Azərbaycan və Belarus neft məhsulları tədarükü sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Belarus neft məhsulları tədarükü sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər
17:07 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ), "Belarus Neft Şirkəti" QSC və "Belneftexim" konserninin nümayəndələri arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı faydalı əlaqələrin inkişafında maraqlı olduğunu bildirib və əməkdaşlıq üçün səmərəli sahələrin müəyyən edilməsi məqsədilə birgə məsləhətləşmələr keçirilməsi barədə razılığa gəliblər.
Görüşdə tərəflər neft və neft-kimya məhsullarının tədarükü sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Belarus tərəfi Azərbaycan neftini almağa hazır olduğunu bildirib.
Eyni zamanda, Belarus tərəfi SOCAR-a zəruri hallarda xammal emalı məqsədilə birgə müəssisələrin yaradılması imkanı ilə Belarusdakı neft emali zavodlarında xammal emalını həyata keçirmək üçün neft tədarükü həyata keçirməyi təklif edib.
Belarus tərəfi həmçinin birgə yollarla, iki tərəfin potensialından istifadə edərək neft məhsullarının (avtomobil benzini, dizel yanacağı, mazut, vakuum qazoyl və s.), eləcə də neft-kimya məhsullarının satışı imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Tərəflər neft-kimya məhsullarının qarşılıqlı ticarətində - propilen, polietilen, kauçukun Belarusa tədarükü və SOCAR üçün karbamid, metanol və kompleks gübrələrin, akrilnitril turşusunun və s. satışında maraqlı olduqlarını vurğulayıblar.
Belarus tərəfi SOCAR üçün "Belarusneft" İstehsalat Birliyinin servis xidməti göstərmək imkanı, eləcə də "Seysmotexnika" ASC tərəfindən geofiziki və qazma avadanlıqlarının tədarükü məsələsinin nəzərdən keçirilməsini təklif edib.
Bakı görüşünün yekununda SOCAR MİƏİ-nin rəhbəri Adnan Əhmədzadə, "Belarus Neft Şirkəti"nin baş direktoru Aleksandr Demidov, "Belneftexim" konserninin Xarici İqtisadi Əlaqələr Baş İdarəsinin rəhbəri Sergey Ostapets protokol imzalayıblar.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-ve-belarus-neft-mehsullari-tedaruku-sahesinde-emekdasliq-perspektivlerini-muzakire-edible

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR