Orta əsrlərin lüks hotelləri belə idi - VİDEO

Orta əsrlərin lüks hotelləri belə idi - VİDEO
05:23 1 Dekabr 2016
142 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bütün bölgələrində qədim yaşayış məskənləri, tarixi-memarlıq abidələri var. Ölkə ərazisində elə qədim yaşayış məntəqəsi yoxdur ki, orada tariximizi, mədəni irsimizi əks etdirən tikililərə, yaşayış yerlərinə rast gəlinməsin.

Cənub zonası da belə qədimi və unikallığı ilə seçilən memarlıq abidələri ilə zəngindir. Bölgədə "ləm" adlanan yay evləri də xüsusi orijinallığı ilə seçilir. XVIII-XIX əsrlərdən qalan bu tikililərə, ən çox Lənkəran, Astara və Masallı rayonlarının ərazisində rast gəlinir. Vaxtilə, təkcə Astaranın Ərçivan qəsəbəsində 50-yə yaxın ləm olub. Zaman keçdikcə, təbii fəlakətlərin təsirindən və yaxud da baxımsızlıqdan bu tikililər dağılıb. Yay fəslində ailənin rahat oturub-durması, qonaq qəbul etməsi və ya gecələməsində ləmlərdən geniş istifadə olunub. Belə ləmlərdən biri hazırda Ərçivanda qorunur.

Bölgədə hazırda, ümumilikdə 16 ləm qorunub saxlanılır. Bunlardan ən məşhuru — "Ulduz" filminin əsas səhnələrindən olan, Məhəmmədlə Züleyxanın dialoqunun çəkildiyi ləmdir. Astaraya gələn yerli və əcnəbi qonaqlar, daim filmin çəkildiyi həyətə baş çəkirlər.

Sözügedən tikili, Astara rayon Ərçivan qəsəbə sakini Əsədulla Musayevin həyətində yerləşir. Ev sahibinin Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, 110 yaşı olan bu ləmin daş tikili hissəsində yumurta sarısı, keçi tükü və küldən istifadə olunub. "Ləmlər, əsasən kvadrat formasında tikilir. Bünövrəsi qırmızı kərpicdən, digər hissələri isə yerli meşə materiallarından hazırlanan şalban və taxtalardan tikilib. Damını "suğal" adlanan kirəmit dam örtüyü ilə örtüblər. Ləmdə istifadə olunan bütün taxta işləmələr bir-birinə keçirmə yolu ilə işlənib, yəni, mismardan istifadə olunmayıb", — deyir ev sahibi. Ə. Musayev danışır ki, həyətindəki ləmi onun babası sonuncu oğlunun şərəfinə tikib: "Bura istirahət yeridir. Yayda insanlar burada dincəlirlər. Əvvəllər maşınlar olmayıb, camaat ancaq arabadan istifadə edib. Yaxınlıqdan keçənlər də burada gecələyiblər. O vaxtlar ustalar küləyin səmtini nəzərə alaraq, ləmi inşa edirdilər. Bunun nəticəsidir ki, ikinci mərtəbəyə qalxanda oranı külək yaxşı tutur. Yəni orda yaxşı sərinlənmək olur".

Həmsöhbətimizin dediyinə görə, 40 kvadratmetr sahəsi olan tikilinin damını, əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtürlərmiş: "Sonralar isə qamışı, daha möhkəm tikinti materialı olan kirəmit əvəz edib".

Hazırda Masallıda 1, Lənkəran və Astarada isə bir neçə ləm qalıb. Ləmlər bir qayda olaraq evlərin yaxınlığında — bağlarda tikilib. Ləmlərin bəziləri gözəl arxitektura nümunəsi, özünəməxsus tikili olduğuna görə, sonradan yerli əhəmiyyətli abidələr kimi dövlətin qoruması altına alınıb.

Məlumat üçün bildirək ki, yazıçı Fərman Kərimzadə, bir vaxtlar "Xudafərin körpüsü" romanı üçün materiallar toplayan zaman, Əsədulla Musayevin həyətindəki bu ləmdə istirahət edirmiş. (sputnik)








Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/178054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR