İkiüzlülük insanı xilas edir - MOTİVASİYA

İkiüzlülük insanı xilas edir - MOTİVASİYA
15:04 29 Noyabr 2016
172 Digər
Ölkə mətbuatı
A- A+

APA.TV-nin "Motivasiya" verilişinin budəfəki mövzusu "ikiüzlülük" olub. 
 
Cavid Zeynallı:
 
İkiüzlülük, riyakarlıq bütün mənəvi təlimlərin, dinlərin pislədiyi, insanları uzaq dayanmağa çağırdığı keyfiyyətdir. İkiüzlü adamlar cəmiyyətdə hər zaman qınaq yeri olub, insanlar bu keyfiyyətlərə malik kəslərdən uzaq dayanmağa çalışıblar. İkiüzlülük qorxudan yaranan hissdir. Eyni zamanda daha çox mənsəbə, hansısa bir mərtəbəyə çatmaq üçün istifadə edilir. Məhəmməd peyğəmbər riyakarlığı “kiçik şirk” adlandırıb. Yəni din bunu Allaha şərik qoşmaq kimi qiymətləndirir. İkiüzlü adamlar bir qayda olaraq həmişə öz fikir və əqidələrini gizlətməli olurlar. Əqidə və fikri daim gizlətmək cəhdi isə insanı psixi cəhətdən yorur. Belə adamlar bir qayda olaraq öz qüvvələrinə və imkanlarına deyil, başqasının mərhəmət və rəğbətinə güvənirlər. Bizim cəmiyyətdə bəzən ikiüzlülüyü fərasət, zirəklik kimi düşünürlər ki, bu da yanlış tərbiyə və anlayışlardan irəli gəlir. Deyir, həqiqət ikiüzlünü sevmir, ona görə ikiüzlü həqiqətsizliyi sevir. Qəribədir ki, bizim ikiüzlülük, riyakarlıq kimi qəbul etdiyimiz keyfiyyətləri bəzən uğurun başlanğıcı kimi dəyərləndirirlər. Məsələn, məşhur sosioloq alim Deyil Karneqi deyir ki, heç kimi tənqid etmə, çalış hamı ilə dost ol. Əslində, bu ikiüzlülüyün başqa adıdır, amma bunu uğurun başlanğıcı hesab edirlər. Yaxud, Karneqi deyir ki, sizin həmsöhbətiniz tamamilə haqsız ola bilər. Amma o, belə fikirləşmir. Ona görə də onu mühakimə etməyin.
 
Sevda Sultanova:  
 
İkiüzlülük bütün sahələrdə, hakimiyyətin idarə olunmasından tutmuş  ailə ortamına qədər neqativ tendensiyalar yaradır. Və bu, heç şübhəsiz ki, münasibətlərdə önəmli təməl prinsiplərini laxladır. Ona görə də bu anlayışın özü mahiyytəcə etik, əxlaqi, sosialdır.
Amma ikiüzlülüyü meydana çıxaran zəruri səbəblər də var. Ziqmund Freyd bunu “mədəni ikiüzlülük” adlandırırdı. Onun fikrincə, cəmiyyət insanları belə davranışa sürükləyir. Çünki  cəmiyyətin tələbləri var və hamını bunlarla ayaqlaşmağa məcbur edir. Sənin imkanların buna yol verir ya yox, bu, cəmiyyəti maraqlandırmır.
 
Azərbaycan kinosunda məcburi, mədəni ikiüzülülyün ən yaxşı nümunəsi Rasim İsmayılovun 1980-ci ildə çəkdiyi “Anın quruluşu” filmidir. Qəhrəman anasının könlü xoş olsun, onunla fəxr eləsin deyə, hamını guya Moskvada universitetdə oxuması ilə aldadır. O, tanışlarına, qohumlarına özünü yüksək statusu olan adam kimi sırıyır və rol oynayır. Yəni cəmiyyətin tələbi onu özü kimi olmaqdan imtinaya məcbur edir.
 
Ilqar Rəsul:
 
Amma bununla belə bəzi mütəxəssislər hesab edirlər ki, müəyyən situasiyalarda ikiüzlülük olar və lazımdır.
Çoxları düşnür ki, ikiüzlülük pis şeydir. Belə düşünənlərin bir qismi ətrafdakılara həqiqəti deyirlər. Amma bu həqiqət hər zamanmı onu eşidənlərə lazımdır? Əlbəttə ki, yox.
Yəni belə çıxır ki, ikiüzlülük təkcə ziyan gətirmir, həm də xilas edir. Çünki elə həqiqətlər var ki, öldürə bilir. Bu baxımdan ikiüzlülük müəyyən mənada ətraf mühitə xeyir gətirir.
Məsələn, axmağa "axmaqsan" demirik, çirkinə də həmçinin. Onlara bunun əksini hiss etdirərək davranmaqla özümüzə qarşı pozitiv emosiya yaradırıq. Bundan istifadə edib cəmiyyətə xeyir verə bilirk.
Əlbəttə ki, razılaşmamaq da olar, amma bu da bir yanaşmadır.
Amma əlbəttə ki, insanın həyatda öz sifəti olmalıdır və heç bir halda o sifəti dəyişkən duruma salmamalıdır. Çünki ikiüzlülük insanın şəxsiyyətini məhv edən əsas amillərdəndir.
  
Tam olaraq APA.TV-nin "Motivasiya" verilişində izləyin.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR