Bakı. 2 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqillik Günü münasibətilə dekabrın 2-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
"Report"un məlumatına görə, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi çıxış edərək bildirib ki, 45 il ərzində ölkəsi böyük uğurlara imza atıb və 178 ölkəni əhatə edən dünyanın ən səxavətli yardım donorlardan biridir: "Bu illər ərzində Birləşmiş Ərəb Əmirlikləri dünyada etibarlı dostlar da qazanıb. Onlardan biri Azərbaycandır. Ötən illə müqayisədə bu il BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 100 dəfə artıb".
Səfir deyib ki Azərbaycanla BƏƏ arasında əlaqələri daha da möhkəmləndirmək və dərinləşdirmək üçün səylərini davam etdirəcək.
Azərbaycan hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını bayram münasibətilə təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, bu gün Azərbaycanla BƏƏ arasında hər sahədə əməkdaşlıq inkişaf edir: "Gələn il iki ölkə arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək".
Nazir iki ölkə arasında ticarət dövriyyəsinin 19% artdığını vurğulayıb: "Lakin biz bu rəqəmlərin artırılmasını və ticarətimizin şaxələndirilməsini istəyirik".
Qeyd edək ki, tədbirdə "Report" İnformasiya Agentliyi Birləşmiş Ərəb Əmirliklərin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlığa görə səfir M. Əl-Qubaysi tərəfindən xüsusi sertifikatla təltif olunub.
