Hökməlidə qaz partlayışında ailəsini itirən qız evə buraxıldı

Hökməlidə qaz partlayışında ailəsini itirən qız evə buraxıldı
16:22 28 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan, 4 nəfərlik ailənin sağ qalan yeganə üzvü Leyla Qurbanlı xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının şöbə müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, L.Qurbanlının səhhəti tam normallaşıb və o, evə yazılıb: "Vəziyyəti tam normaldır. Müayinə edildi və evə yazıldı. Tam sərbəst hərəkət edir və səhhətindən heç bir şikayəti yoxdur. Hazırda onun ambulator müayinəsi davam edir".

Xatırladaq ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin məsul əməkdaşı Müşviq Qurbanovun evində qaz sızmasından partlayış baş vermişdi. Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan ev sahibi, 44 yaşlı M.Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Ş.Novruzova və övladları - 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilmiş, 3 yaşlı Banuçiçək Qurbanlı isə dünyasını dəyişmişdi. Hadisədən bir neçə gün sonra M.Qurbanov və xanımı Ş.Novruzova da Türkiyədəki klinikalardan birində dünyasını dəyişmişdi. Ailənin sağ qalan yeganə üzvü L.Qurbanlının isə müalicəsi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsində davam etdirilirdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR