Azərbaycan nümunəsi: kommunal ödənişlər və görmədiklərimiz - TƏHLİL

Azərbaycan nümunəsi: kommunal ödənişlər və görmədiklərimiz - TƏHLİL
12:33 30 Noyabr 2016
474 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan sosialyönümlü dövlət olaraq bölgədə ilk sırada qərarlaşır. Xüsusilə son 15 il ərzində ölkənin karbohidrogen ehtiyatlardan əldə etdiyi gəlirin əsas hissəsi vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlib. Hər il dövlət büdcəsinin əhəmiyyətli hissəsi də məhz sosialyönümlü layihələrə yönləndirilir. Hətta dünya iqtisadiyyatında böhranın davam etməsi fonunda belə Azərbaycan dövləti hər zaman öz vətəndaşına yönəlik sosial rifahın artırılması siyasətini dəyişməyib.

Bu gün dünya iqtisadiyyatındakı problemlər, xüsusilə dolların milli valyutalara nisbətdə güclənməsi obyektiv səbəblərdən Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Lakin buna rəğmən vətəndaşın rifahının stabil səviyyədə saxlanılması və inkişafı istiqamətində siyasət davam edir. Prezident İlham Əliyev də bəyan edib ki, 2017-ci il dövlət büdcəsi sosialyönümlü olacaq və bütün sosial layihələr büdcədə öz əksini tapacaq.

Məhz bu siyasətin nəticəsidir ki, son bir ildə dolların manata nisbətən güclənməsinə baxmayaraq, ölkədə qiymətlərə nəzarət güclənib. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələri ilə müqayisədə Azərbaycan yaşayış üçün ən ucuz ölkələr reytinqinə daxil olub.

Bu ilin iyun ayında açıqlanan reytinqdə qida, daşınmaz əmlakın kirayəsi, restoranda orta hesab, taksi və ictimai nəqliyyatın qiyməti, asudə vaxtın keçirilməsi, mobil telefonla danışıq və kommunal ödənişlərin qiymətlərinə görə 122 ölkə sıralanıb. Azərbaycan reytinqdə ən ucuz olan ölkələr sırasında 9-cu yerdə qərarlaşıb. Bu, dünya üzrə ümumi göstəricilərdir. Göründüyü kimi, dövlətin sosialyönümlü siyasəti dünya ölkələri ilə müqayisədə daha aydın görünür.



Qeyd: reytinq cədvəlində Azərbaycandan öndə yer alan Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələrdə son 5 ayda iqtisadi çətinliklər artıb. Xüsusilə Gürcüstanda və Ukraynada qiymətlərin artdığı deyilir.

Kommunal ödənişlər: noyabrın 28-də Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarı fonunda yuxarıda qeyd olunan reytinq cədvəli diqqət çəkdi. Azərbaycanda kommunal ödənişlərin qiymətinin aşağı olduğu dünya üzrə aparılan araşdırmalarda öz əksini tapır. Ölkə əhalisi də indiyə kimi bunu öz həyatında hiss edib.

MDB üzrə qiymətlər

MDB ölkələri üzrə Azərbaycan kommunal ödənişlərin qiymətinə görə, ən aşağı pillələrdə yer alır. Misal üçün, Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Türkmənistan və Ermənistanda təbii qazın və elektrik enerjisinin qiyməti Azərbaycanla müqayisədə 2 və üç dəfə yüksəkdir. Belə ki, adıçəkilən ölkələrdə elektrik enerjisinin 1 kilovatı 20-55 qəpik, təbii qazın bir kubmetri isə 20-60 qəpik arasındadır. Avropa ölkələrində isə kommunal ödənişləri sözün əsil mənasında “kəllə-çarxa” çıxır.

Avropada illik kommunal ödənişlər 3 min avrodur

Qərbi Avropa (Fransa, Almaniya və Böyük Britaniya): Bu ölkələrdə orta hesabla 4 nəfərlik ailə bir il ərzində elektrik sərfiyyatına görə, ən optimal halda 1200 avro, su sərfiyyatına görə 1000 avro, təbii qaz sərfiyyatına görə isə 800-100 avro ödəniş verir. Azərbaycanda isə il ərzində sudan istifadəyə görə maksimum 80-100 manat, elektrik enerjisinə görə 300, təbii qaza görə isə 80-100 manat ödənilir. Avropada suyun 1 kubmetrinin qiymətinin 8 avro civarında olması da müqayisənin miqyasını aydın şəkildə göstərir.

Avropa İttifaqı: Ümumilikdə ittifaq ölkələrində kommunal ödənişlər olduqca yüksəkdir. Buna baxmayaraq, birbaşa əhalinin ziyanına olan sərt qaydalar mövcuddur. Misal üçün, insanlar istifadə etmədiyi kommunal xidmətlərə görə də ödəniş edirlər. Yaxud həm soyuq su, həm də artezian suyuna görə ayrı-ayrı ödəniş verilir.

Avropada elektrik enerjisinin 1 kilovatının minimal qiyməti 0.50 avro, su 0.55-0.60 avrodur.

700 dollar ver, yoxsa evinə polis gələcək

Amerika: bu ölkənin kommunal ödənişləri ştatlara görə dəyişsə də, ümumi göstəricilər olduqca yüksəkdir. Ümumilikdə, ölkə üzrə 1 kilovat elektrik enerjisi 0.88 dollardır. Hər ailə elektrik enerjisinə ayda təxminən 300 dollar ödəniş edir. Su sərfiyyatında bu məbləğ 280 dollardır. Hesablamalara görə, ən qənaətcil Amerika ailəsi ayda kommunal ödənişlərə 700 dollar pul xərcləyir. Ən pis tərəfi isə ödənişin gecikdirilməsidir. İnsanlar kommunal ödənişləri yalnız 5 gün gecikdirə bilərlər. 5 gündən sonra hər gün üçün 30 dollar cərimə yazılır.

Bütün bunların fonunda Azərbaycanda kommunal ödənişlərinin nə qədər aşağı olduğu bir daha aydın olur. Təbii ki, əsas səbəb dövlətin sosialyönümlü siyasətidir. Misal üçün, Avropada kommunal ödənişləri etməyən vətəndaşın evinə polis əməkdaşları gəlir. Azərbaycanda isə reallıq budur ki, kommunal ödənişlərin gecikdirilməsi halları baş verir. Bəzən bu, aylarla baş versə belə vətəndaşın işığının, qazının, yaxud suyunun kəsilməsi halları nadir hallarda baş verir.

Bəs Taarif Şurasının qərarından sonra nə dəyişdi? Doğrudanmı inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət süni şəkildə təqdim edildiyi kimi “çətindir”?

Qərar: 2017-ci il yanvarın 1-dən etibarən il ərzində təbii qaza görə illik istehlak həcmi 1500 kubmetrdən çox olan abonentlər üçün müəyyən olunmuş limitdən sonrakı sərfiyyat 20 qəpikdən hesablanacaq. Bu həddə qədər olan sərfiyyat isə əvvəlki qaydada 10 qəpikdən hesablanacaq.

Elektrik enerjisində 1 kilovat da əvvəlki kimi 7 qəpikdən hesablanacaq. Aylıq istehlak həcminin 250 kilovat/saatdan çox olan hissəsi üçün isə 11 qəpik olacaq.

Göründüyü kimi, bu qərar vətəndaşların sosial durumu ilə uzlaşdırılıb və əslində, ciddi dəyişiklik yoxdur. Dövlət bu məsələdə də diqqəti vətəndaşın rifahına yönləndirib.

Rəsmi statistikaya görə, əhali abonentlərinin 62 faizinin illik təbii qaz istehlakının həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Eyni vəziyyət elektrik enerjisinin ödənişinə də aiddir. Belə ki, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək. Yeni qiymətlər böyük evlərə və obyektlərə sahib olan şəxslərə qismən təsir edəcək.

Lakin burada xüsusi olaraq bir məqam qeyd olunmalıdır: sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən edilib. Bu addım ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır.

Qərarın məqsədi: O faktdır ki, Azərbaycanda kommunal xidmətlərin ifrat istifadəsi halları mövcuddur. Xüsusilə böyük obyektlərdə elektrik enerjisinin sərfiyyatına diqqət yetirilmir və bu, ümumilikdə dövlətin enerji ehtiyatlarına ziyandır. Bütün dünyada hazırda tətbiq olunan qənaət prinsipi baxımından, Azərbaycanda da bunun tətbiq olunması zəruri hesab oluna bilər. Bu qərar hər şeydən öncə təbii qazın və elektrik enerjisinin sərfiyyatında qənaət prinsipinə əməl olunmasına yönəlib. Təbii ki, qənaət prinsipi vətəndaşın xeyrinə olduğu kimi, ümumilikdə dövlətin də xeyrinədir.

Digər tərəfdən, tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu məsələdə də vətəndaşın sosial rifahının əsas prinsip olaraq qəbul edilməsi diqqətdən qaçmamalıdır. Sadəcə olaraq, hər kəs bir daha qənaət edərək, həm özünə, həm də dövlətə xeyir verməlidir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/177938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR