Ombudsman: “Sənədsiz ev sahiblərinin hüquqları təmin edilməlidir”

Ombudsman: “Sənədsiz ev sahiblərinin hüquqları təmin edilməlidir”
14:53 2 Dekabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluçuların ailə üzvlərinə və əlil olan şəxslərə sığorta məbləğinin ödənilməsi və həmin ödənişlərin qısa müddətdə müəyyən edilməsi ilə bağlı problemlər var. Bu problemlər həllini tapsa yaxşı olar”.

Publika.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu gün Milli Məclisdə keçirilən Azərbaycanın 2017-ci il üzrə büdcə müzakirələri zamanı bildirib.

O deyib ki, hərbi xidmət illərində istifadə edilməyən məzuniyyət üzrə borclar çoxdur:

“Hərbi qulluqçuların müvəqqəti mənzil əldə etməsi üçün pul kompensasiyası ilə bağlı rəqəmlər köhnədir. Lakin bu hal ailəli hərbi qulluqçular üçün böyük problemlər yaradır”.

Ombudsman təhsilə cəlb olunmuş əlil insanlara xüsusi yardımların edilməsinin vacibliyini vurğulayıb:

“Bundan başqa, sağlamlığı məhdud olan lakin dövlət və ya özəl ali məktəblərdə ödənişli təhsil alan tələbələr var ki, onların da vəziyyəti narahatlıq yaradır. Onlar bir çox hallarda imtahanları uğurla verir, lakin ödənişi ödəyə bilmirlər. Ona görə də I və II qrup əlillərə dəstək verilməlidir”.

Məhkumların əməyə cəlb edilməsi məsələsinə də toxunan E.Süleymanova qeyd edib ki, sərhədyanı rayonlarda problemlər mövcuddur:

“Həmin ərazilərdə tibbi, psixoloji sosial xidmətlərin yaradılması, aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda, rayonlarda və böyük şəhərlərdə dövlət büdcəsindən maliyyələşən ödənişsiz xidmət göstərən hüququ məsləhətxanalara böyük ehtiyac var. İnanıram ki, bu məsələlərə Maliyyə Nazirliyi tərəfindən baxılacaq, tədricən bu təklif həyata keçiriləcək. Bununla da bir çox narazılıqlar aradan qaldırılacaq”.

E.Süleymanova deyib ki, sənədsiz ev sahibi olan vətəndaşların hüquqları təmin edilməlidir:

“Bununla bağlı qanun layihəsi qəbul edilməlidir. Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Bu problemin həll edilməsi nəticəsində yığılan vergi və dövlət rüsümları hesabına büdcəyə əlavə vəsaitlər gətirə bilər. Bu böyük məbləğdir. Mənzil probleminin həlli istiqamətində ölkə başçısının tapşırığına əsasən sosial mənzillərin regionlarda da tikilməsi üçün vəsait artırıla bilər. Bu evlərin tikilini daha da sürətləndirə və regionlarda yaşayan mənzilsiz və ya qəzalı vəziyyətdə yaşayan vətəndaşların problemini həll edə bilər. Sosial infrastruktura ayrılan vəsait artırılmalıdır.

Azərbaycanın “Gələcəyə baxış: 2020-ci il” konsepsiyasında regionlarda da sağlamlığı məhdud olan uşaqlar üçün mərkəzlər yaradıla və onlar üçün inkülziv təhsil üzrə proqramların keçirilməsinə vəsaitlər ayrıla bilər”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/178271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR