Bakıdan ikinci əl "Cip"lər sürətlə xaricə daşınır

Bakıdan ikinci əl "Cip"lər sürətlə xaricə daşınır
17:42 2 Dekabr 2016
583 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dolların bahalaşması iri mühərrikli və çox yanacaq işlədən avtomobillərin bazarını da "vurmuşdu". 

Milli.Az fins.az-a istinadən xəbər verir ki, iqtisadi durğunluq nəticəsində gəlirləri azalan əhali artıq çox yanacaq işlədən iri mühərrikli SUV modellərə deyil, qənaətcil və yığcam ölçülü avtomobillərə üstünlük verməyə başladılar. 

Nəticədə ilin əvvəlindən etibarən çox yanacaq işlədən böyük "Cip"lərin bazara kütləvi axını başladı. Alıcı tapılmaması isə bu avtomobillərin 50-60 min manatdan, hətta 15-20 min manata kimi ucuzlaşmasına gətirib çıxarmışdı. Son bir ayda isə bu avtomobillərlə bağlı vəziyyət dəyişib. Yerli bazarda satış olmamasına baxmayaraq, qiymətlərdə nisbi canlanma müşahidə edilir.

Bu avtomobillər Bakıda manatla bahalaşır

Avtomobil eksperti German Quliyev bildirib ki, köhnə krossoverlərin xaricə daşınması yerli bazarda qiymətlərdə nisbi artım yaradıb. Avtomobillər dollarla ucuzlaşsa da, manatla satış qiymətləri artıb. Qiymətlərdə 3-4 min manat fərq yaranıb. Məsələn, əvvəl 18 min manata satılan "Prado" indi 22 min manata təklif edilir. Səbəb isə Azərbaycanda satılan böyük mühərrikli avtomobillərə xaricdə tələbat yaranmasıdır.

Köhnə "Prado"ları Mərkəzi Asiya ölkələri alır

Məzənnə fərqinə görə manatla satılan avtomobilin dollarla ucuzlaşması xarici ölkələrdə Azərbaycanda satılan ikinci əl "Cip"lərə marağı artırıb. Məsələn, bir il əvvəl avtomobilin qiyməti dollarla 20 min təşkil edirdisə, indi 11 min dollara düşüb. Nəticədə, sentyabr ayından başlayaraq ikinci əl böyük avtomobillər Azərbaycandan Mərkəzi Asiya ölkələrinə, xüsusilə də Qazaxıstan, Qırğızıstan və Türkmənistana daşınır.

Bir ayda 50 avtomobil qonşu ölkələrə satılıb

Avtomobil ekspertinin sözlərinə görə, bu ölkələrdən olan alıcılar daha çox istehsal tarixi 2007-ci ildən yuxarı 2,7 l və 4.4 l mühərrikli "Toyota Prado" modellərini alırlar. O bildirib ki, son bir ayda Azərbaycandan 50-60 ikinci əl avtomobil bu şəkildə qonşu ölkələrə aparılıb.

Köhnə Avropa "Cip"ləri yenidən geri qayıdır

Bakıda satılmayan Avropa istehsalı olan köhnə krossoverlər isə yenidən Avropaya daşınır. Ekspert bildirir ki, dollar və avronun bahalaşması Azərbaycanda böyük həcmi Avropa avtomobillərini də kəskin ucuzlaşdırıb:

"Avropalı alıcı avtomobil üçün Bakıya gəlməsə də, yerli avtomobil satıcıları köhnə avtomobilləri Avropaya daşıyırlar". Azərbaycanda 20 min manatlıq köhnə avtomobilə Avropada 20-30 min avroya rahat şəkildə alıcı tapmaq mümkündür. Nəticədə yerli satıcılar da avtomobilləri xarici bazara çıxarırlar. 

G.Quliyevin sözlərinə görə, avtomobillər Avropa bazarında daha çox Almaniyaya aparılır. Avropada 3.6 - 6.3 litr mühərrikli böyük krossoverlər, yəni istehsal tarixi 2000-ci illərə aid "Hummer", "Galendevagen", "BMW X5", "Rage Rover", "Mercedes ML"lər daha çox alınır. Almaniya avtomobil alıcıları, hətta 1990-95-ci illərə aid 6.3 litr mühərrikli "Mercedes S Class" sedanlarını da sifariş edirlər.

Ölkəyə valyuta qazandırma imkanı

G.Quliyev hesab edir ki, yerli bazardakı köhnə avtomobillərin xaricə daşınması həm avtomobil bazarında canlanmaya səbəb ola bilər, həm ölkəyə əlavə valyuta cəlbində müsbət rol oynaya bilər. 

Amma avtomobillərin xaricə çıxarılması üçün qoyulan gömrük xərcləri azaldılmalıdır. Məsələn, Gürcüstandan avtomobilin ekspert xərci 80-100 lari (50-60 manat) təşkil edir. Azərbaycanda isə bu rəqəm 500-1000 manatdır. 

Eksport xərclərinin azaldılması ilə Azərbaycan regionda avtomobil satışları üzrə mərkəzə çevrilə bilər. Son nəticədə xarici müştəri avtomobil almaq üçün dollar ödəməli olacaq. Bu da əlavə valyuta axını imkanı deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR