Tütünlə mübarizədə beynəlxalq və dövlət dəstəyi

Tütünlə mübarizədə beynəlxalq və dövlət dəstəyi
10:05 29 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Siz bilirsinizmi ki, tütün tüstüsünün təsiri nəticəsində böyüklərin hər on nəfərindən biri, yəni ildə təxminən 6 milyon insan dünyasını dəyişir. Bunlardan 10%-i passiv tütünçəkəndir, yəni çəkən insanların tütün tüstüsü ilə nəfəs alanlardır. Dünya tədqiqatları göstərir ki, bütün ölüm hallarının 63%-i qeyri-infeksion xəstəliklərin payına düşür ki, bunların əksəriyyəti tütün tüstüsünün təsiri səbəbindən baş verir. Belə halda 21-ci əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. ÜST hesablamalarına əsasən, dünyada 700 milyon uşaq (dünya uşaqlarının, demək olar ki, yarısı) tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, hər il ən azı 200 000 insan iş yerində məruz qaldıqları tütün tüstüsünün təsiri nəticəsində həlak olurlar.

Tütün epidemiyası - dayanaq, yoxsa dayandıraq?

Üçüncü minilliyin başlanğıcında tütünçəkmə artıq dünyanı bürümüş qlobal problemlərdən birinə çevrilərək "tütün epidemiyası" ilə mübarizədə beynəlxalq səviyyədə səylərin gücləndirilməsini tələb edir. İctimaiyyətin diqqətini bu problemə cəlb edilməsi üçün aparılan tədbirlər isə bu gün də aktuallığını itirməyərək uzun illərdir ki, dünya miqyasında davamlı şəkildə aparılır. Belə ki, 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən Beynəlxalq Tütünçəkmədən İmtina Günü təsis edilərək hər il noyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunmağa başlandı. 1988-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdir. Həmin dövrdən başlayaraq hər il Ümumdünya Tütünsüz Gününün mövzusu tütünlə mübarizənin bir probleminə yönəldilir.

Çərçivə Konvensiyası - tarixə nəzər

Milli.Az bildirir ki, 1995-ci ildə Ümumdünya Səhiyyə Assambleyasının 48-ci sessiyasında tütünlə mübarizəyə dair beynəlxalq sənədin yaradılması ideyası gündəmə gəldi və artıq 1999-cu ildə Çərçivə Konvensiyasının üzərində iş başlandı. 21 may 2003-cü ildə isə Çərçivə Konvensiyası Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qəbul edildi və 16 iyun 2003-cü ildə bu sənəd ölkələr tərəfindən imzalanması üçün açıq elan edildi. 29 noyabr 2004-cü il Konvensiyanı 40 ölkə ratifikasiya etdi ki, bu da onun qüvvəyə minməsi üçün tələb olunan say idi. Beləliklə 27 fevral 2005-ci ildə Konvensiya qüvvəyə mindi və həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biri oldu. Dünyanın 180 ölkəsinin imzaladığı Tütünə qarşı mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasına Azərbaycan 2005-ci il noyabrın 1-də qoşuldu.

Çərçivə Konvensiyası nə təklif edir?

Çərçivə Konvensiyası tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşmasıdır ki, ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər- hansı formada reklamını qadağan edir. Çərçivə Konvensiyasının əsas müddəaları tütünə tələbatın, eləcə də tütün məmulatlarının təchizatının azaldılmasıdır. Sadalamaq artıq olmaz ki, sənəddə qiymət və vergi artımı tədbirləri, tütün tüstüsünün təsirindən qorunma, tütün məmulatının tərkibinin nizamlanması və açıqlanması, onun qablaşdırılması və markalanması, maarifləndirmə, tütün məmulatının reklamı, satışın stimullaşdırılması və sponsorluğuna qadağaların tətbiqi, tütündən asılılıq və tütündən istifadənin dayandırılması ilə bağlı tələbatın azaldılması tədbirləri, tütün məmulatının qeyri-qanuni ticarəti, tütün sahəsinə alternativ olan fəaliyyətin dəstəklənməsi, tütünlə mübarizə sahəsində ictimai səhiyyə siyasətinin tütün sənayesinin maraqlarından qorunması, ətraf mühitin qorunması, beynəlxalq əməkdaşlıq, hesabat və məlumat mübadiləsi öz əksini tapıb. Vacib bir məqam odur ki, Konvensiyanı həyata keçirmək üçün Tərəflərə yardım etmək məqsədi ilə Konvensiyanın maddələrinə dair rəhbər prinsiplər hazırlanır. Beləliklə, Konvensiyanın 3-cü maddəsinin sözləri ilə desək, məqsəd tütündən istifadənin yayılmasını və tütün tüstüsünün təsirini müntəzəm və əhəmiyyətli dərəcədə azaltmaqla indiki və gələcək nəsilləri tütündən istifadənin və tütün tüstüsünün insan sağlamlığı üçün dağıdıcı təsirindən, habelə sosial, ekoloji və iqtisadi nəticələrindən qorumaqdır.

Tütün tüstüsü təhlükə törətməkdə davam edir

Tütün çəkənlərin sayının artım dinamikası narahatlıq doğurmaqla yanaşı, ictimai yerlərdə, məsələn, ofis binalarında, kafe və restoranlarda siqaret çəkildikdə ətrafdakılar özgəsinin tütün tüstüsünü udmaqla passiv tütünçəkməyə məruz qalırlar. Son illər Avropa ölkələrində tütünçəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür. Bu tədbirlər əhalinin passiv siqaretçəkmədən xilas olunmasına yönəldilib. Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədini daşıyır. Siqaret çəkməyə aludəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir. Yeniyetmələr adətən özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu ata bilmirlər. Gənclər əsasən bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edirlər. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir. Yanan siqaret kimyəvi fabrikə bənzəyərək, 4 mindən çox müxtəlif birləşmə, o cümlədən 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir. Düzdür, çoxları bilir ki, siqaret çəkmək zərərlidir, lakin az adam bunun təhlükələri barədə tam məlumatlıdır. Belə ki, siqaret çəkmək ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur: ağciyər xərçəngi - 90% hallarda; xroniki bronxit və emfizema - 75% hallarda; ürəyin işemiyası - 25% hallarda. Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25%-i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Heç nə narahat etmədiyinə görə, müəyyən dövrədək bir çox siqaret çəkənlər düşünür ki, tütün çəkmək heç də sağlamlığa təsir etmir. Lakin zaman ötdükcə bu yanlış fikir dağılır və tütünçəkmənin nəticəsi olaraq problemli və xəstəliklərlə yaşanan günlər gəlir. O zaman ilk yandırılmış siqaret xatırlanır və bu səmərəsiz məşğuliyyətdən vaxtında imtina etməməyə görə peşmanlıq hissi keçirilir. Həqiqətən, tütünçəkmə sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur.

Tütünlə mübarizə ölkəmizdə geniş dəstəklənir

2016-cı ilin iyun - oktyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən ayrılmış maliyyə yardımı ilə Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən "Sağlam gənclər - sağlam gələcək!" layihəsi uğurla baş tutmuşdur. Layihənin çərçivəsində Bakı şəhərinin 7 məktəbinin 8-10-cu sinif şagirdləri və onlara tədris edən müəllimlər arasında tütünçəkmənin və narkotik vasitələrinin zərərləri və insan orqanizminə hərtərəfli təsiri barədə maarifləndirmə tədbirləri aparılmışdır və eyni zamanda tütünlə əlaqəli sorğu keçirilmişdir.

Bakı şəhərinin 89/190 saylı məktəb, 23 saylı məktəb, 177 saylı məktəb, 26 saylı məktəb, 83 saylı məktəb, 114 saylı məktəb və 5 saylı məktəbdə keçirilən tədbirlər interaktiv şəkildə, maarifləndirici materiallar və təqdimatlar vasitəsilə maraqlı təşkil olunmuşdur. Həmin məktəblərdə tütünçəkmənin zərəri və insan orqanizminə hərtərəfli təsiri barədə 8-10-cu sinif şagirdləri arasında biliklərin qiymətləndirilməsi məqsədi ilə sorğu keçirmişdir. Sorğunun məqsədi şagirdlər arasında tütünçəkmənin zərəri və insan orqanizminə hərtərəfli təsiri haqqında bilik səviyyəsini müəyyən etmək və bu barədə təsəvvürləri haqqında məlumatlar əldə etmək, biliklərin 8-10-cu sinif şagirdləri arasında yayılmasının mövcud yollarını araşdırmaq və bu yollardan istifadə edilməsinin səmərəliliyini müəyyən etmək, şagirdlər arasında aparılan maarifləndirmə və profilaktika işinin təkmilləşdirilməsi üçün təkliflər işləyib hazırlamaq olmuşdur.

Tütünçəkməni tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır?

Dünya miqyasında tütün məmulatlarından istifadə geniş vüsət alsa da tütünlə əlaqədar baş verən xəstəlik və ölüm epidemiyasının qarşısını almaq hələ də gec deyil. Nə qədər ki dünya miqyasında, tütün məmulatlarından istifadənin genişlənməsi şəraitində tütünlə əlaqədar baş verən xəstəliklər və ölüm epidemiyası yüksək səviyyəyə çatmayıb, onu dayandırmaq mümkündür. Unutmayaq ki, ikincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtrlər, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. Yalnız siqaretçəkmədən tam azad olan yerlər effektli təhlükəsizliyi təmin edə bilər. Tütünçəkmənin güclü vərdiş və hətta asılılığın bir forması olduğuna baxmayaraq milyonlarla insanlar bu təhlükədən qurtula bilir. Siqaret çəkməkdən imtina etmək müəyyən proses olduğundan, insanın siqaret çəkməyə qarşı münasibətinin dəyişməsindən başlayır. Ona görə də hətta bir gün siqaret çəkməkdən imtina etmək sağlam həyat tərzi istiqamətində və bu təhlükəli vərdişlə mübarizədə ilk addım ola bilər, özünüzün və ətrafdakılarınızın sağlam həyatı naminə qələbə addımı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR