Play Store

Azərbaycan Prezidenti Tərtərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirdə iştirak edib

Azərbaycan Prezidenti Tərtərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirdə iştirak edib
10:47 3 Dekabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 3-də “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Qeyd olundu ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 120 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün hər birinin həcmi 5 min kubmetr olan 2 su anbarı, nasos stansiyası və 2,4 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Layihəyə əsasən, Tərtər şəhərində 91 kilometr paylayıcı su şəbəkəsi yaradılıb, 4700 ünvana birləşmə verilib və bu ünvanlar sayğacla təmin edilib. Yanğın təhlükəsizliyi məqsədilə şəhərin müxtəlif yerlərində 360 yanğın hidrantı, suyun optimal idarə edilməsi üçün 185 siyirtmə quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Bu məqsədlə 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilometrlik kollektor inşa edilib. Şəbəkəyə 4700 ünvanın qoşulması təmin olunub. Beləliklə, Tərtər şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikintisi də layihələndirilib və bu mərhələdə icra olunacaq. Tullantı sutəmizləyici qurğu və inzibati bina da nəzərə alınmaqla layihə üzrə tikinti işləri 2018-ci ildə tam yekunlaşacaq.
Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər “Azərsu” ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib.
Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq.
Sonra dövlətimizin başçısı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-terterde-icmeli-su-techizati

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR