SSRİ-yə düşmən kəsilən, amma Bakıdan narahat olan dahinin HEKAYƏTİ

SSRİ-yə düşmən kəsilən, amma Bakıdan narahat olan dahinin HEKAYƏTİ
13:54 30 Noyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Elə beləcə də demişdi: “Əgər neft kraliçadırsa, Bakı onun tacıdır”. Bakıda olmamışdı, amma Bakıdan bərk narahat idi. 2-ci dünya müharibəsi zamanı, amandı, Bakı əldən getməsin deyə, Stalinə bir neçə teleram vurmuşdu.

Məsələn, 8 noyabr 1942-ci ildə yazırdı:

“Şübhəsiz, Sizə məlumdur ki, Hitler Bakını tutmaq ümidini itirdiyindən şəhəri hava zərbələri ilə dağıtmağa çalışacaq.

Xahiş edirəm mənim məlumatıma inanasınız”.

 

Stalin isə belə cavab vermişdi:

“Bakı haqqında xəbərdarlığınıza görə təşəkkür edirəm. Düşməni dəf etmək üçün tərəfimizdən tədbirlər görülür”.


 

Bundan qabaq bir neçə dəfə də Bakıyla bağlı narahatlığını “ellər atası”na çatdırmışdı.

Elə həmin ilin oktyabrında yazmışdı:


 

“Almanlar artıq Xəzər dənizində hərbi dəniz əməliyyatlarına rəhbərlik edəcək admiralı təyin ediblər. Onlar özlərinə əsas hərbi-dəniz bazası kimi Mahaçqalanı seçiblər. Şübhəsiz, Siz bu tipli hücumlara artıq hazırlaşıbsınız. Mənə belə gəlir ki, Xəzərdə və Qafqaz döyüş cəbhəsində Sizin hərbi-hava qüvvələrinizin Amerikanlarla bizim köməyimizlə 20 Britaniya və Amerika eskadreliyası ilə möhkəmləndirilməsi barədə Sizə dediyim plan getdikcə daha böyük əhəmiyyət kəsb edir”...


***

 

20-ci əsrin ən böyük siyasətçilərindən biriydi.

 

Nobel mükafatı da almışdı, amma Sülh mükafatı yox, Ədəbiyyat üzrə. Onun Fulton universitetində çıxışı isə soyuq müharibənin əsasını qoymuşdu.

 

“Heç kim bilmir ki, Sovet Rusiyası və onun kommunist ideyaları yaxın gələcəkdə nə işlər görəcək və yaxud ekspansionist tendensiyaları davam etdirməklə sərhədləri necə olacaqdır. Mənim rus xalqına və onun başçısı marşal Stalinə böyük hörmətim var. İngiltərə və ABŞ Rusiyanın (SSRİ-nin) bütün xalqlarının arasındakı ayrı-seçkiliyi, uğursuzluqları və möhkəm dostluq yarada bilməməsini başa düşür. Ruslar qərb sərhədlərində yenidən yarana biləcək alman təcavüzündən daha narahat olmaya bilərlər. Rusiyanı Dünya xalqları arasında tutduğu yerə alqışlayıram”.

 

Daha sonra isə deyirdi:

"Yeni müharibə qaçılmazdır" və yaxud "yeni müharibə artıq yaxınlaşıb" fikirlərini çalışdığım qədər özümdən uzaqlaşdırmağa çalışıram. Mən inanmıram ki, Sovet Rusiyası müharibə istəsin. O (SSRİ) müharibənin bəhrəsini dadmaq, öz doktrinasını və gücünü dünyaya yaymaq istəyir. Biz bütün dünyada azadlıq və demokratiyanın sürətlə yayılmasını təmin etməli, yeni müharibə təhlükəsinin qarşısını ala bilən sistem yaratmalıyıq. Bütün təhlükələrdən uzaq olmağın yeganə şərti ingiliscə danışan xalqların assosiasiyasının yaradılmasıdır. Bizim köhnə doktrinamıza görə tarazlıq əsas şərtdir. İmkan verə bilmərik ki, qüvvələr balansında hər hansı bir qüvvə digərindən daha üstün olaraq müharibə təhlükəsi yaratsın. Əgər qərb demokratiyası bir olsa, BMT nizamnaməsinə ciddi əməl etsə və bu prinsiplərin həyata keçirilməsində iştirak etsə heç bir qüvvə onun qarşısında dayana bilməz. Əgər onları ayırsalar və ya öz vəzifələrini yerinə yetirməsələr hamını fəlakət gözləyir. İndi, 1946-cı ildə müharibənin qarşısını almaq üçün Rusiya ilə bütün sahələrdə qarşılıqlı anlaşma yaratmalı, BMT-nin başçılığı ilə bu həmrəyliyin daha da güclənməsinə nail olunmalıdır. Rusiyaya qarşı yalnız ingilisdilli xalqların ittifaqı - Britaniya və ABŞ-ın İttifaqı dura bilər."


 

***

 

Qeyri-adi istedada malik natiq idi. Şifahi çıxışlarının hər biri əslində öz ritmi, kompozisiyası, süjeti olan bitkin əsər sayıla bilərdi. Faşistlər İngiltərəyə hücumlarını intensivləşdirəndə o, baş nazir kimi xalqa müraciətlə demişdi: "Biz öz adamızı nəyin bahasına olursa olsun müdafiə edəcəyik. Biz dəniz sahillərində vuruşacağıq. Biz aerodromlarda vuruşacağıq. Biz çöllərdə və küçələrdə vuruşacağıq. Biz dağlarda vuruşacağıq. Biz heç zaman təslim olmayacağıq!"


 

Ömrünün sonunda, yaşına və səhhətinə görə siyasi fəaliyyətdən uzaqlaşdığı dövrdə dörd cildlik "İngilisdilli xalqların tarixi" tədqiqatını tamamlamışdı. Gözəl rəsm əsərləri və bənnalıq sənətinin sirlərinə bələdliyi də baş nazirin sənətə yad olmadığının əlavə dəlil-sübutları sayıla bilər.


İnadla Sovet İttifaqına qarşı hərbi müdaxiləni tələb edirdi. O israr edirdi ki, “Bolşevizm – siyasət deyil, xəstəlikdir, bu, məslək yox, taundur”.
 

***

 

Maraqlı vərdişləri vardı, çoxu da zərərli. Çoxlu siqar çəkir, viski, konyak  içirdi. Televizora baxmırdı, onu “axmaqlar üçün fənər” adlandırırdı. Əvəzində gözəl rəsmlər çəkirdi. Bundan əlavə kərpiclə hörmə ilə məşğul olur və donuz saxlayırdı. Ondan donuzçuluğa marağının nədən yarandığını soruşanda belə cavab verir: “Mən donuzları sevirəm. İtlər bizə aşağıdan yuxarı baxır. Pişiklər bizə yuxarıdan aşağı. Donuzlar isə bizə özlərinə tay kimi. Ömrünün sonuna qədər siqar çəkmək və konyakdan imtina etmədi. “Gənclikdə özüm üçün qayda qoymuşdum, nahara qədər dilimə spirtli içki vurmurdum. İndi daha gənc deyiləm, səhər yeməyinə qədər spirtli içki qəbul etmirəm”.

Maraqlıdır ki, belə bir həyat tərzi sürən şəxs 90 il yaşayıb. Hə, düz 90 il. Bu gün isə onun ad günüdür. Uinston Leonard Spenser Çörçilin...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR