Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçını qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı bir daha iki dövlət arasında ikitərəfli əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulandı, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunub.
Ü.Yalçın Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü bildirib.
E.Məmmədyarov Türkiyədə baş vermiş son terror aktları ilə
əlaqədar bir daha dərin hüznlə qardaş Türkiyə xalqına və hökumətinə
başsağlığı verib.
Görüşdə Azərbaycan və Türkiyənin bütün bəşəriyyət üçün təhlükə olan
terrorizmə qarşı mübarizədə birgə səylərinin artırılmasının
vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyənin beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığı və bir-birilərinin mövqelərini
dəstəkləməsi təqdir olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. O,
Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər
tutaraq, münaqişə ilə bağlı ədalətli və qəti mövqeyinin yüksək
qiymətləndirildiyini diqqətə çatdırıb.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulanıb.
Görüş zamanı həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.