Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır.
Publika.az xəbər verir ki, Sputnik-in əməkdaşı sınıqçıların nə dərəcədə peşəkar olması və insanların marağını hansı cəhətləri ilə özünə cəlb etməsini araşdırmağa çalışıb.
Həkim Tofiq İsmayılovun sözlərinə görə, sınıqçılar peşəkarlıqda heç də həkimlərdən geri qalmırlar: "Mənim özümü də uşaq vaxtı çox sınıqçıya aparıblar. Baxır sınıqçının peşəkarlığına. Yaxşı sınıqçılar hal-hazırda da var. Amma, müasir avadanlıq və tibb inkişaf edibsə, o zaman həkimlərə müraciət etmək lazımdır. Yalnız çıxılmaz vəziyyət olarsa, o zaman peşəkar sınıqçıya getmək olar".
"Müasir dövrdə oturaq həyat tərzi keçirən insanlar arasında
skalioz xəstəliyi artıb. Bu xəstəliklə də sınıqçılara müraciət
edənlər az deyil. Sadəcə zamanında müraciət etmək lazımdır, əks
halda nəinki sınıqçı, heç həkimlər də kömək edə bilmirlər", — T.
İsmayılov bildirib.
Tibbi ekspert və həkim Adil Qeybulla isə insanları birmənalı
həkimlərə getməyə səsləyib: "Cərrahlıq meydana gələnə kimi sınıqçı
adlandırdığımız el həkimləri populyar idilər. Sınıqçı da hərəkətin
pozulması, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət
zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Sınıqçılar öncə
zədəni müəyyən edirlər, sonra yumşaldıcı vasitələrdən istifadə
edirlər. Çünki, sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da
əzələlərin yığılmasına səbəb olur".
"Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin", — ekspert qeyd edib.
Onun sözlərinə görə, sınıqçılar bunları yaxşı bildikləri üçün,
sümükləri düzgün müalicə edə biliblər və insanların etibarını
qazanıblar: "Amma, müasir dövrdə buna ehtiyac yoxdur. Müasir
təbabət getdikcə yenilənir və daha dəqiq diaqnozlar qoymaqla daha
yaxşı nəticələr əldə etmiş olurlar".
Psixoloq Tariyel Faziloğlu isə insanların sınıqçıya üz tutmalarının
iki psixoloji səbəbinin olduğunu diqqətə çatdırıb: "Bunun psixoloji
tərəflərindən biri odur ki, Azərbaycanda əhalinin əksəriyyəti
səhiyyə sisteminə inanmır və daha çox sınanmış vasitələrdən
istifadə edir. Bu da türkəçarədir. İkinci səbəb isə onunla bağlıdır
ki, səhiyyə sisteminin təklif etdiyi qiymətlərlə əhalinin maddi
durumu üst-üstə düşmür".
"Tibbi sığorta da yoxdur. Bütün bunlar əhalini həkimdən
uzaqlaşdırır. Buna görə də insan həkimin əlinə düşməkdənsə,
sınanmış sınıqçıya daha çox üstünlük verir. Ucuz və keyfiyyətli
olduğunu düşünürlər", — psixoloq vurğulayıb.