Rusiya hərbiyyəsinin regiona təzadlı yanaşması

Rusiya hərbiyyəsinin regiona təzadlı yanaşması
16:57 1 Dekabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 30-da Moskvada Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirildi. Bu iclas bəlkə də xüsusi diqqət çəkməzdi. Ancaq ən azı 3 məqam diqqəti bu toplantıya yönəltdi.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, diqqəti çəkən birinci məqam Rusiyanın müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə Azərbaycanın bu gün Xəzər regionunda təhlükəsizlik forpostu adlandırmasıdır:

"Seygey Şoyqunun bu cümləsi Moskvanın Xəzərdə gələcək planları ilə bağlıdır. Rusiya 2017-ci ildə iki ölkənin Hərbi Dəniz Donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı ortaq strukturun yaradılmasına çalışır. Rəsmi Bakının bu təklifə, hələ ki, konkret cavabı yoxdur. Çünki işğalçı Ermənistanın hərbi müttəfiqi avtomatik olaraq Azərbaycanın hərbi müttəfiqi ola bilməz. Rusiyadan silah və sursat almaq başqa, bu dövlətlə birgə hərbi sturktur yaratmaq başqa. Ümumiyyətlə, iki nazirin görüşünün sonunda iki ölkənin Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalandı. Əməkdaşlıq planına qərargah danışıqları və təhsil aiddir. Ancaq Rusiya Müdafiə Nazirliyi əməkdaşlığa dair əlavə müddəlar təklif etməyi planlaşdırır. Aydındır ki, bu təkliflər elə Xəzərdə birgə əməkdaşlığın genişlənməsini ehtiva edir. Görünür, bu yolla Moskva iki məqsədinə çatmaq istəyir. Birinci məqsəd ABŞ-ın Xəzər akvatoriyasında mümkün fəallığının qarşısını almaq, ikincisi isə Azərbaycanı hərbi əməkdaşlığa cəlb etməklə Vaşinqtonun çox çalışdığı Transxəzər (Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi) layihəsinin reallaşmasını əngəlləməkdir".

Ekspertin sözlərinə görə, ikinci əsas məqam Sergey Şoyqunun Azərbaycanla hərbi əməkdaşlıq haqqında xoş sözlər söyləməsinə rəğmən, Moskvada əsas sənədi Ermənistanın müdafiə naziri Viqen Sərkisyanla imzalamasıdır: "Söhbət iki ölkə arasında birləşmiş qoşun qruplaşmasının yaradılmasından gedir. Şoyqu Azərbaycanın ünvanına dediklərinin eynisi Ermənistanın ünvanına dedi: "Rusiya Ermənistanla hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya-Ermənistan münasibətləri müxtəlif razılaşmalar və müqavilə-hüquq bazası əsasında yaxşı qurulub. Ən əsası isə Rusiya ilə Ermənistan arasında tarixi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğudur". Qeyd edək ki, birləşmiş qoşun qruplaşmasına Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin birləşmələri daxil olacaq".

E.Şahioğlunun qənarətincə, üçüncü məqam Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclası ilə eyni gündə "Nezavisimaya qazeta"da maraqlı bir məqalənin işıq üzü görməsi ilə bağlıdır: "Həmin məqalədə yazılır ki, Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada "sülhün təmin olunması" üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilərlər. Mümkündür ki, bu mövzu Sergey Şoyqu ilə Zakir Həsənov arasında da müzakirə olunub. Lakin indiki şərtlərlə Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir.

Birincisi, Azərbaycanın İraq, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli idi. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur. İkincisi, Azərbaycanın Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirakı mümkün deyil. Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək. Yəni rəsmi Bakı yüzminlərlə insanın qətlinin səbəbkarı hesab edilən Bəşər Əsədi seçəcək, qarşısında isə strateji müttəfiqi Türkiyəni və ABŞ-ı görəcək".

Mərkəzin rəhbəri Azərbaycan parlamentarilərinə Rusiya ilə münasibətlə mövzusunda çağırış da edib: "Bu arada, Azərbaycan parlamentində deputatların bir qismi Rusiyanın regional siyasətini tənqid etdilər. Rusiya təhlükəli qonşu olduğundan rəsmi Bakı "İsgəndər" raketlərinin Ermənistana verilməsi və Rusiyanın bu dövlətlə birgə hərbi birlikləri yaratması qərarına görə Moskvanı tənqid etmək istəmir. Buna baxmayaraq, Bakıda "Rusiya işğalçı ölkədə "İsgəndər" raketlərini yerləşdirməklə, Ermənistanla birgə qoşun birlikləri yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyinə kölgə salır" ifadəsi səslənməlidir. Əgər Azərbaycan rəsmilərinin bu açıqlamanı səsləndirməsi problemdirsə, bu tip fikirlərin parlamentdə səslənməsi vacibdir. Deputatlar deyiblər ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır. Bu cür tənqidlər daima səslənməlidir ki, Moskvada anlasınlar ki, Azərbaycanda Rusiyanın regional siyasətindən ciddi narazılıq var və bu şərtlər daxilində Azərbaycan-Rusiya hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmaq çətindir".

İlkin İzzət
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR