“Bunun adı hakim biabırçılığıdır” - Tahir Süleymanov

“Bunun adı hakim biabırçılığıdır” -  Tahir Süleymanov
12:37 30 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutan “Qarabağ” – “Qəbələ” matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı. Fanat.Az xəbər verir ki, oyun başa çatsa da, hakimliklə bağlı müzakirələr səngimək bilmir.


Qonaq komanda referi Rəhim Həsənovu yanlış penalti qərar verməkdə və oyunun əsas vaxtına 4 dəqiqə əlavə etdiyi halda, görüşü 90+8-ci dəqiqəqə bitirməsi ilə suçlayır.


Belə bir durumda məsələyə ən yaxşı mütəxəssis rəyləri işıq tuta bilər. Bunu nəzərə alaraq, sabiq FİFA referisi Tahir Süleymanovla əlaqə saxladıq.


Tahir bəy məsələyə daha dərindən yanaşmaq lazım olduğunu söylədi:” Hakimlik görünən tərəfdir. Ölkənin iki müstəqil, şuralaşmaya getməyən klubu qalıb. "Qarabağ" və "Qəbələ"  uğurlu çıxışları, iki  il ardıcıl qruplarda çıxış etməklə şuralaşma ideologiyasına böyük zərbə vurublar. İndiki dönəmdə futbola cavabdehlərin  mövcud  "sistem"in yararsız olmasını qazandığı nəticələrlə sübut edirlər. Rəqabətsiz çempionatda keçirilən 13 tur ərzində çox sayda kobud hakim səhvləri olub. Heç biri geniş rezonans doğurmayıb. Niyə? Çünki, əksəriyyəti şuralaşmış komandalardı. Bu klublara göndərilmiş "baş üstə" kadrlar nə futbolu bilirlər, nə də ki, söz demək səlahiyyətləri var.   Onlara futbol lazım deyil, əsas havadarların tapşırıqlarını yerinə yetirməkdir. Müstəqilliyini qoruyan klubların oyunlarında belə biabırçılıqların olmasının məqsədi ya bu klubları dağıtmaq, ya da məcbur edib şuralaşdırmaqdır”.


“Neftçi”nin sabiq vitse-prezidenti olan Süleymanovun fikrincə, Rəhim Həsənovun penalti qərarı yanlışdır: “Epizodlara gəlincə, orada 11 metrlik cərimə zərbəsi yox idi. Top futbolçunun başına dəydikdən sonra qısa məsafədə əlinə çarpdı. Futbolçu istəsəydi də belə əlini çəkə bilməzdi. Təbii əl hərəkəti idi. Oyunun vaxtının uzadılmasına gəlincə, hakim psixoloji baxımdan  nəzarəti əlində saxlamağı bacarmalıdır. Bu qədər vaxta əlavə etmək yolverilməzdir. Ən acınacaqlısı isə görüşü bərpa etmək istəyərkən kənar şəxslərin meydanda ola-ola oyunu bitirməsi oldu. Belə anda hakim oyunu saxlamalı meydanda qayda-qanun bərpa olunandan sonra itirilmiş vaxt əlavə olunaraq görüş davam etdirilməli idi. Bu azmış kimi qırmızı vərəqə alan Almeyda da meydanda qol sevincini qeyd edirdi. Bunun adı hakim biabırçılığıdır. Ən əsası da yuxarıda qeyd etdiyim kimi "Qəbələ" kimi klublara təzyiq göstərib özlərinə tabe etdirməkdir.  Şurası olmayan klubları futbola cavabdehlər özlərinə düşmən sayır”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bunun-ad-hakim-biabrcldr-t54578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR