BMT İnkişaf Proqramı (BMTİP) və Qlobal Ekoloji Fondun (GEF) Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində icra etdiyi birgə layihə çərçivəsində Qəbələ şəhərində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar öz işinə başlayıb.
BMTİP-dan Publika.az-a verilən məlumata görə, seminarda yerli maraqlı tərəflər, layihənin benefisiarları, yerli və beynəlxalq ekspertlər, icma rəhbərləri və layihə heyəti iştirak edib.
Seminarda bildirilib ki, iqlim dəyişikliyi xüsusən yoxsul və zəif icmalara təsir göstərəcək. BMTİP-in bu birgə layihəni icra etməkdə məqsədi Azərbaycanda yerli dağ icmaları tərəfindən iqlim dəyişikliyi risklərinin su və daşqınların idarəetmə prosesində nəzərə alınmasından ibarətdir. “Bizim məqsədimiz təhlükə altında olan ərazilərdə yaşayan icmaların su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdan ibarətdir”, deyə BMTİP-in Strateji Əməkdaşlq üzrə Müşaviri cənab Məzahir Əfəndiyev seminar iştirakçılarını salamlayarkən bildirib.
M.Əfəndiyev su üzrə innovativ idarəetmə üçün əlaqələndirilmiş yanaşmanın zəruri olduğunu vurğulayıb. “Bizim hazırladığımız sənədlər mərkəzi institusional strukturun su ehtiyatları üzrə inteqrasiyalı idarəetmənin tətbiqini tam dəstəkləməsini tövsiyə edir”, - deyə o qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərin idarə edilməsi, layihələrin əlaqələndirilməsi və təhsil məsələləri baş idarəsinin rəis müavini Gündüz Həmzəyev iştirakçılara bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər barədə məlumat verib. Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib.
Ekspertlər quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyətini vurğulayıblar. İcma əsaslı erkən xəbərdarlıq sisteminin tam səfərbərliyi daşqınların səmərəli proqnozlaşdırılması üçün yaxşı vasitə kimi qiymətləndirilib. Ekspertlər eksperimental təcrübə üçün Azərbaycanın Mıxlıqovaq icmasını seçiblər.
“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və
daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil
edilməsi” layihəsinin məqsədi, su və daşqınlar üzrə idarəetməni
təkmilləşdirməklə, Azərbaycanın dağ icmalarının su çatışmazlığı və
daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihə,
həmçinin, qanunvericilik və siyasət səviyyəsində idarəetmə
bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi
və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak
etmələri üçün təlimlərin keçirilməsini nəzərdə tutur.