Azərbaycanda magistratura imtahanının məzmunu ilə bağlı dəyişikliklər bu ildən tətbiq ediləcək

Azərbaycanda magistratura imtahanının məzmunu ilə bağlı dəyişikliklər bu ildən tətbiq ediləcək
12:13 6 Yanvar 2015
322 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarında İnformatika fənni üzrə imtahanın məzmununda ötən ilin iyun ayından elan edilmiş dəyişikliklər bu ildən tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Әliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dəyişikliklərə əsasən, bu ildən qəbul imtahanlarında İnformatika fənnindən Windows əməliyyat sisteminin 7-ci versiyası və Office proqramlarının 2013-cü il versiyası üzrə tapşırıqlar olacaq.

N.Әliyev deyib ki, magistratura pilləsinə qəbul qaydaları “Magistr” jurnalının 1-ci sayında dərc edilib. Bu buraxılışda magistratura pilləsinə hazırlaşan bakalavrlara kömək məqsədilə məntiqi təfəkkürün yoxlanılması üzrə qəbul imtahanı proqramı, həmin proqram əsasında test nümunələri, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları da təqdim edilib.

Şöbə müdiri bildirib ki, magistraturaya qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar. İkinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar.

Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək).

N.Әliyev deyib ki, Azərbaycan bölməsinin bakalavrlarına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dillərini də seçə bilərlər.

Filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Regionşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini, regionşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR