Bakıda elektrik naqillərinin qorxusu ilə keçən həyatlar - FOTO

Bakıda elektrik naqillərinin qorxusu ilə keçən həyatlar - FOTO
20:32 3 Dekabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Sovet dövründən qalma yarımtikilidə kustar üsulu ilə tikilmiş evdə baş vermiş yanğın nəticəsində bir ailənin həlak olmasından sonra qaçqın və məcburi köçkünlərin yaşadığı ümumi həyətlər və yataqxanalarda təhlükəsizliyin təmin olunması məsələsi aktuallaşıb.

Hadisənin baş veridiyi ərazidə yaşayan digər sakinlər yanğına elektrik xətlərində yaranan qısa qapanmanın səbəb olduğunu desələr də, Fövqəladə Hallar Nazirliyinin sözçüsü səbəbin araşdırıldığını bildirir.

BBC Azərbaycanca müxbirinin baş çəkdiyi digər yataqxana sakinləri bildirir ki, elektrik xətlərində problemlər mütəmadi müşahidə olunur.

Hadisə necə baş verib?

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın Nizami rayonunda tikintisi Sovetlər dövründən yarımçıq qalmış yaşayış binasının zirzəmisində baş verib.

Yan-yana 4 ailənin məskunlaşdığı tikilidə otaqların yanar konstruksiyaları gecə saatlarında yanıb.

Nazirlik bildirir ki, yanğının kəşfiyyatı zamanı 33 yaşlı Seymur Babaşov, 30 yaşlı Cəvahir Babaşova və onların 2 övladı 11 və 9 yaşlı Fərhad və Elşad Babaşovların yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Həlak olan ailənin yaxın qonşusu Ramilə İbişova izah edir ki, yarımçıq tikilidə evi yaşayan ailələrin özü düzəldib. Ərazidə qaz olmadığından hamı evin istilik məsələlərini elektrik enerjisi hesabına həll etməyə çalışıb.

Yanğın ərazisi

Otaqların eni və hündürlüyü balacadır. Bu səbəbdən əlavələr edilib. Əlavələr isə fanera, taxta, karton kimi tez alışan tikinti materiallarından tikilib.

"Kartondan, fənərkadan bir ev idi, calamışdıq bir-birinə, uşağımız üşüməsin deyə", o ağlayaraq davam edir.

Onun sözlərinə görə, yanğın baş verdiyi gecə hava küləkli olub. Ramilə xanım yanğının səbəbini elektrik naqilləri səbəbindən olmasına şübhə etmir.

"O ailə yanğın vaxtı çölə çıxmağa pəncərə olmadığı üçün yanıb. 9 yaşında Elşad orda külə döndü, 12 yaşında Fərhad külə döndü. Bunun cavabını kim verəcək?" o sual edir.

Həlak olan ailənin qonşusu uşaqların tez-tez valideynlərindən çarpayı, velosiped və BEN 10 yataq dəsti istədiyini xatırlayır.

Yanğın ərazisi

Qorxu

Hadisədən öz ailəsinin, xüsusən də həlak olmuş uşaqlarla eyni yaşlarda olan 2 oğlunun çox təsirləndiyini qeyd edən müsahibimiz, günahı elektrik naqillərinə nəzarət etməyən dövlət qurumlarında görür.

"...bu məhlədə Elşadlar, Fərhadlar çoxdur. Hamısı yanacaq", o giley edir.

Digər qonşu Zahid Hüseynov illərdir bu ərazidə yaşadığını deyir. O, uşaqların elektrik naqillərindən qorumağın mümkünsüzlüyündən danışır.

"Hərə bir tikə çörək dalınca gedir. Cərəyan vursa öləcəklər", o deyir.

Cəbrayıl rayonundan məcburi köçkün olan müsahibimiz ərazidə elektrik naqillərində qısa qapanma hallarının çox olduğunu deyir. O, belə problemlərin sakinlər tərəfindən həll edildiyini də qeyd edir.

Ərazidə Babaşovlar ailəsinə maxsus otaqlardan başqa 2 ailənin də evləri yanıb. Onlar məcburi köçkün olmadıqlarından və evlərin rəsmi sənədi olmadığından dəymiş ziyanın ödənilməyəcəyi bildirilib.

FHN

Qonşuların verdiyi paltarları geyinib gəldiyini deyən Rəsmiyyə xanım, 2 oğlunun hərbi xidmətdə olduğunu və onların gəlməyə yerinin olmadığını deyir.

"Dedilər, "oformut" [qeydiyyat] olmamısan, havadasan", 20 ildir bu ərazidə yaşayan Rəsmiyyə xanım deyir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov BBC Azərbaycancaya bildirib ki, yanğının yaranmasının səbələrilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

Ərazidə yaşayan sakinlərin bir neçəsi gələn yanğınsöndürən maşınlarda kifayət qədər suyun olmaması ilə bağlı şikayəti ilə bağlı isə qurum sözçüsü deyir ki, "əraziyə 10-a yaxın maşın göndərilib".

Oqtay Bayramov daha sonra verilən heç bir sualı cavablandırmayıb.

Qonşuları deyir ki, hadisə günü əraziyə bir neçə dövlət qurumunun nümayəndəsi, o cümlədən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da gəlib.

30-dan çox evin yanması

Bir neçə illik yataqxana tipli və ya ümumi həyət kimi köçkünləri yaşadığı müxtəlif yerlərdəki müşahidələrimizə əsasən, bu tikililərdə elektrik naqillərinin təhlükəli olması sakinləri qorxudur.

Dərnəgül yataqxanası

Belə ərazilərdən biri də Dərnəgül qəsəbəsində yerləşən 10-dan çox yataqxananın yerləşdiyi yerdir. Yataqxanalar müxtəlif universitet və institutlara aid olub. Hazırda isə burada əsasən məcburi köçkünlər məskunlaşıb.

Dərnəgül yataqxanası

Elektrik nəqilləri

Dərnəgül yataqxanası

2012-ci ilin avqustunda bu binalardan birində yanğın baş verib. Sakinlər yanğına səbəb elektrik naqillərinin olduğunu deyirlər.

Yanğın FHN-nin müdaxiləsilə söndürülüb və sakinlər başqa ərazidə bir ay müddətində çadırda yaşayıb. Daha sonra evlər təmir olunub və sakinlərə 800 manat dəyərində birdəfəlik yardım edilib, sakinlər təsdiqləyir.

Evi yanmış sakinlərdən biri olan Füzuli rayonundan məcburi köçkün olan Nuridə Quliyeva binada olan ümumi mətbəxdə neçə dəfə qazın partladığını da vurğulayır.

Dərnəgül yataqxanası

Laçın rayonundan olan köçkün Gülxar Nərimanova isə vurğulayır ki, 4 il öncə yanğın gündüz saatlarında deyil, gecə vaxtı baş versəydi, onlar xilas ola bilməyəcəkdilər.

Hazırda bina təmir edilib və elektrik naqilləri düzəldilib. Ancaq sakinlər hələ də işığın normal verilmədiyini və qorxu ilə yaşadıqlarını vurğulayırlar.

Zəngilan rayonundan köçkün Məmləkət Quliyeva binanın təmir edilməsinə baxmayaraq hələ də qəzalı olduğunu bildirir.

"Uşaqları gözümüzdən qoymuruq ki", o deyir və əlavə edir ki, elektrik naqilləri yaşadıqları otağın divarına yapışdırılıb.

Üstü açıq naqillər

Digər bina isə təmirli deyil və burada elektrik naqillərinin üstü açıqdır. Binanın birinci mərtəbəsində paylayıcı qutunun ətrafı hisdir. Sakinlər deyir ki, bu yaxınlarda naqillər alovlanıb.

"Stress keçirmişik", deyən sakinlər yanğınsöndürənlərin əraziyə gəldiyini bildirirlər.

Dərnəgül yataqxanası

Sakinlərdən biri ümumi mətbəxi göstərir və qeyd edir ki, mətbəxdə elektrik xətləri su xətləri ilə yanaşıdır və tavan tökülür. Burada həmçinin, təbii qazın qoxusundan dayanmaq mümkün deyil.

Ağdam rayonundan köçkün Zəminə Əliyeva "burada çürüdük" deyir.

Digər binalardan birinin sakini Zəngilan rayonundan məcburi köçkün Bəndalı Hüseynov 1993-cü ildən burda yaşadığını deyir. O, binanın təmirli olduğunu və təhlükəsizliyin təmin oldunduğunu deyir.

Lakin danışdığımız digər sakinlər bu fikirlə razı deyil. Elə məhz bu binada ötən həftə, noyabrın 19-da səhər saatlarında yanğın baş verib və hazırda evdə təmir işləri aparılır.

Peşə məktəbi

Nizami rayonunda 14 saylı peşə məktəbində məskunlaşmış 10-a yaxın ailə də paylayıcı qurğunun alovlanmasının qorxusu ilə yaşayır.

Füzuli rayonundan məcburi köçkün Şəhla Əliyeva izah edir ki, bu qutu "tez-tez alışır və ailələrin kişiləri tərəfindən düzəldilir".

Elektrik nəqilləri

O, deyir ki, burda böyüyən uşaqlar da qutunun təhlükəsinin fərqindədirlər və uzaq gəzirlər.

Peşə məktəbi

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR