Musiqili Teatrda sürpriz

Musiqili Teatrda sürpriz
16:42 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza atıb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, Dövlət Musiqili Teatrı Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birlikdə yeni layihəyə start verib. Layihəyə əsasən, Musiqili Teatrda tamaşalar nümayiş olunan və tədbirlər keçirilən gün hər dəfə tamaşalardan öncə və fasilə zamanı teatrın foyesində Bakı şəhərinin müxtəlif musiqi məktəblərinin şagirdləri olan prezident təqaüdçüləri tamaşaçılara öz ifalarını təqdim edəcəklər.

Layihənin icrasına Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, dövlət mükafatı laureatı, xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsində - 24 noyabr 2016-cı il tarixində başlanılıb. Rauf Hacıyev adına 15 saylı 11 illik musiqi məktəbinin şagirdləri Jalə Mayılova və Emil Əhmədzadənin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. J. Mayılova və E. Əhmədzadə F. Bədəlbəylinin "Dəniz", T. Quliyevin "Qaytağı", S. Raxmaninovun "Musiqi anı", Şopenin "Ekspromt fantaziya" və başqa əsərləri fortopianoda uğurla ifa ediblər. Yeniyetmə pianoçuların bənzərsiz ifaları yubiley gecəsinə toplaşanları valeh edib, onların hər çıxışı alqışlarla qarşılanıb. Qeyd edək ki, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində təhsil alan Emil Əhmədzadə və Jalə Mayılova prezident təqaüdçüləridir və adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb. Azərbaycan Dövlət Musiqili Teatrının tamaşaçıları bundan sonra gülüş dolu tamaşalarla yanaşı, həm də tamaşa öncəsi ölkəmizin gələcəyi sayılan istedadlı uşaqların maraqlı proqramlarını izləyə biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/493867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR