İslamın orta məktəbdə fənn kimi tədrisinə ehtiyac varmı?

İslamın orta məktəbdə fənn kimi tədrisinə ehtiyac varmı?
19:04 2 Dekabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Orta məktəbdə din dərsləri kimlər tərəfindən tədris edilə bilər?
 
“Hazırda orta məktəblərdə həyat bilgisi adlı fənn tədris olunur. Bu dərslikdə islam və digər dinlər haqqında məlumat yer alsa da, oradakı dini biliklər yetərli deyil. Hesab edirik ki, şagirdlərin daha dolğun dini biliklər almasa üçün həmin dərslik daha da təkmilləşdirilməli və kitabdakı mövzular geniş şəkildə dərc edilməlidir”.
 
APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şöbəsinin müdir müavini, ilahiyyatçı Ceyhun Əliyev “Yaşıl orta” verilişində deyib. İslamın dünyəvi təhsildə tədrisinin müzakirə olunduğu verilişdə filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. C.Əliyev bildirib ki, orta məktəb dərsliyindəki dini biliklər qaneedici səviyyədə olmalıdır: “ Konstitusiyamıza görə dövlət dindən ayrıdır. Bizim ölkədə təhsil dünyəvi xarakter daşıyır. Odur ki, orta məktəblərdə dinin şəriət baxımından öyrədilməsi yol verilməzdir. Məktəblilərə dinin tarixi daha geniş həcmdə elə həyat bilgisi fənində tədris edilə bilər. Sadəcə bu dərsliyin üzərində işləmək və təkmil şəklə saxmaq lazımdır. Bu daha məqsədəuyğundur. Fənin adının isə nə olması o qədər də əhəmiyyət kəsb etmir. İstər adı dinlər tarixi olsun, istərsə də elə həyat bilgisi, fərq etməz. Əsas şagirdlərə zəruri bilikləri çatdırmaqdır”.
 
İlahiyyatçı mövzunun aktual olduğunu da vurğulayıb: “ Bu gün dünyada gedən prosesləri izləyərkən görürük ki, dini radikalizm və ekstremizm fonunda dini biliklərin tədrisi nə qədər zəruridir. Orta məktəbdə riyaziyyat, kimya kimi müxtəlif fənlər keçilir. Amma bu o demək deyil ki, hər məktəbi bitirən sonda riyaziyyatçı, yaxud da kimyaçı olacaq. Məzun olandan sonra hər kəs öz istədiyi istiqaməti seçir. Dinlə bağlı biliklərin tədrisində də məqsəd şagirdlərə zəruri dini məlumatları çatdırmaqdır. Aparılan araşdırmalar, keçirilən monitorinqlər onu göstərir ki, təhsili, savadı, intellektual səviyyəsi çox olan insanlar radikalizmə çox az meyl edirlər. Onların radikalizm girdabına yuvarlanma ehtimalı azdır. Əgər müsəlman  dinə doğru mənbələrdən yiyələnərsə, onun radikal cərəyanlara qoşulma ehtimalı sıfra enir”.
 
Tənqidçi İradə Musayeva da orta məktəbdə dinin tədrisini dəstəklədiyini bildirib: “ Biz dünyəvi dövlət olsaq da, müsəlman cəmiyyətiyik. Din dövlət idarəçiyində tətbiq edilməsə də, düşüncəmizdə, həyatın bütün sahələrində dini inancın rolu və təsiri var. Odur ki, islamı olduğu kimi öyrənməyə hər zaman ehtiyac duyulur.  İstərdim ki, orta məktəblərdə dinin şəriəti, sünni-şiə söhbəti deyil, tarixi tədris edilsin. İslamın mədəniyyətə, fəlsəfəyə münasibəti kimi məsələlərə yer verilsin”.
 
İ.Musayeva qeyd edib ki, orta məktəbdə dinin tədrisi xarici ölkələrdə də mövcuddur: “Avropada belə bir təcrübə var. Məsələn, Norvecdə, Böyük Britaniyada məktəblilərə dinin tarixi tədris edilir. Həmçinin  Rusiyanın bir çox əyalətlərində dünya dinləri fəni keçilir. Məqsəd şagirdlərdən din xadimi yetişdirmək deyil, onlarda zəruri dini dünyagörüşünün formalaşdırılmasıdır”. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR