Ömrünün 50 ilini təhsilə işıq tutan FƏDAİ

Ömrünün 50 ilini təhsilə işıq tutan FƏDAİ
20:32 29 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Həyatda nadir insanlara qismət olur ki, həm şəxsiyyət kimi mükəmməl, həm də alim, ziyalı kimi dünyada, cəmiyyətdə böyük nüfuza sahib olsunlar. Etiraf edək ki, həqiqətən də, bu iki amili bir arada birləşdirmək güclü xarizması olan insanların taleyinə yazılır. Bu cür keyfiyyətlərə malik insanlardan biri də həmmüasiri olduğumuz mükəmməl insan, ali şəxsiyyət, əsl ziyalı, alim, III və IV çağırış Milli Məclisin deputatı, "Odlar Yurdu" Universitetinin rektoru, "Şöhrət" ordenli, professor Əhməd Vəliyevdir. Əhməd müəllimi tanıyanlar bilir ki, onun mükəmməl şəxsiyyəti və böyük ziyalı nüfuzu, onu sözün həqiqi mənasında, bir şəxsiyyət olaraq tam olaraq bütövləşdirib.

Bir alim kimi deyə bilərəm ki, Əhməd müəllimin alimliyində də iki detal bir arada birləşib. Belə ki, o, əmək fəaliyyətinə riyaziyyatçı kimi başlasa da, sonrakı fəaliyyətində elmi məşğuliyyəti ilə pedaqoji fəaliyyətini bir vəhdətə gətirə bilmişdir. Bu qeyd edilən mükəmməlliklər isə Əhməd müəllimin daim həyat yolunda kamillik zirvəsinə doğru getdiyini göstərir. Məşhur yunan filosofu böyük Aristotel də əsərlərinin birində qeyd edir ki, insan yaranışında bütöv olub, amma nə zamansa bu ali varlıq Allahın qəzəbinə tuş gələrək ikiyə bölünmüşdür: görünən və görünməyən. Görünən insan yaşadığı ömür aralığımda görünməyən yarısını axtarır, izinə düşür, onunla qovuşduğu anda isə bütövləşə bilir və bundan sonra tamlaşaraq kamilliyə doğru gedir. Mən, sözün həqiqi mənasında, tam məsuliyyətimlə deyə bilərəm ki, Əhməd müəllimin şəxsiyyəti, alimliyi, pedaqoqluğu, ictimai-siyasi fəaliyyəti, rəhbər idarəetməsi ilə bu və ya digər formada tanış olduqca onun həyat yolunda əldə etdiyi böyük təcrübələr bu insanın daxili dünyasının zənginliyindən xəbər verir. Bəli, böyük Aristotelin nəzəriyyəsinə əsaslansaq, görə bilərik ki, gənc yaşından ağsaqqalıq missiyası daşıyan, müdrik insan, qayğıkeş rəhbər Əhməd müəllim öz 70 illik həyat yolunda özünü təsdiq etmiş kamil insandır.

Məlumdur ki, riyaziyyat elmlərin şahıdır. Riyaziyyatçıların təfəkkürləri digərlərindən daha iti, məntiqləri isə daha güclü olur. Məhz bu xüsusi ixtisas keyfiyyərlərinə görə də Əhməd müəllim hansı işi görürdüsə, onu mükəmməl formada icra etmiş və uğurla sona yetirmişdi. Hətta Əhməd müəllimin ölkəmiz üçün olduqca çox böyük əhəmiyyəti olan yeni təhsil texnologiyalarının tətbiqindəki uğurlu nailiyyətləri Fransa İqtisadiyyatına Yardım Assosasiyasının diqqətini cəlb etmiş və onun bu nailiyyətləri Assosasiyasının qızıl medalına layiq görülmüşdür.

Hər zaman məni bir alim kimi təhsillə, elmlə bağlı qanun layihələrinin qəbul edilməsi maraqlandırdığından Əhməd müəllimin Milli Məclisin iclaslarındakı, Elm və Təhsil komitəsinin iclaslarındakı çıxışlarını izləmişəm. Onun dəfələrlə Elm və Təhsil komitəsinin üzvü kimi "Ali təhsil haqqında", "Elm haqqında" qanun layihələrinin parlamentin iş planına salınmasına çalışdığının şahidi olmuşam. Əhməd müəllim həmişə öz çıxışlarında deyib ki, biz hələlik ölkədə "Təhsil haqqında" ümumi çərçivə qanununu qəbul etmişik. Ancaq sahələr üzrə ayrı-ayrı qanunlar qəbul edilməlidir. Ona görə də Əhməd müəllim peşəkar təhsil bilicisi olaraq daha da dərinliklərə enərək ölkədə "Orta ixtisas təhsili haqqında", "Peşə təhsili haqqında" qanun layihələrinin də hazırlanmasını iddia edirdi. Əhməd müəllimin bu sahədə onlarca elmi, elmi-metodik məqalələri nüfuzlu beynəlxalq və yerli jurnallarda çap olunmuşdur. Ümumiyyətlə, yüzə yaxın elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin müəllifi olan professor Əhməd Vəliyev elm və təhsil sahəsində əldə etdiyi uğurlara görə Amerika Riyaziyyatçıları Cəmiyyətinin, Nyu-York Elmlər Akademiyasının üzvlüyünə, Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçilmişdir. Bir alim kimi təhsil və elm sahəsində böyük uğurlara imza atan professor Əhməd Vəliyevin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 noyabr 2016-cı ildə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə professor Əhməd Vəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır. Bu təltif Əhməd müəllimin elm-təhsil sahəsində həyata keçirdiyi uğurlu işlərə dövlət tərəfindən verilən ən dəyərli qiymətlərdən biri idi. Bəli, Əhməd müəllim 70 illik ömür yolunun 50 ilini elm, təhsil, mədəniyyət sahəsində çox dəyərli, gərəkli, vacib işlərə həsr etmişdir...

Əhməd müəllimi 70 illik yubiley münasibətilə böyük hörmət və ehtiram hissi ilə təbrik edib, ona bundan sonrakı həyatında da can sağlığı, xoşbəxtliklər və uğurlu elmi-pedaqoji fəaliyyət arzulayıram.

Yusif Alıyev

Fizika üzrə fəlsəfə doktoru, dosent 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR