İŞİD əsirliyində olmuş fotoqraf: "Sünnilər yaşayan ərazilər olduqca təhlükəsizdir, amma şiələr..." - FOTO

İŞİD əsirliyində olmuş fotoqraf: "Sünnilər yaşayan ərazilər olduqca təhlükəsizdir, amma şiələr..." - FOTO
10:17 30 Noyabr 2016
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsveçdən olan məşhur müharibə fotoqrafı Hadi Kareka İraq, Suriya, Afrika kimi müxtəlif müharibə zonalarında 12 ildir ki, fotoreportyor kimi fəaliyyət göstərir, terrorçularla bir neçə metrlik məsafədə həyatını təhlükəyə atıb dünya ictimaiyyətini baş verənlərdən agah edir.

Milli.Az tanınmış fotoqrafın axar.az-a müsahibəsini təqdim edir:

- Karyeranıza nə vaxt başlamısınız?

- 12 il əvvəl.

- Sizi məhz bu sahə ilə məşğul olmağa nə ilhamlandırdı və müharibə fotoqrafı kimi fəaliyyət göstərməyə vadar edən hansı qüvvə oldu?

- Mən müharibəni sevirəm. Uşaqlıqdan kameraya böyük həvəsim var. Atamın fotoqraf dostu məni bu sahəyə həvəsləndirdi. Mən dünyada baş verənləri insanlara nümayiş etdirmək istəyirəm. Fərq yaratmaq istəyirəm. Bunu pul qazanmaq üçün etmirəm.

- Hansı media qurumları ilə əməkdaşlıq edirsiniz?

- Öz işlərimi dünyanın müxtəlif ölkələrinin media qurumlarına satıram. Amma əsasən Bağdadın yerli mətbu orqanları ilə əməkdaşlıq edirəm. Onlar mənə müxtəlif ölkələrə etdiyim səfərlər zamanı viza almağa kömək edirlər.

- Səfər etdiyiniz onlarla ölkə var. Hansı ölkənin insanları sizə qarşı daha mehriban olub?

- Bağdad və Suriya əhalisi çox mehribandır. Tanıdıqlarına görə çox vaxt orada getdiyim mağaza və restoranlarda məndən pul götürmürlər.

- Nə vaxt və necə müharibə fotoqrafı kimi fəaliyyətə başladınız?

- ABŞ ordusu Bağdada girəndə. Elə vəziyyət yarandı ki, mən ABŞ ordusu tərəfində deyil, onlara qarşı vuruşan insanlar qrupunun arasına düşdüm. Bu, həqiqətən də, çox axmaq başlanğıc idi. Və mən orada dəhşətli şeylərin şahidi oldum. Onlarla 1 ay yaşamağa məcbur qaldım.

- Sonra...

- Bağdad hökuməti ilə əlaqəyə keçdim. Əl-Qaidə şəhərdə baş verən bütün dəhşətlərin əsas səbəbkarı idi. Ölkədə baş verən hər şeyin fotosunu çəkdim. Hökumət bu işlərimi bəyəndi, lakin İordaniya, Sudan, Səudiyyə Ərəbistanı və Qətər mənim fəaliyyətimi bəyənmədi. Bağdadda 3 il qaldım. Ondan sonra Livan, Suriya, Dubay, Qətər, Türkiyə, Bəhreyn, Küveyt, Qambiya və CAR-a səyahət etdim.

- Afrika haqda təəssüratlarınızı bölüşməyiniz maraqlı olardı...

- Afrikada işləməyə başlayanda uşaqların günün 10 saatını işlədiyinin şahidi oldum. ABŞ və Britaniya şirkətləri uşaqları gündə 10 saatdan çox işləməyə məcbur edirdi. Bütün bunların fotolarını çəkib dünya KİV-ində işıqlandırılmasına nail oldum. Afrikada futbola həvəsi olan çoxsaylı uşaqlara yardım etmək məqsədilə futbol məktəbi yaratdım.

- Futbol məktəbinin xərclərini necə ödəyirdiniz?

- İsveçdən sponsorlar tapdım. Onların sayəsində uşaqlar üçün paltar və futbola lazım olan digər avadanlıqlar aldıq. Futbol klubunun adını İsveçdəki yer adı ilə bağlı "Qotlənd" qoyduq. Klubda 35 uşaq var.

- İşlər asan gedirdi?

- Başlanğıcda çox çətin idi. Bu, mənim stilimlə əlaqəlidir. İnsanlar məni yadplanetli kimi qəbul edirdilər. Hazırda İraq ordusu ilə əməkdaşlıq etməklə yanaşı, tək də fəaliyyət göstərirəm. Çəkdiyim fotolardan əldə olunan gəlirin 15 faizini Afrikada yaratdığım futbol məktəbinə yollayıram.

- Karyeranızda başınıza gələn ən dəhşətli şey nə olub?

- İŞİD tərəfindən bir həftə əsir götürülmüşəm. Bağdad ətrafı ərazidə 4 mülki geyimli şəxs mənə yaxınlaşdı və sənədlərimi istədilər. Onların ardınca getməyimi tələb etdilər. Daha sonra ABŞ, Britaniya, Norveç və ya Almaniya vətəndaşı olub-olmamağımı soruşdular. Mən onlara pasportumu göstərdim və BMT əməkdaşlıq sənədimi təqdim etdim. İnanmadılar. Mənsə isveç dilində danışıb yazmaqla onlara yalan demədiyimi sübut etməyə çalışdım. Belə olduğu halda bir gün gözləməyimi istədilər. Bir gün sonra isveçli bir oğlana zəng vurub danışmağa başladılar. Haralı olduğumu, harada yaşadığımı və digər şəxsi məlumatlarımı mənə dedilər. Orada olduğum müddətdə hər gün yeni əsirlər gətirdiklərinin şahidi olurdum. Orada mən əfqan, iran, ərəb, fars dillərini eşidirdim, lakin əsirlərin üzünü görə bilmirdim. Onlar mənim paltarlarımı dəyişdirməyimi tələb etdilər və müsəlman olub-olmadığımı soruşdular. Amma vedrələrin içində saxlanılan kəsilmiş kəllələri öz gözlərimlə gördüm.

- Müsəlman olduğunuzu dediniz?

- Əlbəttə. Onlar mənə islam haqda suallar verməyə başladılar. Mən isə cavab verə bilmədim, dinimi yaxşı öyrənmədiyimi dedim. Bundan sonra mənə şəriəti və Quranı daha yaxşı öyrənməli olduğumu tapşırdılar.

- Əcnəbilərlə qarşılaşdınız?

- Orada müxtəlif Avropa ölkələrindən gələn İŞİD-çilərlə rastlaşdım. Maraqlısı budur ki, bir neçə dil bilən bu şəxslərin çoxunun ana vətənlərindəki həyat şəraiti olduqca yüksəkdir.

- İŞİD-lə mübarizə aparılan ərazilərdən hansı daha təhlükəsiz hesab oluna bilər?

- Sünnilər yaşayan ərazilər olduqca təhlükəsizdir, amma şiələr yaşayan ərazi haqda eyni şeyi deyə bilmərəm. Onlar şiə kişiləri öldürür, arvadlarından isə seks köləsi kimi istifadə edirlər. Onlar qadınlarla 4-5 saatlıq "nikah" qurur, daha sonra isə növbə başqasına ötürülür. Qadınlar müqavimət göstərdikdə isə onları öldürürlər.

- Bakı haqqında təəssüratlarınız...

- Bura olduqca gözəldir, amma insanlar tərzimi və saç stilimi başa düşmürlər. Dünən şəhər mərkəzində bir balaca problem yaşadım. İnsanlar mənə yaxınlaşır, saçıma toxunmağa çalışır və mənimlə şəkil çəkdirmək istəyirdilər. Bu, məni narahat eləyir.

- Çap olunmuş foto-kitabınız varmı?

- Hələ ki, yox. Lakin gələn ay "Dünya mələyi" adlı ilk foto-kitabım işıq üzü görəcək.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR