Azərbaycanın polad istehsalçısı regional rəqabəti öyrənəcək

Azərbaycanın polad istehsalçısı regional rəqabəti öyrənəcək
12:33 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın polad istehsalçısı "Baku Steel Company" MMC regiondakı iri rəqib şirkətlərin fəaliyyətini ciddi şəkildə təhlil etməyi planlaşdırır. Trend xəbər verir ki, bu barədə MMC rəhbərinin istehsalat üzrə müavini Ramin Kərimovun çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiya, İran və Türkiyə metallurgiya sahəsində iri regional istehsalçılardır: "Rusiya ildə orta hesabla 70 milyon, Türkiyə 34 milyon, İran isə 15 milyon ton polad istehsal edir. İran İslam Respublikası yaxın bir neçə ildə illik istehsalını 50 milyon tona çatdırmağı hədəfləyir. Zəngin dəmir filizi yataqlarına malik olan İran (burada filizin ilkin tərkibində dəmirin miqdarı 50-55 faiz təşkil edir) ötən il 7 nəhəng metallurgiya zavodunun tikintisinə başlayıb. Bu baxımdan biz yeni metallurgiya zavodları qurmazdan öncə yerli bazarı təhlil etməklə yanaşı, regionda da hansı metallurgiya nəhəngləri ilə rəqabət aparacağımızı və eyni zamanda, hansı növ polad məmulatlarını istehsal edəcəyimizi çox ciddi təhlil etməliyik".

Müəllif yazır ki, İran İslam Respublikasında dəmir filizi ehtiyatı 7 milyard ton, Rusiya Federasiyasında isə 206,1 milyard ton civarındadır.

Azərbaycan ümumi ehtiyatları 246 milyon ton həcmində dəmir filizinə malikdir, təsdiqlənmiş ehtiyatlar 233 milyon ton (tərkibində dəmir oksidinin orta səviyyəsi 43 faiz) təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında ölkədə dəmir filizi istehsalının həcmi 89,6 min ton olub.

"Baku Steel Company" MMC 2001-ci ilin iyununda istehsalat prosesinə başlayıb. Ölkənin daxili bazarlarına əsas armatur tədarükçüsü olan "Baku Steel Company" MMC həmçinin Rusiya, Gürcüstan, Türkmənistan və İrana da məhsul ixrac edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR