Qırğız Parlamentinin sədri Azərbaycan səfiri ilə görüşdü – FOTO

Qırğız Parlamentinin sədri Azərbaycan səfiri ilə görüşdü – FOTO
15:33 2 Dekabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov bu ölkənin Parlament sədri Çınıbay Tursunbekov ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı spiker Çınıbay Tursunbekov Azərbaycan səfirini Parlamentdə görməyinə görə şad olduğunu, Hidayət Orucovun Qırğızstanın səmimi dostu olaraq yadında qaldığını bildirib.

Çınıbay Tursunbekov son illər ölkələr arasında əlaqələrin yüksələn dinamikasından məmnunluğunu bildirib.

O, bu ilin sentyabr ayının 26-da Azərbaycanda uğurla keçirilən referenduma görə Hidayət Orucovu təbrik edib:

“Bu uğur xalqın öz Prezidentinə inamının və sevgisinin bariz nümunəsidir”.

Qırğız Parlamentinin spikeri bu ilin sentyabr ayının 29-30-da Azərbaycanda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirildiyini, Qırğızstanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıdan xoş fikirlərlə qayıtdığını söyləyib. Çınıbay Tursunbekov dünyada baş verən çətin zamanlarda belə tədbirlərin keçirilməsinin vacibliyi bildirib.

Qırğızstan Parlamentin sədri ölkəsinin Azərbaycanı təkcə sıx əməkdaşlıq etdiyi ölkə kimi yox, həm də pis gündə yanında olan qardaş kimi qəbul etdiyini qeyd edib. Çınıbay Tursunbekov bu il Qırğızstanda keçirilən “II Ümumdünya Köçərilər Oyunları”nda Azərbaycan Prezidentinin tapşırığı ilə böyük nümayəndə heyətinin iştirak etməsinin ölkələri üçün çox böyük önəm daşıdığını deyib.

Səfir Hidayət Orucov isə Çınıbay Tursunbekovu Parlamentin sədri seçilməsi münasibətilə təbrik edib:

“Yeri gəlmişkən, bu ilin dekabr ayının 11-də Qırğızstanda “Qırğız Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi haqqında” qanun layihəsi ilə bağlı keçiriləcək referendumda uğurlar arzu edirəm”.

H.Orucov Azərbaycan ilə Qırğızstan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.

Səfir ölkə Parlamentləri, dostluq qrupları, həmçinin hakim partiyalar arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

H.Orucov qeyd edib ki, Azərbaycan bundan sonra da qardaş Qırğızstanı dəstəkləyəcək:

“Dünya şöhrətli qırğız şairi Çingiz Aytmatovun bir çox yubiley tədbirləri ölkəmizdə keçirilir”.

Səfir Çingiz Aytmatovun 80 illiyi yubileyində Azərbaycan Prezidentinin onu “Dostluq” ordeni ilə təltif etdiyini söyləyib:

Görüşdə 2017-ci ildə Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Səfir bütün sahələrə olduğu kimi, Səfirliyimizin Azərbaycan ilə Qırğızstanın regionlarının arasında da əməkdaşlıq əlaqələrinin yaranması üçün davamlı işin apardığını bildirib.

H.Orucov artıq Qırğızstanın Çuy vilayətinin Kant şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyətinin Qubada səfərdə olduğunu və Quba ilə Kant şəhəri arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalandığını, həmçinin bu ilin dekabr ayının 16-da Quba rayonun icra başçısının rəhbərlik edəcəyi nümayəndə heyətinin Qırğızstana səfərə gələcəyini və səfər çərçivəsində memorandumun imzalanacağını söyləyib.

Çınıbay Tursunbekov regionlararası əlaqələrin yaranmasının çox vacib məsələ olduğunu, xalqlarımızın bir-birlərini daha yaxşı tanımağa imkan verəcəyini qeyd edib.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/178276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR