Gəncənin tarixi qonaqları: İspan pilotlarının nəvələri - VİDEO - REPORTAJ

Gəncənin tarixi qonaqları: İspan pilotlarının nəvələri - VİDEO - REPORTAJ
20:22 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Avropanı qəfil bürüyən faşizmin İspaniyaya da yayılması ilə bu ölkədə 1936-cı ildən alovlanan vətəndaş müharibəsində respublika quruluşunu müdafiə edən qüvvələrə kömək edən Sovet dövləti onlar üçün SSRİ-nin bir sıra yerlərində hərbi hazırlıq məktəbləri yaratmışdı. O vaxt Kirovabad adlanan Gəncədə də ispan respublikaçıları üçün hərbi təyyarəçilər məktəbi açılmışdı.

Milli.Az APA TV-yə istinadən bildirir ki, fəaliyyət göstərdiyi 1936-1939-cu illər ərzində 200 nəfərədək ispan kursant burada təyyarəçi kimi yetişib. 1936-cı ildə İspaniyada faşistlər hakimiyyəti ələ aldıqdan sonra ispan təyyarəçilərin bir hissəsi SSRİ-də qalıb və İkinci Dünya müharibəsi cəbhələrində vuruşublar.

Öz igid ata-babalarının qəhrəmanlıqlarının sorağı ilə İspaniyadan onların övladları və yaxınları bu gün Gəncəyə gəliblər. Bu səfər İspaniya Respublikaçı Təyyarəçilər Assosiasiyasının xətti ilə təşkil olunub. Qonaqlar şəhərin orta məktəblərinin birində Kirovabad Təyyarəçilər Məktəbinin ispan müdavimləri və onların döyüş yolunu əks etdirən yeni muzeyin açılışında iştirak edib, ata-babalarının qəhrəmanlıq salnaməsi ilə yaxından tanış olub və öz kövrək təəssüratlarını bölüşüblər.
 
Mersedes Kaldeviya, ispan təyyarəçinin qızı: "Mən arzu edirdim ki, atamın - kapitan Xuan Karlos Kaldeviyanın döyüşçü kimi hazırlıq gördüyü yerlərdə olum. Bu gün arzum gerçəkləşir. Burda bizi bir ailənin üzləri kimi, qardaş-bacı kimi qarşılayırlar. Bu doğmalıq bizi çox ruhlandırdı".
 
Nelita Martines Forros, ispan təyyarəçinin qızı: "Atam 1938-ci ilədək Gəncədə təlim görüb. Sonra bir müddət Moskvada yaşadıq. Müharibə düşəndə o, cəbhəyə getdi. 1945-ci ilin martında Macarıstanda həlak oldu. Anam isə rusdur. O, Gəncə təyyarəçilər məktəbində tərcüməçi işləyib. Bu yaxınlarda vəfat edib. Biz Madriddə yaşayırıq. Burada hiss edirik ki, insanlar bizə qarşı necə həssasdırlar. Bu muzey də çox dəyərlidir".
 
Agelino Montaniya, İspaniya Respublikaçı Təyyarəçilər Assosiasiyasının sədri: "Burada gördük ki, xalqınız çox qonaqpərvər və açıq ürəklidir. Bizə də belə münasibət göstərilir. Biz minnətdarlığımızı bildiririk".
 
Sonra qonaqlar Gəncə Təyyarəçilər Məktəbində təlim görən pilotlardan həlak olanların uyuduğu Fəxri xiyabana üz tutublar. Fəxri xiyabandakı pilotların Xatirə abidəsi və qəbirləri üzərinə əklil və gül-çiçəklər düzülüb. İspan qonaqlar faşizmlə müharibənin müxtəlif cəbhə istiqamətlərində həlak olan təyyarəçilərin adları yazılmış lentləri də Gəncədəki abidənin üzərinə səriblər. Burada yaxınlarının və onların dostlarının qəbrini tapanlar da olub.
 
Luis Mantaxano, ispan təyyarəçinin oğlu: "Burada atamın dostu, Françesko Fernandes Fonsun qəbri var. Atamın hazırda 97 yaşı var. Gedib ona deyəcəyəm ki, dostunun qəbrini tapmışam. O, əlbəttə, çox sevinəcək və kövrələcək".
 
Onu da əlavə edək ki, İkinci Dünya müharibəsi zamanı Sovet Ordusunda xidmət edən ispan pilotlar Moskva, Odessa, Stalinqrad ilə yanaşı, Bakının hava hücumundan müdafiəsində də iştirak ediblər və onlardan 25 nəfəri döyüş şəraitində həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR