BP və tərəfdaşları Azərbaycanda sahibkarlığın inkişafı proqramının müddətini 2 il uzadıb

BP və tərəfdaşları Azərbaycanda sahibkarlığın inkişafı proqramının müddətini 2 il uzadıb
11:47 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ BP və onun Azərbaycandakı layihələrdəki tərəfdaşları 2007-ci ilin iyun ayından həyata keçirilməkdə olan sahibkarlığın inkişafı proqramını genişləndirməklə müddətini 2 il uzadıb. 
"Report" xəbər verir ki, proqramın yeni müddət üçün təqdimat mərasimində "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin bu ildən yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, 2 il müddətində layihə üçün 1 mln. ABŞ dollarından çox vəsaitin ayrılması nəzərdə tutulub. O qeyd edib ki, bu mərhələdə proqramı yerli şirkət olan "Ekvita" MMC həyata keçirəcək. 
"Bu proqram yerli şirkətlərin və biznesin dəstəklənməsinə yönəlmiş bütün səylərimizin əsas xəttini təşkil edir. 2007-ci ildə başladığı vaxtdan bu proqramda iqtisadiyyatın müxtəlif sahələrini və sektorlarını təmsil edən təxminən 2 000 yerli kiçik və orta müəssisə iştirak edib. Onlardan təxminən 200-ü tam kursu bitirərək artım, inkişaf və təkmilləşmə vasitəsilə yüksək nəticələrə nail ola bilmək yollarını və bacarıqlarını öyrənib. Proqramda iştirak etmiş şirkətlərin bəziləri həqiqətən də öz inkişafları üçün ciddi səylər göstərib və bu səylər nəticəsində BP-nin əməliyyatçısı olduğu layihələr də daxil olmaqla çoxsaylı sifarişçilərlə dəyəri yüz milyonlarla dollar olan müqavilələr imzalanıb", - deyə şirkət rəsmisi qeyd edib. 
B.Aslanbəyli əlavə edib ki, BP və tərəfdaşları əməliyyat və layihələrində yeli şirkətlərin iştirakının artmasında maraqlıdır: "Regional startegiyamızda həmişə digər çoxsaylı məqsədlərlərlə yanaşı aydın bir xətt olub - Azərbaycandakı şirkətlərin biznesini inkişaf etdirməsi səylərinə dəstək olmaq. Buna görə də, bu gün qarşısına daha geniş məqsədlər qoyaraq müddətini uzatdığımız bu proqram iqtisadiyyatın bütün sahələrini təmsil edən yerli biznes və şirkətlərə öyrənmək, öz bacarıq və potensialını artırmaq və təkmilləşməyə yönəlmək üçün gözəl imkanlar yaratamaqda davam edəcək. Bu, həmçinin beynəıxalq standartlara çatmaq və neft-qaz sənayesi daxil olmaqla bütün fəaliyyət sahələrində təchizat müqavilələri üçün rəqabət aparmaq imkanı yaradır". 
"Ümid edirik ki, ümumilikdə bu yeni mərhələdə proqram Azərbaycanın iqtisadi bazasının və yerli müəssisələrin potensialını genişləndirməklə onların həm yerli bazarda, həm də bütün Xəzər regionunda rəqabət apara bilməsinə töhfə verən effektiv bir vasitə olmaqda davam edəcək", - deyə şirkətinin vitse-prezidenti əlavə edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı üçün dövlət tərəfindən görülən tədbirlərdən danışıb. O, həmçinin əlavə edib ki, Nazirlik BP və tərəfdaşlarının dəstək olduğu bu proqrama töhfə vermək üçün əlindən gələni edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bp-ve-terefdaslari-azerbaycanda-sahibkarligin-inkisafi-proqraminin-muddetini-2-il-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR