Bakıdakı cəzaçəkmə müəssisələrində dini mövzuda tədbir keçirilib

Bakıdakı cəzaçəkmə müəssisələrində dini mövzuda tədbir keçirilib
20:27 30 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 30 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Multikultural cəmiyyətdə birgəyaşayış ənənələri” mövzusunda Bakıdakı 5, 8 və 14 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov iştirak ediblər.
Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində “Multikultural cəmiyyətdə birgəyaşayış ənənələri” mövzusunun mahiyyəti barədə məhkumlara məlumat verilib. Tədbirdə məruzə ilə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov dini zəmində baş verən münaqişələr fonunda multikulturalizmin əhəmiyyətini məhkumların diqqətinə çatdırıb.
14 saylı müəssisənin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılan şərait barədə məlumat verib. O bildirib ki, müəssisədə fəaliyyət göstərən kitabxanada mövcud olan və Dövlət Komitəsinin müvafiq razılığı olan dini ədəbiyyatlar da məhkumların ixtiyarındadır.
8 saylı müəssisənin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Müşviq Məcidov məhkumlar arasında dini ayrı-seçkilik, məzhəbi müxtəliflik kimi məsələlərin qabardılması hallarına rast gəlinmədiyini bildirib.
Tədbirlərdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətlərinin yüksək dinamikası, dövlətin dinə olan qayğısı, eləcə də multikultural və tolerant dəyərlərin dövlət siyasətinin prioritetinə çevrilməsi barədə məhkumlara məlumat verib. Multikulturalizm və tolerantlığın mahiyyətinə toxunan şöbə müdiri qeyd edib ki, harada olmağımızdan asılı olmayaraq cəmiyyətimizi bütöv ailə kimi qorumaq üçün bu dəyərləri yaşatmağımız çox vacibdir.
Tədbirlərdə iştirak edən ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov günümüzdə vəhdətin mahiyyəti barədə məhkumlara məlumat verib. Vəhdətin cəmiyyətdə qorunması üçün vacib olan amilləri sadalayan ilahiyyatçı irqi ayrı-seçkilik, təkəbbür, həsəd, kin, paxıllıq, qeybət, bədgümanlıq kimi dinimizdə bəyənilməyən və böyük günahlardan hesab olunan mövzular barədə məhkumları məlumatlandırıb.
A.Həbibov cəmiyyətdəki birliyi qorumaq üçün yuxarıda sadalanan və Qurani-Kərimdə açıq şəkildə qınanılan əməllərdən uzaq durmağın vacibliyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/bakidaki-cezacekme-muessiselerinde-dini-movzuda-tedbir-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR