"Bizi çətin oyun gözləyir" - “Qəbələ”nin kapitanı

"Bizi çətin oyun gözləyir" - “Qəbələ”nin kapitanı
16:39 28 Noyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin kapitanı Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- Sabah Topaz Premyer Liqanın XIII turunda “Qarabağ”la qarşılaşacaqsınız. Rəqib avrokubok oyununda gözlənilmədən böyük hesablı məğlubiyyətlə barışmalı olub. Bu, tərəzinin tarazlığını poza bilərmi?

 

- “Qarabağ” Avropa komandalarının heç birindən geri qalmır. Bu baxımdan bizi çətin oyun gözləyir. Çempionluq uğrunda mübarizədə ən çətin oyunlarımızdan biri, hətta deyə bilərəm ki, birincisidi.

 

- Birinci dövrədəki görüşdə qələbə qazanmağınız hətta mətbuatda da ajiotaj yaratdı. Həmin vaxt “Qəbələ”nin çempion olacağı deyilirdi. İndi isə xallar bərabərdi. Rəqibin həmin yenilginin revanşını alacağından ehtiyatlanmırsınız?

 

- Revanş deyəndə, “Qarabağ” da qələbə qazanmaq üçün mübarizə aparacaq. Meydana bu məqsədlə çıxacaqlar. Bu qarşılaşma “6 xallıq oyun” adlanır. Bunun revanşa heç bir aidiyyəti yoxdu. Hər iki tərəf qələbə qazanmaq üçün bütün gücünü səfərbər edəcək.

 

- Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın “Qəbələ”dən uğurlu çıxış etməsi necə, çempionat matçına təsir edə bilərmi?

 

- Avrokuboklarla çempionat fərqli yarışdı. Bunları bir-birinə qatmaq olmaz. Avropada hansı komandamızın qələbə qazanmasının fərqi yoxdu, çünki hər bir təmsilçimiz Azərbaycanının idman şərəfini qoruyur. “Qəbələ”nin qrup mərhələsinə yüksəlməsi də elə ölkəmizin adına uğurdu.

 

- “Anderlext”lə matçda meydana çıxmadınız. Düşünmək olarmı ki, baş məşqçi sizi “Qarabağ”la oyun üçün qoruyur?

- “Anderlext”lə qarşılaşmadan əvvəl baş məşqçi müsahibəsində bəzi futbolçuları “Qarabağ”la oyuna saxlayacağını açıqlamışdı. Bunun nə dərəcədə belə olub-olmadığını oyun zamanı biləcəyik.

 

- Birinci dövrənin sonunda “Qarabağ”la xal fərqini xeyli artırmışdınız. Amma indi hər iki komandanın xal ehtiyatı eynidi. “Qəbələ”də eniş çox davam edəcək?

- Eniş müşahidə olunmur. Son matçlarda da qələbə qazanırıq. Bəzi qarşılaşmalar oldu ki, heç-heçə etdik. Bu da süni örtüklə bağlıdı. Fikir verin, “İnter”, “Sumqayıt” və AZAL bu cür örtükdən istifadə etdiyinə görə, onlarla matçlarda xallar itirdik. Süni meydançada oynamaq ağırdı. Buna rəğmən, çalışacağıq mübarizəmizi sona qədər davam etdirək.

 

- Avropa Liqasında və çempionat matçlarında fərqli heyətlərdən istifadə edilir. Limitin necə, oyununuza təsiri varmı?

- Deməzdim ki, təsir böyükdü. Çünki yerli futbolçularımız legionerlərdən heç də geri qalmırlar. Hər biri çempionat görüşündə meydana çıxa, komandaya kömək edə bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR