Melkonyana qoyulan abidə azərbaycanlıları ayağa qaldırdı - ŞƏRHLƏR

Melkonyana qoyulan abidə azərbaycanlıları ayağa qaldırdı - ŞƏRHLƏR
14:28 28 Noyabr 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub. Belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib.

Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub.

Ötən əsrin 90-cı illərində Qarabağda, o cümlədən Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın da aralarında olduğu erməni terrorçularına qardaş Türkiyədə abidənin qoyulmasını necə qarşılamaq olar?

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Fazil Mustafa Publika.az bildirib ki, bu abidələr Türkiyədəki bəzi ermənipərəst qüvvələrinin fəaliyyətinin nəticəsidir. Onun sözlərinə görə, bu, Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək üçün edilir: "Bunu PKK terrorçuları da, ermənilər də ediblər. Ona görə də bu məsələdə Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət edərək mənfi halların aradan qaldırılması üçün bu faktları Türkiyə ictimaiyyəti və rəhbərliyin diqqətinə çatdırmalıyıq”.

Millət vəkili hesab edir ki, münasibətlərdə bu kimi hadisələrin şişirdilməsinə ehtiyac yoxdur. Fazil Mustafa məsələnin həmkarlarının da diqqətinə çatdırılacağını vurğulayıb.

Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı hesab edir ki, bu hadisənin başında “erməni acılımı”nı (Ermənistanla əlaqələrin normallaşması və sərhədlərin açılması –red.) istəyənlər dayanır: “Bununla əslində, ən böyük pisliyi həm erməni, həm də türk xalqına edirlər. Bu, erməni diasporunun və Türkiyəni bölüb parçalamaq istəyənlərin işidir. Əgər Tuncelidə belə bir şeyə icazə veriblərsə, bu, onların ayıbıdır. Özünə türk deyən kimsə bunu qəbul etməz. Tuncelidə PKK və FETÖ terror təşkilatlarının içində olanların çoxu erməni kökənlidir. Belə bir abidənin qoyulmasına da əslində, təəccüblənməmək lazımdır. Təccübləndiyimiz odur ki, abidə barəsində bir yazarın yazmasından sonra bəlli olur. Ola bilməz ki, valinin və bələdiyyənin xəbəri yoxdur. Bələdiyyə sədri onsuz da PKK-lıdır, HDP-dəndir. Amma vali dövlətə bağlıdır. Valinin bundan xəbərinin olmaması mümkün deyil. Xəbəri olub susublarsa, bu, dövlətə və vətənə xəyanətdir. Yəqin ki, Türkiyə dövləti buna görə onlardan hesabat istəyər”.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, mövzu barədə Türkiyə ictimaiyyətində rəy formalaşdırılmalıdır. Müsahibimiz hesab edir ki, bizim azərbaycanlılar olaraq Türkiyə mediasında ermənilərdən zəif olmağımız bir gerçəklikdir.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bu abidənin ucaldılmasında iştirakı olanların özlərini də terrorçu adlandırıb.

Millət vəkili hesab edir ki, hadisə barəsində hüquq mühafizə orqanları müvafiq araşdırma aparmalıdır. Asim Mollazadə qeyd edib ki, məsələni türkiyəli həmkarlarla da danışmaq lazımdır: “Bu, Türkiyə dövlətinə zidd addımdır. Türkiyə dövləti bu təxribatın qarşısını ala biləcək qədər güclüdür. Türk həmkarlarımız da mənimlə eyni fikirdədir”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/177645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR