Hamı bilir ki, qızardılmış qidalar ziyanlıdır, lakin bunun səbəbini bir çoxları dəqiq bilmir.
Publika.az saglamolun.az-a istinadən qızardılmış qidaların 5 ziyanını təqdim edir:
1. Qızardılmış qida çətinliklə həzm olunur, mədə-bağırsaq
sistemini yükləyir, mədədə diskomforta, ağrılara, qıcqırmaya,
qəbizliyin inkişafına səbəb olur.
2. Qızardılmış qidalarda suda və ya buğda bişirilmiş qidalarla
müqayisədə kalori daha çoxdur. Bu da artıq çəkiyə səbəb olur.
3. Qızardılmış qidalar orqanizmdə xolesterinin səviyyəsinin
qalxmasına səbəb olur. Bu isə aterosklerozun inkişafına gətirib
çıxardır. Ateroskleroz zamanı xolesterin damarlarda yığılır,
damarlar daralır, elastikliyini itirir. Bütün bunlar ürək
xəstəliklərinin, hipertoniyanın, infarkt və insultun əsas
səbəbləridir.
4. Yağın uzun müddət ərzində qızdırılması nəticəsində "akrolein"
maddəsi əmələ gəlir. Bu maddə çox təhlükəli kanserogen (xərçəngə
səbəb olan) sayılır. Dünyada aparılan çoxsaylı araşdırmalar
göstərir ki, qızardılmış qidaların (xüsusilə qızardılmış qırmızı
ətin) tez-tez qəbulu xərçəng xəstəliklərinin riskini artırır.
5. Qızardılmış qidalar orqanizmdə iltihabın səviyyəsinin artmasına
səbəb olur. Bu isə orqanizmdə müxtəlif iltihabi xəstəliklərin
kəskinləşməsinə və bəzi xəstəliklərin inkişafına (məsələn,
Alsheymer xəstəliyi) səbəb olur.