Prezident İlham Əliyev: "Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür"

Prezident İlham Əliyev: "Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür"
16:52 2 Dekabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Sizi Azərbaycanda yenidən görməkdən çox şadam, xoş gəlmisiniz. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Mən elə bu gün əvvəlki görüşlərimizi xatırlayırdım. Biz hər il görüşürük və bu görüşlər də həm bizim münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır. Mənə bizim tarixi məscidlərimizin bərpadan sonra açılışında sizin iştirak etməyiniz çox xoşdur. Bu da həmrəyliyin, bizim dostluğumuzun göstəricisidir. Təbii ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir".

İlham Əliyev bildirib ki, bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir, həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir:

"Biz müsəlman ölkələrində müsəlmanların biri-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik. Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/495231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR