Konsul: Azərbaycanın müsbət təcrübələrini öyrənmək ABŞ üçün faydalı olardı

Konsul: Azərbaycanın müsbət təcrübələrini öyrənmək ABŞ üçün faydalı olardı
10:28 6 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

ABŞ Konqresinin nüfuzlu nəşrində Azərbaycanın Los Ancelesdəki baş konsulunun məqaləsi dərc olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ Konqresinin nüfuzlu “Roll Call” qəzetinin 5 yanvar 2015-ci il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub. “Dini tolerantlıq: təhlükəli dövrdə işləyə bilən modelin tapılması” başlıqlı məqalədə Azərbaycanın tarixi tolerantlıq ənənələrindən, hazırda ölkəmizdə müxtəlif dinlərin dinc şəraitdə birgə mövcudluğu üçün yaradılmış şəraitin bütün dünya dövlətləri üçün nümunə ola biləcəyindən bəhs edilir.

Müəllif bildirir ki, son illərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda İslam, Xristian və Yəhudi dinləri arasında münasibətlərin gələcəyinə dair bədbinlik hədsiz dərəcədə artsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir. Qeyd olunur ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əverişli mühit yaradılıb.

Baş konsul yazır: “Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin vətəni olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib... Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. Hətta əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. İkinci dünya müharibəsi zamanı faşizmdən canını qurtaran yəhudilər Azərbaycanda sığınacaq tapıblar”.

N.Ağayev həmçinin qeyd edir ki, məzhəblərarası nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanın şiə və sünniləri qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər.

Müəllif ümumiyyətlə, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və tərəqqisində siyasi hakimiyyətin iradəsinin əvəzsiz olduğuna diqqət çəkərək bildirir: “Azərbaycanın dövlət rəhbərliyi daim ölkədə qədim tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edib. Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. O cümlədən, müxtəlif dini etiqadlar üçün yeni mədəniyyət mərkəzləri inşa olunmaqda, hər üç dinə mənsub olan qurumlara dövlət vəsaitləri ayrılmaqdadır”.

Sonda diplomat yazır: “Bu uğurlu nümunədə ABŞ da maraqlı olmalıdır. Belə ki, dünyəvi, tolerant və inkluziv keyfiyyətlərə malik olan Azərbaycan böhranla üzləşən bölgə üçün həlledici önəm daşıyır. Regionda artan təhdidlərlə bağlı ABŞ Konqresində aparılan müzakirələr zamanı, Azərbaycan kimi dini azadlıqları təşviq edən və ekstremizmlə mübarizə aparan ölkələrin müsbət təcrübələrini öyrənmək faydalı olardı. Konqres Amerikanın tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın dinlərarası harmoniya modelini işlək nümunə kimi nəzərdən keçirərək, dünya ölkələrini bu modelin tətbiqinə səsləməlidir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2350099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR