Fedja Hadziç: “Dünya üzrə 16 milyard cihaz fəaliyyətdədir”

Fedja Hadziç: “Dünya üzrə 16 milyard cihaz fəaliyyətdədir”
15:22 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ “Dünya üzrə 16 milyard cihaz fəaliyyətdədir. Qarşıdakı 6 il ərzində bu say 29 milyarda yaxınlaşacaq”.
“Report”un xəbərinə görə, bunu Bakıda “Əşyaların interneti. Növbəti nəsil” mövzusunda keçirilən konfransda çıxış edən “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
“Biz müxtəlif biznes əlaqələrini birləşdirməklə insanlar arasında bağlantılar yaradırıq. İnformasiya texnologiyalarını birləşdirməklə gələcəkdə bir çox sahələrdə “Ağıllı sistem"lərin tətbiqinə təkan verəcəyik. Bu sistem insanların həm vaxtına, həm də maddi vəziyyətinə müsbət təsir göstərəcək. Hazırda mobil internet sahəsində fəaliyyət göstərən şirkət olaraq Azərbaycan əhalisinin dünyada yaşayan insanlarla bağlantılarını təmin edirik. Hər il bu sahənin daha da inkişaf və təkmilləşdirilməsi üçün böyük investisiyalar həyata keçiririk. Gələcəkdə hər bir fərdin təmas yaratması üçün şəbəkələr yaradılacaq. Hətta vaxt gələcək insanlar avtomobil almaqdan imtina edəcəklər. Çünki insanlar böyük vəsaitdə pul xərcləmədən istədiyi vaxtda, istədiyi müddətə sərfəli qiymətlərlə avtomobil əldə etmək imkanına malik olacaqlar”, - deyə F.Hadziç qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ilə qədər “Ağıllı sistem” şəbəkəsi dünyada geniş yayılacaq: “Bu gün pilot layihə olaraq həyata keçirilən bu şəbəkə 2020-ci illərdə daha çox yayılmış olacaq: "Bir sıra ölkələrdə “Ağıllı evlər”, “Ağıllı nəqliyyat”, “Ağıllı səhiyyə”, “Ağıllı təhsil”, “Ağıllı banklar” və s. sistemlərindən istifadə olunacaq. Eyni zamanda, bütün dünyada Wi-Fi sistemləşmə baş verəcək. İnsanlar istədiyi yerdə rahat şəkildə internetə qoşula biləcək. “Bakcell”in Azərbaycanda artıq 155 Wi-Fi mərkəzi var. Ölkədə bu tip layihələr hələ başlanğıc mərhələsindədir”.
“Azercell” şirkətinin koorporativ biznes şöbəsinin rəhbəri Eldar Cahangirov isə çıxışında vurğulayıb ki, şirkət hər zaman şəbəkəsinin inkişafı və abunəçilərinin rahatlığı üçün ən son texnologiyalardan istifadə edir. Onun sözlərinə görə, Azərbaycanda “Əşyaların interneti” (Internet of Things, IoT) hələ ki inkişaf mərhələsindədir: “Əlbəttə, informasiya texnologiyalarının bu sahəsi illər keçdikcə bütün ölkələrdə inkişaf etməyə başlayacaq. Dünyada ilk növbədə səhiyyə və nəqliyyatda “Ağıllı sistem”ə keçid dövrü başlayacaq. Daha çox bu sahələrə aid cihazların istehsalı üstünlük təşkil edəcək. Ümumiyyətlə, “Ağıllı sistem”lərin və cihazların istehsalı insanların tələbatından asılı olaraq artacaq. İnsanların tələbatı artdıqca artıq “Ağıllı sistem”lər bütün sahələrdə tətbiq olunmağa başlayacaq”.
“Ericsson” şirkətinin İT və "bulud" həlləri üzrə meneceri İqor Srebrodolskiy 10 il ərzində IoT cihazlarının azalacağını vurğulayıb: “Yaxın gələcəkdə “Ağıllı sistem”lər sayəsində bir çox informasiya texnologiyaları demək olar ki, yox həddində olacaq, istehsalı dayandırılacaq. Bir çox qurğular vahid sistemdə birləşərək insanların işlərini asanlaşdıracaq. Eyni zamanda, investisiya layihələrinin gələcəkdə domenlər üzərindən həyata keçirilməsinə başlanılacaq”.
“Microsoft Azerbaijan”ın texnologiya strategiyası üzrə mütəxəssisi Qaçay Mirzoyev çıxışında şirkətin bu gün IoT sahəsində çox inkişaf etdiyini qeyd edib: “Bir neçə ilə artıq “Ağıllı” idarəetmə sistemi vasitəsilə telefon, televizor, kompyuter və digər texniki avadanlıqları bir qurğuda toplamaq mümkün olacaq. Ümumiyyətlə, IoT həllərinin inkişafı iki amilə daha çox təsir edəcək. Birinci, xərclərin azalmasına, ikinci növbədə isə gəlirlərin artırılmasına səbəb ola bilər. Misal üçün Böyük Britaniya metrosunda IoT həllərindən istifadə etməklə bir çox xərclərin azaldılmasına nail olunub. Nəticədə, milyonlarla vəsaitə qənaət edilib. Bu sistem həlləri sayəsində yeni tətbiqlər həyata keçirməklə bizim biznesdə gəlirləri artırmaq mümkündür”.



Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/fedja-hadzic-dunya-uzre-16-milyard-cihaz-fealiyyetdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR