Dünyagörüşünün fitrətə uyğunluğu

Dünyagörüşünün fitrətə uyğunluğu
20:17 3 Dekabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

Ötən bəhsimiz İlahi dünyagörüşü ilə bağlı giriş bir hissəyə aid idi. Ona toxunduq ki, dünyagörüşü nədir, İlahi dünyagörüşü nədir, maddi dünyagörüşü nədir, İlahi və maddi dünyagörüşlərinin fərqi nədədir, dünyagörüşü ilə bağlı bəhsin əhəmiyyəti nədədir və dünyagörüşünün insanın həyatında rolu və əhəmiyyəti nədir.
Qeyd etdik ki, dünyagörüşü çox sadə sözlərdən təşkil olunub: dünya və görüş. Yəni, insanın dünyaya aid olan görüşü, insanın dünyaya aid olan baxışı. Araşdırdıq ki, bu, "haradan gəlmişik?", "haradayıq?" və "hara gedirik?" suallarının cavablarından formalaşır.
 
Daşla insanın nə fərqi?
Çox sadə dillə desək, əgər insan desə ki, Allahdan gəlmişəm, Allahdayam və Allaha doğru gedirəm - onda bu insanın dünyagörüşü olur İlahi dünyagörüşü. Yəni, elə-belə yaranmamışam, burada da elə-belə deyiləm, Allaha doğru gedirəm, Allah məni buraya bir imtahan üçün göndərib, sonda da Allahın dərgahına gedəcəyəm. Belə dünyagörüşlü insan deyir ki, hara baxıramsa, İlahi nişanələri görürəm. Bu dünyagörüşü insana prioritetlər müəyyən edir. Deyir, əgər gedəcəyin yer bəllidirsə, oraya uyğun azuqə tədarük etməlisən. İmtahan üçün bu dünyaya gəlmisənsə, gərək bu sınaqlardan ləyaqətlə çıxasan. İlahi dərgahda üzü ağ olasan. İzzətli bir durumda bu dünyanı tərk edəsən.
Maddi dünyagörüşü ilə bağlı bildirdik ki, deyir elə maddədənəm, maddədəyəm və maddəyə doğru da gedirəm. Maddi dünyagörüşünə görə alüminiumla insanın arasında fərq yoxdur. Küçədəki qəmbər daşı ilə insan arasında fərq yoxdur. Vicdan, şüur, məhəbbət, eşq, Vətəni sevmək - bunlar hamısı mənasız bir kateqoriyaya aid olur. Zira, alüminiumun, dəmirin, taxtanın məhəbbəti, sevgisi ola bilər? Yox! Daşın vicdanı ola bilər? Yox!
Bu, elə-belə söz deyil. Bu, çox fundamental bir bəhsdir və sadəcə olaraq, burada onu sadələşdirmişik. Yəni, maddi dünyagörüşlü insan vicdandan, sevgidən, məhəbbətdən danışanda, bu, qeyri-ciddi alınır. Çünki, onun dünyagörüşündə bu cür məsələlərə əslində yer qalmayıb. Misal üçün, "alüminiumun qeyrəti" desək, çox gülünc səslənər. Ona görə bu məsələyə diqqət yetirmək çox mühümdür.
 
Dünyagörüşü vəziyyəti müəyyənləşdirir
İnsanın dünyagörüşü onun vəziyyətini müəyyənləşdirir. Ona görə, çox vaxt özlərini maddi dünyagörüşünə aid edən insanlar, özləri də bilmədən, heç də maddi dünyagörüşünə aid deyillər. Özlərini çaşdırıblar, elə bilirlər materialistdirlər, amma əslində elə İlahi dünyagörüşündədirlər. Özləri etiraf etməsələr də, əslində bilirlər ki, bu yaradılışı, nəzmi, qanunauyğunluğu xəlq edən və tənzimləyən bir qüvvə var və bu qüvvənin aliliyi onlar üçün aydındır.
İlahi dünyagörüşü deyir ki, sən təsadüfi deyilsən, burada da səmərəli yaşamalısan və necə yaşamağından asılı olaraq, bəhrəsini də görəcəksən. Elə bu baxımdan bəhsin əhəmiyyəti çox mühümdür. Görək hansı dünyagörüşü insan üçün daha mühümdür. Qeyd etdik ki, həyatımızda bu məsələnin rolu çox böyükdür, insanın rəftarına birbaşa təsir göstərir. Birbaşa əxlaqına, davranışına, əməlinə təsir göstərir.
Gəldik çıxdıq ona ki, ən yaxşı və ən üstün dünyagörüşünün xüsusiyyətləri hansılardır. Beləsi üç idi:
1) ağıl; 2) fitrət və 3) məsuliyyət.
Demək, burada üç mühüm xüsusiyyət var. Birincisi ağılla uyğun gəlməkdir. O dünyagörüşü, o məktəb ki, deyir, ağıl, məntiq, fəlsəfə lazım deyil, bilin ki, orada vəziyyət xarabdır. Dəqiq xarabdır.
Beləsi deyir ancaq mən deyən düzdür. Məsələn, bütpərəstə sual vermək olmaz ki, niyə belədir. O, hesab edir ki, ən düzgün yol budur.
İslamın gözəlliyi də bundadır ki, deyir, bunları şüurlu surətdə əldə etməlisən. Deyir, üsuliddin - dinin kökləri düşüncə ilə əldə edilməlidir. Əsaslı olmalıdır. Deməli, birinci amil - əql çox mühüm məsələdir.
 
Müəyyənedici amillərdən ikincisi: fitrət
İkinci məsələ - fitrətdir. Yəni, əqidə insanın fitrəti ilə uyğun olmalıdır. Və bəhsimiz fitrətlə bağlı olacaq.
Üçüncü amil insana məsuliyyət verməklə, məsuliyyət müəyyən etməklə bağlıdır. Bu yanaşma insana ümid verir və ən əsası - insana məsuliyyət verir.
Biz hamımız yaradılmışlardanıq. Demək, nəticələrik və bu nəticələrin bir səbəbi olmalıdır. Bu böyüklükdə harmoniya var, qayda var, hər şeydə həmahənglik var. Trilyonlarla proseslər hər an əlaqələndirilir, tənzimlənir. Düşünən adam üçün elə bu üzdə olan amil - Yaradana, Nəzm edənə bir sübutdur. Məsələn, Günəş bir gün müəyyən vaxtdan on dəqiqə tez, ya on dəqiqə gec çıxmır. Ulduzlar bir gün elə, bir gün belə olmur. Ay özünü bir gün elə, bir gün başqa cür aparmır. Yaxud, bizim bədənimizdə molekullar özünü bir gün belə, bir gün ayrı cür aparmır.
Bütün bu məsələlər göstərir ki, bir dəqiq nəzm var. Yaxşı, insan bir cihaz, məsələn, fotoaparat düzəldəndə deyilir ki, bir ağıl olub, bir şüur olub bunun hazırlanmasında. Bunun bir düzəldəni var. Və hər hansı bir düzəldilən şeyə aid də eləcə. Adicə bir ağacın şəklini çəkirik, deyirik nə qəşəng şəkildir, bunu çəkən var ki, bu cür qəşəng şəkil olur. Onda bu ağacın, quşun, heyvanın, insanın da, təbii ki, bu cür gözəl yaradanı da var axı. Bunlar sadə məntiqlə qavranılan bir həqiqətlərdir.
Bəhsimiz fitrətlə bağlı olan bir bəhsdir. Görək tövhid bəhsinin insanın fitrəti ilə nə qədər uyuşması var. Qeyd edək ki, fitrət özü xilqət - yaradılış sözü ilə həm eyni vəzndədir və həm də eyni mənadadır. Eyni vəzndədir - yəni fitrət elə xilqət kimi oxunmalıdır. Fitrət - necə ki, xilqət. Mənası da çox yaxındır. Fitrət sözü haqqında çox danışmaq olar. Amma belə bir təqribi məna vermək olar ki, hər bir duyğu, hər bir hiss, hər bir dərk, hər bir anlam ki, insanda mövcuddur və əmələ gəlməsində müəllimə, dərsə, öyrənməyə, məşqə, təlimə ehtiyac yoxdur və o duyğu, o dərk və o hiss insanda daimi, həmişəlikdirsə, və bunlar bütün insanlarda, bütün məkan və zamanlarda sabit olarsa - bunlara fitri deyirlər.
Buna uyğun gələn xüsusiyyətlər insanın fitrətinə aiddir. Misal üçün, ananın uşağa sevgisi, ananın uşaqla olan rabitəsi, ananın uşaqla olan münasibəti - bu, fitrətdə olan bir məsələdir. İstəyir bu ana Bakıda yaşasın, istəyir Fransada yaşasın, istəyir Afrikada yaşasın. Harada ana var - orada övladına qarşı çox böyük diqqətlilik var. İstəyir bu gün yaşasın, istəyir beş-on əsr bundan qabaq yaşasın, istəyir beş-on əsr bundan sonra yaşasın. İstəyir şəhərdə yaşasın, istəyir kənddə yaşasın. Ana və övladın arasında münasibət dəqiqdir, fitridir.
Deməli, buradan aydın olur ki, o məsələlər ki, insanın təbiətində var - bunlar insanın fitrətində var. Bunlar bütün bu parametrlərə malik olurlar. Özü də məşqlə, öyrənməklə, müəllimlə, dərslə-filanla əmələ gələn məsələlər deyil. Belə deyil ki, anaya dərs keçirlər, sonra o, başlayır uşağına məhəbbət bəsləməyə. Bu, bir təbii haldır ki, ananın uşağına, körpəsinə sevgisi olur.
 
İnsanın Allahı tanıması - fitri hissdir
İnsanın Allahı tanıması nə qədər fitridir? Nə qədər fitrətlə uyğun gəlir? Nə qədər insanın fitrəti ilə bunun uyğunluğu var? Hər hansı insandan soruşsaq - şəhərdə yaşayandan da, kənddə yaşayandan da, dövlətlidən də, kasıbdan da, cavandan da, qocadan da - fərqi yoxdur, əgər ona bu sualı versək ki, sən özünü müstəqil, ehtiyacsız bir varlıq bilirsən ya yox, deyəcək yox. Mən özümü yaşayışımda kənar qüvvədən asılı, ehtiyaclı bir varlıq bilirəm.
Əgər birdən biri tapılsa ki, desə yox, mən elə ehtiyacsızam, onun üçün çox sadə sübut yolu var. Sadəcə olaraq, bir neçə dəqiqə nəfəs almasa, dəqiq bilər, aydınlaşdırar özü üçün ki, mövcudiyyəti haradandır. Ayıq adam dəqiq bilir ki, ehtiyaclıdır.
Söhbət gedir normal insandan. Normal insanlar hamılıqla qəbul edirlər ki, kənar təminatdan, vücudvermədən ehtiyaclı və asılıdırlar. Bu hiss insanda var. Bunu insan ali riyaziyyat keçmədən də başa düşür, çoxlu dil bilsə də, bilməsə də başa düşür. Hər bir insan bilir ki, asılıdır, ehtiyaclıdır. Özü üçün bu duyğusu var. Bu, birmənalıdır.
Məsələ çıxır ki, yaxşı, insanda bu duyğu var, bəs bu duyğu nə ilə ödənilir? Bu hissi insan nə ilə ödəyir? Nə ilə doyuzdurur? Deməli, insanın o duyğularını doyuzdurmaq iki cür olur:
1) həqiqi doyuzdurma; 2) yalançı doyuzdurma.
Sadə bir misal. Uşaq acdır, ağlayır. Uşağın aclığı realdır. Acdır, ona görə də ağlayır. Uşağa yemək verəndə uşaq həqiqətən doyuzdurulur. Aclıq hissi ki, var bunda, ağamaqla siqnal verir. Bildirir ki, mən acımışam. Ağlayır, buna gərək yemək verəsən. Buna yemək versən, onda gerçəkdən ödəyirsən onun istəyini. Bunun əvəzində yalandan da ödəyə bilərsən onun o hissini. Ona əmzik vermək olar və uşaq sorur və süni surətdə aclıq duyğusunu aradan aparır.
Yəni, yemək də vermək olar və süni ödəmə də etmək olar. Hər iki hal mümkündür. İndi insanın bu cür də duyğusu var ki, o, asılıdır və ehtiyaclıdır. Bu asılılığı ilə bağlı nədən asılıdır, nəyə bağlıdır, nəyə ehtyaclıdır - bununla bağlı insanın bir söykənəcəyi olmalıdır. İnsan anlamalıdır ki, bu haradan başlayır.
 
Fitri hissin süni və təbii ödənilməsi
Burada da iki cür olması mümkündür insanda. Mümkündür ki, insan bu duyğusunu 2 cür həll etsin:
1) bir var desin Allah var və Rəbbim ödəyir mənim ehtiyacımı. Həm yaradıb, həm yaşayış ərzində mənim ehtiyaclarımı ödəyir;
2) bir də var desin, misal üçün, təbiət yaradıb məni. Burada dərhal sual çıxır ortalığa. Bəs təbiətin özü nədir? Təbiətin özü ehtiyaclıdır, ya ehtiyacsızdır? Bir qədər dərinə gedəndə, məlum olur ki, təbiət özü də ehtiyaclıdır. Təbiətin özünün də bu ehtiyacını ödəyən lazımdır.
Və beləliklə, silsilə ilə, nəticə etibarilə gəlib çıxır ki, insan bu duyğusunu iki cür ödəyə bilər:
1) sadiq ödəmə, həqiqi ödəmə ki, gəlib çıxır ona ki, məni Allah yaradıb.
2) süni ödəmə, yalançı ödəmə. Özünü nə iləsə rahatlayır. Deyir, təbiət mənim bu ehtiyacımı ödəyir.
Bir xüsusiyyəti də var fitri məsələlərin. İnsanın fitri duyğuları ödənəndə, gözəl ödənəndə fəxr hissi keçirir, qürur hissi keçirir. Ana uşağını bağrına basanda fəxr edir. Sevinir, qürur hissi keçirir. Bu, bütün fitri dərklərin və bütün fitri xüsusiyyətlərin bir əlamətidir. O cümlədən də Allahı tanımada, Tövhid tanımada da bu məsələyə diqqət yetirmək olar.
İndi nəzər salaq ki, peyğəmbərlərin əsas işi nədir? Əsas funksiyası nədir? Peyğəmbərlərin (ə) əsas funksiyası, əsas işi budur ki, qoymasınlar insanlar özlərinin bu lətif və düzgün duyğularını, düzgün olan bu fitri dərklərini süni, yalançı nələrləsə ödəsinlər, insanlar özlərini aldatsınlar.
Deməli, peyğəmbərlərin funksiyası bənzəyir ananın funksiyasına ki, uşaq acıyanda və yemək istəyəndə çalışır ki, yemək istəyini ödəmək üçün buna uyğun yemək versin. Ananın ürəyi dözməz ona ki, uşaq ac olsun və uşağın başını nə iləsə aldadsın.
O cür də peyğəmbərlərin (ə) funksiyası var ki, həmin o yalançı və süni ödəmələri kənara qoysunlar və doğru, fitrət üçün doğru olan ödəmələri təqdim etsinlər. Buradan belə bir məsələ çıxır ki, insan tapınmalıdır Allaha, insan tapımalıdır Rəbbin varlığına. Tövhid buna gətirib çıxarır ki, insan anlayır ki, onun Allahı var, onun peyğəmbəri var. Bu, insanı bəndə olmağa gətirib çıxarır. Bu, insanın Allahın bəndəsi olmasına gətirib çıxarır.
Sual çıxır ki, insanın Allahın bəndəsi olması bu insan üçün, insanın azadlığı üçün, insanın hürriyyəti üçün bir maneçilik törədir, ya yox? Bu sualı da yəqin ki, az eşitməmişik: mən indi Allaha tapınsam, mənim azadlığım aradan gedə və s. Əlbəttə ki, həqiqət bunun tam əksidir. Həqiqi hürriyyət məhz Allaha bəndəliklə əldə edilir. Amma bu barədə gələcək bəhslərdə təfsilatı ilə toxunarıq.
Allahım! Bizləri Sənə tapınanlardan, əiz Peyğəmbər (s) və Əhli-Beytinin (ə) davamçılarından qərar ver! Amin!
 
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR