Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Qubadlı, Zəngilan, Nardaran, Şuşa və Bakı məktəblilərinin "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində alimlərlə "Azərbaycan Ensiklopediyasına səyahət" adlı görüşü keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Fondun informasiya təminatı sektorundan verilən məlumata görə, müəllim və şagirdlərin iştirakı ilə təşkil olunmuş tədbirdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini professor Şaiq İbrahimov məktəblilərə Ensiklopediyanın yaranması, inkişaf tarixi və çapa hazırlanması haqqında ətraflı məlumat verib.
Məktəblilər Elmi Mərkəzlə yaxından tanış olublar.
Bilik Fondunun sektor müdiri Hacı Abdulla və professor Şaiq İbrahimov görüşün əhəmiyyətini və məktəblilərin marağını nəzərə alaraq, birgə fəaliyyətin daha da genişləndirilməsinin, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.
Sonda şagirdlərə müxtəlif kitablar hədiyyə olunub.
Milli.Az