Ümumdünya Poçt İttifaqının baş katibi “Bakutel-2016” sərgisi ilə tanış olub

Ümumdünya Poçt İttifaqının baş katibi “Bakutel-2016” sərgisi ilə tanış olub
18:37 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində ölkədə səfərdə olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) baş katibi Bişar Hüseyn Bakı Ekspo Mərkəzində keçirilən sərgi ilə tanış olub.
Nazirlikdən "Report"a verilən məlumata görə, bu, ÜPİ-nin yüksəksəviyyəli rəsmisinin Azərbaycana üçüncü səfəridir.
Keniya vətəndaşı olan Bişar Hüseyn 2012-ci ildən ÜPİ-nin Baş direktoru vəzifəsini icra edir.
Sərgi ilə tanışlıq zamanı, baş katib Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyonda olub, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ona həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verib.
“Elektron hökumət” portalının stendi ilə tanışlıq zamanı bildirilib ki, portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. Bu günədək ölkədə 100 mindən artıq “elektron imza” istifadəyə verilib. Ona Azərbaycanın ilk regional Data Mərkəzi barədə məlumat verilib.
Bildirilib ki, TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan “bulud” texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək.
Yeni yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin stendində məlumat verilib ki, bu şəbəkə vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.
Sonra innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verilib.
“Azərkosmos” ASC-nin stendi ilə tanışlıq zamanı məlumat verilib ki, ölkənin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bildirilib ki, ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin SSL şirkəti tərəfindən istehsalı və “Ariannespace” şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
Yerli startapçılar tərəfindən hazırlanan məhsullarla tanışlıq zamanı qeyd edilib ki, “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alıb, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar ölkədə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlardır. Bu məhsullar arasında “Bakı Treki” və müxtəlif səviyyəli innovativ oyunlar maraqla qarşılanır.
Qeyd edək ki, Azərbaycan 1993-cü ildən ÜPİ-yə üzv qəbul edilib. Bu il Azərbaycan ÜPİ-nin Poçt Əməliyyatları Şurasına Poçt-maliyyə Xidmətləri adlı 4 nömrəli komissiyaya həmsədr vəzifəsinə seçilib.




Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/umumdunya-poct-i-ttifaqinin-bas-katibi-bakutel-2016-sergisi-ile-tanis-olub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR