“Erməni terrorçusuna abidə qoymaq ASALA-nın şəhid etdiyi
türk diplomatlara, eyni zamanda, Azərbaycanın Qarabağ şəhidlərinə
təhqir və hörmətsizlikdir”.
Bu barədə Publika.az-a açıqlamasında Beynəlxalq
Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri
Göksal Gülbey Türkiyənin Tunceli vilayətinin Nizamiyə əyalətinə
bağlı Aşağıdoluca kəndində başda Monte Melkonyan olmaqla ASALA-a
terrorçularına abidə qoyulmasına münasibət bildirərkən deyib.
G.Gülbey bu ilin aprelində açılışı edilən abidənin üzərində
yazılanlara diqqət çəkib.
“Qondarma abidənin üzərində belə yazılıb: “Erməni soyqırımını
lənətləyirik. Armen Bakırcıyanı və Hrantı anırıq. Yüzüncü ilində
erməni soyqırımı davam edir”. Bununla yanaşı, ASALA və PKK
terrorçularından Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan,
Kevork Çavuş, Monte Melkonyan, Andranik Uzunyanın adları qeyd
olunub. ASALA terror təşkilatının liderlərindən olan Monte
Melkonyan 1993-cü ildə Qarabağ müharibəsində erməni milislərinin
komandiri olaraq iştirak edib. 1980-ci ildə ASALA terror
təşkilatının üzvü olaraq Avropada türk diplomatları şəhid edib. Bu
qatillərin adlarının yazıldığı abidə bölgədə HDP və DBP
bələdiyyələrinin kimlərlə əməkdaşlıq etdiklərinin, həmçinin, “Böyük
Ermənistan” ideyasına xidmət etməsinin sübutudur”, - deyə o
vurğulayıb.
ASİMDER rəhbəri qeyd edib ki, erməni lobbisi təkcə xaricdə yox,
Türkiyənin içində də separatçı qruplarla birgə təxribat planları
qurur: “Erməni lobbisi bir tərəfdən “Türkiyədə erməni və azlıqlara
təzyiqlər artır” təbliğatı aparır, digər tərəfdən içəridə
ayağımızın altını qazır. Türkiyə Ermənistanda ASALA terror
təşkilatına abidələrin qurulmasına qarşı çıxaraq, bir çox
platformada bu məsələni dilə gətirsə də, ölkəmizdə terrorçular üçün
abidənin ucaldılması sakitcə müşahidə olunur. Hər şeydən əvvəl
Xarici İşlər Nazirliyi bu qondarma abidəyə qarşı çıxaraq, şəhid
diplomatlarımıza qarşı edilən hörmətsizliyə göz yummamalıdır.
Daxili İşlər Nazirliyi və Tunceli valiliyi də buna son qoymalıdır.
Terror təşkilatları ilə mübarizəyə başladığımız bir vaxtda bu
terrorçuların adına abidənin qoyulmasına icazə verilməməlidir”.
G.Gülbey bu məsələ ilə bağlı Türkiyə prezidentinə və Baş nazirə
müraciət edəcəklərini açıqlayıb.
“Bu qondarma abidənin sökülməsini və bunu edənlərin cinayət
məsuliyyətinə cəlb olunmasını istəyirik”, - deyə o, diqqətə
çatdırıb.
Asif