2015 üçün bədbin proqnozlar: bəzi vərdişləri tərgitməyin tam zamanı

2015 üçün bədbin proqnozlar: bəzi vərdişləri tərgitməyin tam zamanı
10:47 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vergi Məcəlləsinə edilən dəyişikliklər qiymət artımından xəbər verir
Vergi Məcəlləsinə edilən son dəyişikliklər bəzi sahələrdə bahalaşma yarada bilər. Yeni dəyişikliklərə əsasən, yerli və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatdan çox olan hissəsindən 10 faiz gəlir vergisi tutulacaq.
Ekspertlər 2015-ci ilin bank sektoru üçün çox çətin il olduğunu nəzərə alaraq, hökumətin bu addımından narahatlıqlarını dilə gətirirlər. Onların fikrincə, buradan büdcəyə daxil olacaq məbləğin həcmi təxminən 60 milyon manatdır ki, bu da 20 milyardlıq büdcənin qarşısında cüzi bir rəqəmdir. Mütəxəssislər bundan büdcənin qazanmaq əvəzinə itkilərin daha çox ola biləcəyindən ehtiyatlanırlar. Çünki müştərilər sürətli şəkildə banklardan əmanətlərini geri götürə bilərlər. Nəticədə bank sektorunda maliyyə problemlərinin daha da dərinləşməsi qaçılmaz olacaq. Yeni müştəri cəlb etmək üçün banklar əmanətlər üzrə faiz dərəcələrini artıra bilər, bu isə öz növbəsində, kreditlərin bahalaşması ehtimalını artırır.

Bundan əlavə, Vergilər Məcəlləsinə edilən digər dəyişikliklər spirtli içkilər və tütün məmulatlarına tətbiq olunan aksiz vergilərlə bağlıdır. Bundan sonra içməli spirt üçün hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə 0,08 manatdan 0,2 manata qədər artırılıb. Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarellanın (nazik siqarlar) 1 000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə 4 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Bununla yanaşı, Azərbaycanda yol vergisi ödəyicilərinin siyahısına dəyişikliklər edilib. Dəyişikliyə əsasən, yol vergisi ödəyiciləri siyahısına Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan ərazisində avtomobil benzini, dizel yanacağı və maye qazının istehsalı və ya idxalı ilə məşğul olan şəxslər daxil edilib. Yeni dəyişikliyə görə, Azərbaycanda istehsal edilən avtomobil benzini, dizel yanacağı və maye qaza yol vergisi onların hər litrinin topdansatış qiymətinə görə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Bundan başqa, idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilib, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Həmçinin idxal olunan platinə, qızıla da aksiz vergisi tətbiq olunub. Burada diqqət çəkən nüanslardan biri neft məhsullarının daşınmasından tutulacaq yol vergisinin tətbiqidir. 2015-ci ilin büdcəsində neft məhsulları üzrə aksiz dərəcələrindən daxilolmalarda azalma proqnozlaşdırılır. Ekspertlər bunu neft məhsulları üzrə aksiz dərəcələrinin azaldıla biləcəyi ilə izah edirlər. Belə olan halda aksiz dərəcələrini azaldıb, daşınmalarda yol vergisinin tətbiqini anlamaq bir qədər çətindir.

Vergi Məcəlləsinə edilən ən mühüm dəyişikliklərdən biri isə Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin artırılması ilə bağlıdır. Yeni dəyişikliklərə əsasən, mühərrikinin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb.

Bütün bunlar ölkədə 2015-ci ildə nələrin bahalaşacağı barədə aydın mənzərə yaradır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev "Bizim Yol"a şərhində bildirdi ki, benzinin üzərinə gələcək məbləğ çox kiçikdir və bu, yanacağın qiymətini artırmağa əsas vermir:

"Ən azı daxildə istehsal olunan yanacağın qiyməti artırıla bilməz. Çünki onların tarifi Tarif Şurası tərəfindən tənzimlənir. Azərbaycanda yanacağın qiymətinin formalaşma srukturunda topdansatış qiyməti, əlavə dəyər vergisi, aksizlər, ticarət əlavəsi əsas yer tutur və bunlar üst-üstə gəlməklə pərakəndə satış tarifləri meydana çıxır. İndi həmin 2 qəpiyin hara əlavə olunması məsələsi əsasdır. Əgər pərakəndə satış qiymətinin üzərinə 2 qəpik əlavə olunsaydı bəlli olardı. Deməli, yeni vergi satışla məşğul olan şirkətlərin üzərində qalacaq. Belə olan halda bu, yanacağın qiymətini artırmamalıdır.

Büdcədə neft məhsulları üzrə aksizlərdən daxilolmaların 2014-cü ilə nisbətən az proqnozlaşdırılması Dövlət Neft Şirkətinin maraqlarına hesablanıb. Ehtimallara görə, daxildə istehsal olunan neft məhsulları üçün aksiz vergiləri Dövlət Neft Şirkətinin xeyrinə azaldılsın. 2 qəpik yol vergisi isə pərakəndə satıcıdan tutulacaq. Ola bilsin ki, istehsalda aksizləri azaldıb yol vergisini tətbiq etməklə aradakı fərqi kompensasiya etsinlər".

R.Ağayev əlavə etdi ki, tütün, spirtli içki və avtomobillərə tətbiq edilən aksiz vergiləri bu məhsulların bahalaşmasına gətirib çıxara bilər: "Hazırda avtomobil bazarından gələn siqnallar da bu istiqamətdə bahalaşma olacağını deməyə əsas verir. Ötən il qəbul edilən texniki standartlar Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayını 63 faizə qədər azaltdı. Bu azalma sözügedən bazarda onsuz da gərginlik yaratmışdı. Belə bir vəziyyətdə aksizlərin artımı avtomobillərin qiymətinə təsir göstərəcək.

Tütünə gəlincə, burada maraqlı bir nüans yaranıb. Azərbaycanda tütün istehsalında xammalı xaricdən alır. 11 ayın nəticələrinə görə, tütün məmulatlarında daxili istehsal artıb. Çox güman ki, tütün məmulatlarının üzərinə aksiz vergisinin artımı daxildəki istehsalçısının maraqlarına hesablanıb. Yəni idxal olunan tütün daha baha olsun. Amma proses daxili istehsala da təsir göstərəcək və bahalaşma real görünür".

"Amma bu vergi tutma əməliyyatlarından büdcənin çox böyük qazanc əldə edəcəyini düşünmürəm",-deyən ekspert qızıl və digər qiymətli metallara tətdiq olunan aksizlərin də əhəmiyyətli bahalaşma yaratmayacağını düşünür.

Sözügedən sahələrdə baş verəcək bahalaşmanın digər sektorlara sıçrayışlarına gəlincə, R.Ağayev burada ehtimalın az olduğunu deyir: "Bunlar çox spesifik sahələrdir. Məsələn, tütün hər hansı bir sahə üçün xammal rolunu oynamır. Eləcə də qızıl. Bu məhsullar kütləvi istehsal olunan məhsullarda xammal rolunda çıxış etmirlər. Amma yanacaqda vergi tətbiqi ilə bağlı kəskin artım olsaydı, o zaman digər sahələrin bahalaşmasından danışmaq olardı. İndiki vəziyyətdə mövcud aksiz dərəcələrinin artımının ciddi bahalaşmaya səbəb olacağını düşünmürəm.

Bu il bir halda daxili bazarda yüksək bahalaşma ola bilər; manatın sabitliyi ilə bağlı problem yaranarsa. İnflyasiyaya təkan verəcək amil yalnız manatın kursunun ucuzlaşması ola bilər. İdxaldan asılı ölkəyik və milli valyutamız qiymətdən düşməyənə qədər idxal olunan mallar bahalaşmır. Avropada, Yaponiyada defilyasiya baş verir, yəni qiymətlər ucuzlaşır.

Azərbaycanda kommunal sektorda da qiymət artımı gözlənilmir. İdxal inflyasiyası hesabına olan bahalaşma isə demək olar ki, gözlənilmir. İndiki vəziyyətdə yalnız manatın ucuzlaşacağı təqdirdə bahalaşmanı müşahidə edə bilərik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR