TRİ formatı Suriyadan sonra Dağlıq Qarabağ problemini də həll edə bilər?

TRİ formatı Suriyadan sonra Dağlıq Qarabağ problemini də həll edə bilər?
17:37 21 Dekabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər Türkiyə-Rusiya-İran ittifaqı Suriyada qarşıya qoyduqları məqsədə çatarsa, bu, həmin formatın güclənməsinə və dünyadakı rolunun artmasına şərait yaradacaq.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Dekabrın 20-də Moskvada Türkiyə-Rusiya-İran (TRİ) formatında ilk toplantının keçirildiyini deyən politoloqun sözlərinə görə, Suriya böhranı başlayandan bu yana ilk dəfəydi ki, Türkiyə, Rusiya və İran xarici işlər və müdafiə nazirləri bir araya gələrək Suriya probleminin həlli yollarını birgə müzakirə etdilər. Ekspert yeni üçlü formatın necə formalaşmasını belə izah edib:

"Suiyada vətəndaş müharibəsi başlayanda və terrorçular da prosesə müdaxilə etdikdə Rusiya ilə İran ittifaq şəklində hərəkət edərək Bəşər Əsəd rejiminə dəstək verdilərsə, Türkiyə tamamilə fərqli mövqedən çıxış etdi və ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Qətərlə ittifaqa üstünlük verərək, Suriya müxalifətinin yanında yer aldı. Ancaq zaman keçdikcə Türkiyə ilə Amerika arasındakı ittifaq çökdü, Vaşinqton Suriyada silahlı kürdlərə dəstək verməklə Ankaranın maraqları əleyhinə çıxdı. O biri tərəfdən Vaşinqtonun Türkiyədə 15 iyul hərbi çevrilişinə cəhdi edən Fətullah Güləni Türkiyəyə təhvil vermək istəməməsi Vaşinton-Ankara ikiliyinin üstündən xətt çəkdi.

Belə bir şəraitdə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bir il öncə Rusiyanın hərbi təyyarəsinin vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməklə xarici siyasət prioritetini dəyişdi. Amerikadan fərqli olaraq Rusiya Suriyadakı silahlı kürdlərə dəstəkdən əl çəkdi, Türkiyə qoşunlarının Suriyanın qərb vilayətlərini nəzarətə götürməsinə gözünü yumdu, üstəgəl, iki ölkə arasında dondurulan bütün layihələr yenidən işə düşdü. Moskva bununla kifayətlənməyərək Ankaranı daha çox Vaşinqtondan uzaqlaşdırmağa nail oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta son açıqlamalarının birində dedi ki, Suriya məsələsində amerikalı rəsmilərlə saatlarla boş vaxt keçirib nəticə əldə etməməkdənsə, Ankara ilə ortaq məxrəcə gəlmək daha asandır. Və belə də oldu. Hələb şəhərinin şərq hissəsinin boşaldılması və müxalif qüvvələrin ailələri ilə birgə şəhəri tərk etməsi Moskva ilə Ankaranın gizli razılaşmasının nəticəsi idi. Vaşinqtonun bacarmadığını Ankara bacardı və Moskva ilə tərəfdaşlığını gücləndirdi. Bunun nəticəsi olaraq Türkiyə-Rusiya-İran formatı yarandı".

Onun sözlərinə görə, bu formatda Türkiyə-Rusiya münasibətləri xüsusilə fərqlənir: "Ankara Əsəd rejiminə qarşı əvvəlki sərt ritorikasından imtina etməklə Moskva və Tehranla razılaşa biləcəyinə işarə vurdu. Rusiya səfirinin Ankarada qətlə yetirməsi də bu üçlü ittifaqı pozmadı. Tam əksinə, Rusiya səfirinin qətlinin qarşısını ala bilmədiyinə görə üzərində mənəvi məsuliyyət hiss edən Ankara Moskva ilə daha sıx əməkdaşlığa məcburdur. Bu, Rusiyanın da maraqlarına tam cavab verir. Məhz buna görə təyyarə olayından fərqli olaraq səfirin öldürülməsində Rusiya Türkiyəni günahlandırmadı, əksinə rusiyalı rəsmilər türkiyəli həmkarlarına verdikləri ilkin reaksiyaya görə minnətdar olduqlarını bildirdilər".

Mərkəzin rəhbəri bundan sonra Suriya probleminin hansı yolla həll edilə biləcəyinə bu cür aydınlıq gətirib: "Suriya məsələsində Amerikanın oyundankənar vəziyyətdə qalması Türkiyə-Rusiya-İran üçlüyünün maraqlarına cavab verir. Hər üç dövlət Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, hər üç dövlət bölgədə kürd dövlətinin yaradılmasını istəmir və hər üç dövlət beynəlxalq terrorçulara qarşı birgə mübazirə aparacaqlarını elan edirlər. Bundan sonra Türkiyə dəstək verdiyi Suriyanın silahlı müxalifətini Əsədlə danışıqlara təşviq etməlidir. Bunun əvəzində də Moskva və Tehran Əsəd hakimiyyətinin bir hissəsini müxalifətlə bölüşməyə məcbur etməlidir. Çünki Əsəd əvvəlkitək avtoritar üsullarla ölkəni idarə edə bilməyəcək. Əgər TRİ Suriyada qarşıya qoyduqları məqsədə çatarsa, bu, həmin formatın güclənməsinə və başqa regional problemlərin həllində də rolunun artmasına şərait yaradacaq".

Bu baxımdan E.Şahinoğlunun qənaətincə, üçlü format Azərbaycanla Ermənistanı barışdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallaşa bilər: "Birincisi, üçlü format Suriya məsələsində olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllində də Amerika və Avropanı kənarda qoymalıdırlar. İran çoxdan arzulayır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə uzaq ölkələr deyil, region ölkələri məşğul olsunlar.

İkincisi, üçlü formatın işlək olması üçün Azərbaycan və Ermənistan Türkiyə-Rusiya-İran formatının Minsk qrupunu əvəzləyəcəyini qəbul etməlidir. Onsuz da, Minsk qrupu formatı özünü doğrultmur, Amerika ilə Fransanın münaqişənin həllindəki rolu minimumdur. Ancaq yeni üçlü formatın qəbulu üçün rəsmi Bakı Tehranın, rəsmi İrəvan isə Ankaranın vasitəçi olmasına razlaşmalıdır. Məsələ burasındadır ki, rəsmi Bakı Tehranın, rəsmi İrəvan isə Ankaranın vasitəçiliyndən ehtiyat edir. Buna baxmayaraq, bu məsələdə də söz sahibi Moskva ola bilər. Kreml həm Bakını, həm də İrəvanı yeni formatı qəbul etməyə razı sala bilər.

Üçüncüsü, yeni formatın Dağlıq Qarabağ münaqişəsinin həllində ön böyük uğuru Ermənistan hakimiyyətinin "mərhələli həll" planını qəbul etməsi ola bilər. Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrə qoşulacaqlarını vəd edə bilərlər. Ancaq atılacaq addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva, həm də Tehran Ermənistan hakimiyyətini "mərhələli həll" planına məcbur etsinlər. Moskva və Tehranın regional maraqları təmin olunmadan hər iki dövlətin Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqları olmayacaq".

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR