x
Loading...

Nazir: "Türkdilli dövlətlər iqtisadi əlaqələrini və əməkdaşlıqlarını daha da möhkəmləndirməlidir"

Nazir: "Türkdilli dövlətlər iqtisadi əlaqələrini və əməkdaşlıqlarını daha da möhkəmləndirməlidir"
16:12 21 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Bakı. 21 dekabr. REPORT.AZ/ "Türkdilli dövlətlər iqtisadi əlaqələrini və əməkdaşlıqlarını daha da möhkəmləndirməlidir". 
"Report"un xəbərinə görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşündə çıxışı zamanı bildirib.
Nazir deyib ki, türkdilli dövlətlər arasında iqtisadi ələqələr daha da gücləndirilməlidir: "Bunun üçün ilk növbədə ölkələrimiz arasındakı ticari əlaqələri artırmalıyıq. İqtisadi, ticari əlaqələrimiz nə qədər geniş və möhkəm olsa, siyasi əlaqələrimiz də bir o qədər güclü olar. Türkdilli ölkələrin digər dövlətlərdən fərqi, dinimizin, dilimizin, tariximizin, mədəniyyətimizin eyni olmasıdır. Bu üstünlükdən səmərəli istifadə edib, daha sıx bağlanmalıyıq, birlikdə daha uğurlu yollar qət etməliyik. Türkiyə bu gün dünyanın 16-cı böyük iqtisadiyyatına malik ölkəsidir. Türkiyə dünyanın bir çox ölkələri ilə ümumilikdə 430 mlrd. dollarlıq yatırıma sahibdir. Ancaq türkdilli dövlətlər arasında heç bu məbləğin 1%-nə də sahib deyilik". 
N.Zeybəkçi qeyd edib ki, türkdilli dövlətlər milli valyutalarını gücləndirmək üçün tədbirlər həyata keçirməlidirlər: "Böhran nəticəsində enerji və neft qiymətləri düşüb. Ölkələr arasında onlayn ticarətin gücləndirilməsi olduqca vacib məqamlardan biridir. Çində tanınmış onlayn ticarət saytı bir gündə məhsulun satışından 18 mlrd. dollar gəlir əldə edir. Biz bu sahəni genişləndirməliyik. Bu sahə bizim ölkələrimiz arasında mövcud ticari əlaqələri və sərmayələri daha da artıra, iqtisadi əlaqələrimizin və əməkdaşlığımızın inkişafına böyük təkan verə bilər. Türkdilli ölkələrin biznes sektorunda fəaliyyət göstərən iş adamları turizmin bir çox sahələrində, inşaat, kənd təsərrüfatı, ticarət sektorunda əməkdaşlıq etməli, yeni layihələr həyata keçirməlidirlər".
Nazir jurnalistlərə açıqlamasında Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin aparılması ilə bağlı iki ölkə prezidentinin müvafiq təlimatlar verdiyini vurğulayıb: "Azərbaycan və Türkiyə bir-birilərinə qarşılıqlı imtiyaz təklif etməlidir. Əgər lazım olarsa, bu imtiyazlar sıfır səviyyəsinədək endirilməlidir. Hazırda iki dövlət arasında ticarət dövriyyəsi 3,5 mlrd. dollar civarındadır. Bu göstəricini 10-15 mlrd. dollara qədər artırmalıyıq. Yaxın zamanda bununla bağlı işlərə başlanılacaq. 2017-ci ilin ilk yarısında Azərbaycan-Türkiyə işgüzar sammitinin baş tutması planlaşdırılır. Bu toplantıda sözügedən məsələ ilə bağlı müvafiq sənədin imzalanması planlaşdırılır. Son dövrlər bizim əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir. Bu, sadəcə Azərbaycanla münasibətlərimizə aid deyil. Söhbət bir çox ölkələrdən gedir. Onların arasında Koreya, Yaponiya, Rusiya, Çin və İranı qeyd etmək olar. Heç bir məcburiyyətdən söhbət gedə bilməz. Lakin ticarət dövriyyəsində milli valyutadan maksimum istifadə etməliyik və bunun yollarını tapmalıyıq. Dövlət başçılarımızın təlimatlarına uyğun olaraq, hər iki ölkənin İqtisadiyyat nazirlikləri və Mərkəzi bankları zəruri işlər həyata keçirəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/turkdilli-dovletler-iqtisadi-elaqelerini-ve-emekdasliqlarini-daha-da-mohkemlendirmelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR