Azərbaycanda 2-ci liqa yaradılmalıdırmı? - SORĞU

Azərbaycanda 2-ci liqa yaradılmalıdırmı? -   SORĞU
15:07 21 Dekabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

İkinci divizionun yaradılmasıyla məsələsi dəfələrlə gündəmə gətirilsə də, AFFA bu yöndə samballı addım atmağı bacarmayıb. Fanat.Az olaraq bir neçə idman jurnalistinin köhnə problem haqda yenidən danışmasını istədik. Qələm əhlinin daha bir peşəkar liqa mövzusunda səsləndirdiyi fikirlər arasından ən dəyərliləri seçmək sizin haqqınızdı.

Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): “Azərbaycan futbol ölkəsi olmağa iddialıdısa, təbii ki, ikinci divizion da qurulmalıdı. Yəni hazırda bizim futbol idarəçiliyində durum elədi ki, elitada oynayanın birinci diviziona, birinci divizionda oynayanın isə ikinciyə yuvarlanmaq qorxusu yoxdu. Çempionatların və liqaların təşkili ilə bağlı klassik qaydalar çoxdan əbədiyyətə qovuşub. Əlbəttə, buna görə məsuliyyəti birmənalı şəkildə PFL daşıyır. Amma məsələnin başqa tərəfi də var. İndiki iqtisadi böhran və yerli, səviyyəli kadrların çatışmazlığı şəraitində normal, rəqabətədavamlı ikinci divizionun təşkilinin mümkünlüyünə inanmıram”.

Rəşad Ergün (“Komanda.az” saytının rəhbəri): “Fikir olaraq yaxşı səslənir. Amma Azərbaycanın sözdə peşəkar olan Premyer Liqasını zorla qoruyub saxlayır AFFA və PFL. Birinci diviziondakı komandaların demək olar əksəriyyəti həvəskar, yarımhəvəskardı. Yəni peşəkar liqa yaratmaq üçün ilk növbədə maliyyə vəsaiti, struktur, savadlı kadrlar lazımdı. Ölkənin bu günündə bütün bunlar üfüqdə yuxuya gedən xəyal kimi görünür”.

Emin Abbasov (“CBC Sport”un şərhçisi): “Hər hansı bir ölkədə daha bir peşəkar liqanın yaradılması üçün ilk növbədə buna zəmin və zərurət olmalıdı. Hər şeydən əvvəl liqalar arasında zəncirvari bir sistem qurmaq lazımdır. Çünki o zəncirin qırıldığı nöqtə aşağıdakı liqanın əhəmiyyətini itirir. Misal üçün, Almaniyada “Leypsiq” bütün peşəkar liqaları adlaya-adlaya gəlib və (əksəriyyəti) həmin futbolçularla Bundesliqanın liderlərindən birinə çevrilib. Əvvəlki illərdə də belə nümunələr olub Almaniya futbolunda. Və ya götürək Fransanı. 2009-cu ildə 2-ci liqa təmsilçisi “Genqam” ölkə kubokunun qalibi olub. Avropa futbolunda belə misallar çoxdu. Bəs bizdə? Müasir futbol tariximizdə nə vaxtsa I divizion klubu gəlib kuboku qazana bilibmi? Deyək ki, “Zirə” Premyer Liqaya ilk gəlişində mükafatçı oldu. Bəs, I divizionda heyətdə olanlardan neçəsi Premyer Liqaya yaradı? Sözüm ondadır ki, bizdə heç Premyer Liqa ilə I divizionda arasında o zəncir yoxdur. I Divizion elə bil bataqlıqdı. Bu illər ərzində oradan Premyer Liqaya neçə futbolçu keçid edib və onlardan ölkə səviyyəsində parlayanı olubmu? Yox! I divizonda klubların infrastrukturu, akademiyası, strategiyası yoxdursa, II divizonu yaratmağın nə mənası var? Bu klublar hardan maliyyələşəcək? Oyun, məşq, maaş və s. xərclər kimin və nəyin hesabına qarşılanacaq? Adı peşəkar olsa belə, indiki halda yalnız həvəskar səviyyədə liqa yaratmaq mümkün olar. Amma onun da effekti olmayacaq. Necə ki, Premyer Liqa ilə I divizion arasında uçurum var, eləcə də I və II divizion klubları arasında olacaq. İlk növbədə Premyer Liqada iştirakçıların (əsasən bölgə) sayı artırılmalıdı. Aşağıda qalan klublarla isə əvəzedicilərin çempionatını birləşdirmək lazımdı. Klubların əvəzediciləri müsabiqədən kənar, “B” (Misal üçün, “Qarabağ” B, “Qəbələ” B və s.) komandası kimi çıxış etməlidir. Belədə, həmin liqalarda rəqabət də artacaq, ümumi səviyyə də. Bu proses uğurla həyata keçirilsə, bir neçə ildən sonra II divizion barədə düşünmək olar”.

Amal Abışov (“Sport7.az” saytının redaktoru): “Futbolun kütləviləşməsi baxımından cəlbedici ideyadır. Bunun sayəsində daha çox futbolçu şans qazanar, kütləvilik artar. Amma reallığı da nəzərə almalıyıq. Hazırda premyer-liqada cəmi 8 klubun mübarizə aparması, divizion iştirakçılarının çoxunun AFFA-nın ianəsinə möhtac olması acınacaqlı mənzərədi. Maliyyə mənbəsi, şəffaflıq olmadan mümkün deyil".

Ceyhun Rzayev (“Xəzər TV”nin əməkdaşı): "İkinci divizion mütləq olmalıdı. Nə qədər çox liqa olsa, futbolçuların oynaması üçün daha yaxşı şərait yaranar.  İkinci divizionun yaradılması, birincinin də səviyyəsini yüksəltmiş olar”.

Elçin Cəlilov (“Futbolpress.az” saytının baş redaktoru): “Açığı, I divizion hәlә şübhәli oyunlar burulğanından çıxarılsın, sonra ikinci divizion haqda düşünmәk olar. Diviziondan Premyer Liqaya neçә ildi uyğun yerlәri tutanlar qalxa bilmir. Sәbәb lisenziya tәlәblәrinә cavab vermәmәk vә s. Әvvәlcә bu kimi texniki problemlәri hәll etmәk gәrәkdir. Ölkә futbolunun indi kәmiyyәtә yox, keyfiyyәtә üstünlük vermәsi vacibdir”.

Kənan Məstəliyev (“Rekord.az” saytının baş redaktoru): "İkinci divizionun yaradılması ölkə futbolunun dayaqarının möhkəmlənməsi üçün vacib addımdı. Normal Premyer Liqası və I divizionu olmayan Azərbaycan üçün üstəlik 2-ci liqa da istəmək absurd görünə bilər. Ancaq hər kəs anlamalıdı ki, bu olmasa, hər il yeni klub yaradılıb, bir ilə Premyer Liqaya çıxacaq, bir az maliyyə problemi olan kimi, dağılıb hər şeyi yenidən yarımçıq qoyacaqlar. Azı 3 illik planı olmayan klubun qarşısını almaq üçün 2-ci divizionun olması mütləqdi. Ən azı bunun üçün. Ümumilikdə isə, gənc futbolçuların yetişməsi, regionlarda inkişaf üçün də önəmlidi”. 

Ruslan Mikayıllı (“Azerisport.az” saytının əməkdaşı): “İkinci divizionun - peşəkar liqanın yaradılmasını uyğun saymıram. Azerbaycan futbolunun hazırkı vəziyyəti buna imkan vermir. Premyer-liqanın ildən- ilə geriləməsi, birinci divizionun bu gundə keçirilməsi, ölkədə normal klubların az olması buna imkan vermir. Üstəlik, men heç birinci divizion klublarının çoxunu peşəkar saymıram. Klubların sayı çox olsa, ən yaxşı halda, birinci divizionu  genişləndirmək, yəni komanda sayını artırmaq olar. Məncə bizdə aşağı liqa və elita klublarının çoxu müvəqqəti fəaliyyət göstərir.  Qısası, ikinci divizion yaratmaq ideyası indiki durumda bizlik deyil”.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanda-2-ci-liqa-yaradlmaldrm-t55063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR