Elçin Mirzəbəyli: “Rus dilində təhsil alanların sayı 90-na çatanda sevinəcəm”

Elçin Mirzəbəyli: “Rus dilində təhsil alanların sayı 90-na çatanda sevinəcəm”
13:23 28 Noyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Bunu necə arqumentləşdirmək olar? Dövlət dilimiz Azərbaycan dilidir. Bu, Konstitusiyanın tələbidir və istər təhsil, istərsə də digər istiqamətlərdə həyata keçirilən siyasət ana qanunumuzun tələbinə uyğunlaşdırılmalıdır”.

Publika.az
xəbər verir ki, bu barədə bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli deyib.

O, rus dilinin geniş yayılması ilə bağlı deyilənlərə də münasibət bildirib.

“Bəziləri deyəcək ki, “rus dilində təhsil daha keyfiyyətlidir...”. Əgər belədirsə, Azərbaycan dilində təhsili daha keyfiyyətli edin. Buna kim mane olur? Bir başqaları da Azərbaycanda rus dilində təhsilin yayğın olmasını Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirəcək, bunun Rusiyanın ictimai rəyinə təsir göstərmək üçün vacib olduğunu deyəcəklər. Yəni, rus dilinə olan münasibət Rusiyanın ictimai rəyinə təsir göstərəcək, “ictimai rəy” isə öz növbəsində Rusiyanın dövlət siyasətinə. Və dövlət siyasətini yürüdənlər günün birində Ermənistanı himayə etməkdən əl çəkəcəklər.
Əvvəla onu qeyd edim ki, Rusiyada ictimai rəy deyilən bir anlayış yoxdur, olsa da, dövlət siyasətinə təsir etmək gücündə deyil. Yəni, əgər biz proseslərin arzularımızın ssenarisi üzrə inkişafını istəyiriksə, o zaman ilk növbədə Rusiyanın ictimai rəyini formalaşdırmalıyıq və oturub gözləməliyik ki, bu “ictimai rəy” nə zaman dövlət siyasətinə təsir etmək gücünə sahiblənəcək”, - deyə o qeyd edib.

E.Mirzəbəyli vurğulayıb ki, Rusiyada dövlət maraqları hər zaman bütün digər amillərdən öndə dayanıb və bu reallıq rus insanının genetik yaddaşında oturuşduğu üçün heç zaman dəyişməyəcək: “Ona qalarsa, rəsmi statistikaya görə, Ermənistanda cəmi 6 rus məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan şagirdlərin sayı heç 2 min nəfərə çatmır. Vladimir Jirinovski isə hələ 2015-ci ildə verdiyi açıqlamalardan birində deyir ki, ermənilər yalan danışırlar, Ermənistanda, ümumiyyətlə, rus məktəbi yoxdur. Amma gördüyümüz kimi, Ermənistanda rus dilinə olan münasibət Rusiyanın Ermənistana olan münasibətinə təsir göstərməyib.
Başqalarını bilmirəm, amma mən Azərbaycanda rus dilində təhsil almaq istəyənlərin sayı ən azı 90 nəfərə çatanda daha çox sevinəcəyəm.

Bununla yanaşı, rus dilinin və digər xarici dillərin yüksək səviyyədə tədris olunmasının, Azərbaycan gənclərinin bir neçə xarici dil bilməsinin tərəfdarı olduğumu xüsusi vurğulamaq istəyirəm. Mənə elə gəlir ki, rus dilində təhsil alanların statistikasını diqqətdə saxlamaqdansa, xarici dillərin tədrisi üçün xüsusi proqramların hazırlanmasına, xarici dil öyrənilməsinin hər kəs üçün əlçatan olmasına çalışmalıyıq”.

BAXCP rəsmisi bütün bunların subyektiv fikri olduğunu və bir vətəndaş kimi mövqeyini ifadə etdiyini də əlavə edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR