Qərb "rus ayısı"nı vurmaq istədi, zərbə özünə dəydi

Qərb "rus ayısı"nı vurmaq istədi, zərbə özünə dəydi
11:42 6 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

"Dostlar, amerikalı siyasətçinin yalan danışdığını müəyyənləşdirmək çox asandır. Yetər ki, onun dodaqlarının tərpəndiyini görəsən" (Uisten Hyu Oden)
Almaniyanın ən nüfuzlu işgüzar nəşrlərindən olan "Handelsblatt" qəzetindəki ekspertlər artıq narahat olublar. Onların fikrincə, Ukraynadakı olaylardan sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar və cəza tədbirlərinin yaratdığı böhran bumeranq təki qayıdaraq Avropanın özünü vuracaq.
 
Avropa Birliyi ölkələrinin iqtisadiyyatları və ən başlıcası, avro amerikalıların Moskvaya qarşı yürütdükləri siyasətin qurbanı ola bilər.
 
"Qərbin sanksiyaları, təbii ki, Rusiyaya çox ağır zərbə vurdular. Amma Rusiyanın itkilərinin əks-sədası çox tezliklə bizim özümüzə dəyəcək. 2008-ci ilin maliyyə böhranı sistemin bir hissəsindəki problemin digər müstəvilərə çox asanlıqla, özü də çox böyük sürətlə yayılmasını göstərmişdi", - qəzet yazır.
 
Almanlar haqlıdırlar. Rusiya iqtisadiyyatı, xüsusilə də maliyyə sistemi ağır durumdadır.
 
Məsələn, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki separatçılara tam dəstək verməsi, daha doğrusu, həmin bölgədəki rusları Kiyevdəki mərkəzi hakimiyyətə qarşı qaldıraraq marionetka "rejim"lər qurmasından sonra ABŞ və Avropa Birliyinin Moskvaya qarşı tətbiq etdiyi iqtisadi-maliyyə sanksiyaları gözlənilən effekti verib. Dünya bazarında xam neftin ucuzlaşması, daha doğrusu, Birləşmiş Ştatların Fars Körfəzindəki əbalı rejimlərə təzyiqlərindən sonra ucuzlaşdırılması nəticəsində Rusiyanın itkiləri on milyardlarla dollardır.
 
Belə şəraitdə Moskvadakı hakimiyyət ölkənin maliyyə sitsemini iflicdən qurtarmaq, iqtisadiyyatın kollapsa yuvarlanmasına imkan verməmək üçün banklara dalbadal yardımlar etmək məcburiyyətində qalıb. Rus rublunu kağız parçasına çevrilmək təhlükəsindən xilas etmək üçün atılan addımlar "maliyyə qripi" sayıla bilər və bu bəla da, təbii ki, əvvəlcə postsovet məkanına, sonra isə Avropa Birliyinə yayılacaq.
 
Gərçi Qərbi Avropa indi Rusiyada baş verənlərdən kənarda qala biləcəyini düşünürsə, yanılır.
 
Eynən 1998-ci ildə olduğu kimi, maliyyə böhranı sürətlə yayılacaq. Ağır durum ilk əvvəl Rusiyadan siyasi və iqtisadi baxımdan asılı ölkələrdə hiss olunacaq, onları vuracaq. Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan - bu dövlətlərdə maliyyə problemləri artıq kəskinləşməyə başlayıb.
 
Rəsmi Moskva bildirir ki, 1998-ci ildəki durumdan fərqli olaraq, Rusiya çox ağır çətinliklərlə üzləşməsinə rəğmən, böhrandan sürətlə çıxmağı bacarasıdır.
 
Vurğulanır ki, Rusiya dünyanın ən böyük qızıl-valyuta ehtiyatlarından birinə malikdir və əgər 1998-ci ildəki defolt ərəfəsində Moskva xarici kreditlərdən əhəmiyyətli dərəcədə asılı idisə, indi Rusiyanın borcları çox deyil.
 
Situasiya isə kəskinləşməkdədir. Dünya miqyasında tanınan bankların bir çoxu Rusiyada fəaliyyətlərini passivləşdirərək Moskvanın problemlərinin qlobal maliyyə sisteminə mənfi təsirini bu minvalla azaltmağa çalışırlar.
 
Di gəl, artıq gecdir.
 
Rusiyaya qarşı yürüdülən sanksiyaların Qərbə ən pis sonucu Avropanın adət etdiyi oyun qaydalarındakı dəyişikliklərdir. Belə ki, Avropa Birliyi bundan sonra da siyasətindən müstəqil olduğunu göstərməyə çalışmaqda çətinlik çəkəcək.
 
İkinci Dünya Müharibəsi başa çatandan bəri ABŞ-dan tam asılı duruma düşən Avropa onillər, qərinələr boyu "müstəqil" görünməyə çalışıb.
 
Ancaq sanksiyalar, xüsusilə də Vaşinqtonun oyun qaydalarını diqtə etməsinin formalaşdırdığı situasiyanı bundan sonra da "müstəqil siyasət, Avropa Birliyinin doktrinası" adı ilə pərdələmək həddən artıq çətin olacaq.
 
Avropalıların sevimli ifadələrindən olan "dünya birliyi" bunu anlayıb və avropalı siyasətçilər də onların düşdükləri naqolay durumu dünyanın bildiyini dərk edirlər.
 
Avropa Birliyinə daxil olan ölkələr səlahiyyət və maraqlarını sözügedən quruma ötən əsrin ikinci yarısında təhvil verdiklərindən, ABŞ-ın tam təsiri altındadırlar. ABŞ-ın göstərişi və razılığı olmadan Avropa Birliyinin xarici siyasətdə "müstəqil" qərarlar qəbul etməsi isə xam xəyal təsiri bağışlayan ehtimala çevrilib.
 
Vaşinqtonla Brüssel arasındakı təmaslarda avropalıların manevr imkanlarının nə həddə olması isə bəlli.
 
Avropalı siyasətçilər ABŞ-ın aşkar, bəzən də geosiyasətin qaydalarından kənara çıxan qəddar hegemonluğundan şikayətlənirlər. Xısın-xısın, astadan. Bərkdən danışanların taleyi bəlli: Beynəlxalq Valyuta Fondunun direktoru Dominik Stross-Kan 2010-cu ilin sonlarında Birləşmiş Ştatların Avropa ilə bağlı siyasətini tənqid etməyə başlamışdı.
 
Fransada keçiriləcək prezident seçkilərində namizəd qismində iştirak etməyə hazırlaşan Stross-Kan sözlərinə peşman edildi, Nyu-Yorkdakı otellərdən birinin yöndəmsiz xadiməsi "o, məni zorladı" şikayəti ilə məhkəməyə üz tutdu və fransız siyasətçinin karyerası məhv oldu.
 
Daha doğrusu, ABŞ-a qarşı çıxdığına görə Dominik Stross-Kanı siyasi meyitə çevirdilər.
 
Avropa Birliyinin siyasətçiləri də kütləvi idiotizm xəstəliyinə tutulmayıblar, nəyin nə olduğunu anlayır və ABŞ-ın gerçək məramları ilə bağlı illüziyalara qapılmırlar.
 
Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR