Taksi dayanacaqları pasportlaşdırılır: hansı problemlər həll ediləcək?

Taksi dayanacaqları pasportlaşdırılır: hansı problemlər həll ediləcək?
08:22 2 Dekabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Ən böyük problem taksilərin dayanma, durma qadağan olunan yerlərdə park etməsi, müştəri gözləməsidir

Taksi sürücüləri adətən əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaqla daha çox müştəri cəlb edə bilirlər. Bu proses tıxacların, təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxarır. Lakin xüsusi taksi dayanacaqların yaradılması bu problemi aradan qaldırmağa xidmət edəcək.

Milli.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb. BNA-dan "Ekspress"ə verilən məlumata görə, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir. Hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Agentliyin xüsusi ekspert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib.

Yol hərəkəti qaydaları və təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovun bildirdiyinə görə, taksi dayanacaqlarının pasportlaşdırılması zəruri addımdır: "Biz zaman-zaman bu taksilərin qeyri-qanuni dayanma, durma məsələləri ilə bağlı münasibət bildirir və bunu yol təhlükəsizliyinin təmin olunmasına maneçilik törədən bir amil kimi göstərməyə çalışmışıq",- deyən müsahibimiz bildirib ki, eyni zamanda, bu insanlara sərnişin daşıma xidmətlərini həyata keçirməsi üçün müəyyən şəraitin yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, paytaxt küçələrində xidmət göstərən taksilər, taksi xidməti göstərən nəqliyyat vasitələri çox vaxt qadağan olunan yerlərdə nəqliyyat vasitələrini saxlayıb müştəri gözləyirlər ki, bu da yol təhlükəsizliyinin təmin olunmasına maneçilik törədir.

A.Allahverənov qeyd edib ki, dünyanın əksər inkişaf etmiş ölkələrinin meqapolislərində olduğu kimi bizdə də xüsusi taksi dayanacaqlarının yaradılıb istifadəyə verilməsinə ehtiyac var: "Taksilər taksi dayanacaqlarında müştəriləri gözləməli və ya sifariş aldıqda təyinat ünvanına getməlidirlər. Bu, idealda belə olmalıdır".

Onun sözlərinə görə, Bakıda bu kimi taksi dayanacaqları üçün yerlərin ayrılması mümkündürsə, bu yerlər ayrılmalı və pasportlaşdırılması həyata keçirilməlidir: "Lakin bu cür taksi dayanacaqlarına istənilən taksi yanaşa bilər. Bu da dayanacaq ətrafında artıq o ərazidən istifadə edən taksi sürücüləri arasında müəyyən mübahisələrin yaşanmasına gətirib çıxaracaq. Bu səbəbdən də mütləq taksi dayanacaqlarında hansı taksilərin dayana biləcəyi dəqiqləşdirilməlidir".

Ekspert bildirib ki, taksiçilik fəaliyyəti ilə bağlı ən böyük problem taksilərin dayanma, durma qadağan olunan yerlərdə park etmə, müştəri gözləmə məsələsidir: "Eyni zamanda, ciddi problem taksilərin müxtəlif yol kəsişmələrində, döngələrdə saxlamasıdır. Hansı ki, bu, qanunla qadağan olunan haldır. Nəticə etibarilə döngələrdə çoxsaylı nəqliyyat vasitələrinin durması, birinci, görünüşü məhdudlaşdırır, ikinci, qəza şəraitinin yaranmasına səbəb olur. Söhbət açdığımız taksi dayancaqlarının yaradılması bu problemi də aradan qaldırar".

Taksilərin yalnız taksi dayanacaqlarında durması onlardan istifadənin çətinləşməsinə gətirib çıxaracağı barədə deyilənlərə gəlincə, həmsöhbətimiz bununla razılaşmır: "Əslində bu dayancaqların olması ona görə də vacibdir ki, konkret hər bir müştəri onun evinə yaxın yerdə taksi dayanacağının fəaliyyət göstərdiyini bilsin. Yaxınlıqda olan taksi dayanacağına gələrək taksi sifariş edərək rahat təyinat ünvanına getsin. Həm də bizdə "online" və ya zənglə sifariş əsasında çoxsaylı taksiçilik fəaliyyətini təklif edən şirkətlər fəaliyyət göstərir. Müştərilərin əksəriyyəti məhz həmin şirkətlərin xidmətlərindən yararlanmış olur. Belə olduğu halda onların taksi dayancağına getməyə ehtiyacları yoxdur. Ola bilsin ki, şəhərə gələn qonaqlar bu şirkətlər haqqında məlumatlı olmasınlar. Belə olduğu halda onlar təbii ki, taksi dayancaqlarına üz tutmağa məcbur olacaqlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR