Ümid edirəm bütün sənətsevərlər, feministlər, qadın hüquq müdafiəçiləri, karyerasında uğur qazanmış qadınlar həmin söhbəti yaxşı xatırlayır. Çünki bu söhbət Azərbaycan qadınıyla bağlı düşüncələrimi alt-üst etməyi bacarmışdı. Telli xanımın söhbətindən bir hissəni yenidən sizin yadınıza salmaq istəyirəm:

"Mən ölürəm də, kişi "nervinni", acıqlı, olsun, döysün məni. Əslində, kişi arvadı döyməlidir. Kişi ciddi, tələbkar olmalıdır. Səhvim varsa, meytimi sərsin yerə... Arvadı əri döyər, qonşunun kişisi döyməz ki..."

Açığı bu fikirlərə münasibət bildirməyə tam hazır deyiləm. Bilirsiniz ki, Freud, Adler, Markiz de Sad, Mazox oxumaqla bu dərin mətləbi izah etmək gücümüz və savadımız yoxdur. Bir halda ki, izahat verə bilmirəm, bu mətləbləri anlamağı və izah etməyi sizlərin ixtiyarına buraxıram. Özünüz necə istəyirsiniz, elə də yozun, izah edin.

Açar sözlər : sadizm, mazoxiszm, uşaqlıq travmaları, hard saz, sərt kişi...

Bəla Telli xanımın belə düşünməsi deyil, bəla odur ki, Azərbaycan qadını, hətta ən oxumuşu və intellektualı belə şəxsi həyatında Telli Borçalı sindromundan xilas ola bilmir. Qadınlar var ki,  savadı, intellekti qaydasında,  yeri gələndə feminist çıxışları yerində, "lyuboy" kişini sosial şəbəkədə "neprav" çıxarmağı bacarır, kefinə düşəndə köşə, təbi gələndə hekayə, şeir yazır, dinləri tənqid edir və lazım gəlsə, dörd-beş xarici dildə status paylaşır, amma qəfil rastlaşanda görürsən ki, gözünün altındakı  şişkinliyi, dodağının çatlamış hissəsini kosmetikayla uğursuzcasına gizlətməyə çalışıb. Dərinə getsən (mentalitetə və feminizmə uyğun olmadığı üçün "soyundursan" yazmıram), bədənindəki zərbədən göyərmiş, qançır olmuş yerləri də görə bilərsən.

Əvvəl bu cür hallarla rastlaşanda, Azərbaycan kişisini kobud, cahil, nəzakətsiz hesab edən incə ruhlu xanımlarımıza haqq qazandırırdım. Zaman keçdikcə, müşahidələrimi davam etdirdim və dərk etdim ki, ictimai həyatda əlini masaya vurub hansısa qələm adamına "seksist", "qadın düşməni" deyib barmaq silkələyən qadınlar şəxsi həyatlarında "nervinni" və  "əsəbi" kişilərə barmaq silkələyə bilmir, əksinə Telli Borçalının cəsarətlə dilinə gətirdiyi istəklərini, gizli şəkildə həyata keçirirlər. "Kişi qadınını döyər də, sevər də" tipli aforizmləri elə Azərbaycan qadını kəşf edib. Əmin olun ki, belə ağır cümlələr qurmaq biz kişilərin başına görə deyil.

Azərbaycan qadını narahat olduğu, əzildiyi, təhqir olunduğu yeri tərk etməyi bacarmır. Azərbaycan qadının özünü müdafiə etməyə cəsarəti çatmadığı üçün bu məsələdə də kişiləri günahkar görür, ailə, qohum-qardaş basqısından şikayətlənir. Oysa, şərtlər nə olur olsun, qadın əzildiyi, alçaldığı yerdə qalmamalıdır. Etiraz etməyi, şəxsi həyatındakı azadlığı qorumağı, müdafiə etməyi bacarmalıdır. Sosial şəbəkələrdə xalqa dərs keçmək, başqalarına öyüd vermək asandır. Vacib olan, şəxsi həyatında dediklərini tətbiq etməkdir.

Azadlıqdan danışan "kölələr" təhlükəlidir həm də...

Bəli, mən razıyam ki, qadının ictimai həyatdakı obrazı, duruşu, fikirləri önəmlidir. Qadın söz sahibi olmalı, yeri gələndə naqisliklərə barmaq silkələməyi bacarmalı, həmcinslərini müdafiə etməlidir. Amma qadın hamıdan əvvəl özünü müdafiə etməli, şəxsi həyatını nizama salmalıdır.

Mənə çatmır, "nervinni" kişiləri sevirsinizsə, hər fürsətdə fəlsəfi-psixoloji hücumlarınızla sakit, mədəni, kübar kişilərin həyatını niyə qaraldırsınız?

"Qadın nə istəyir?" sualına cavab tapa bilməyən Freudun acizliyini anlayıram.

Bəlkə də, "Qadının yanına gedəndə qamçını unutma" deyən Nitsşe haqlı imiş....

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR