Rusiya prezidenti Vladimir Putin səfir Andrey Karlovun Türkiyədə qətlə yetirilməsi xəbərini çox ağır şəkildə qəbul etdi.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov "Mir" televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, V.Putin baş vermiş təxribatı şiddətlə qınayıb: "Prezident bunu terror aktı, insan faciəsi kimi dəyərləndirib. Buna görə də onun üçün çox ağır xəbər olub".
Kremlin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, öldürülmüş diplomatı şəxsən tanıyıb: "Onun ölümü XİN, eləcə də Rusiya və Türkiyə münasibətləri üçün böyük itkidir".
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində qətlə yetirilib. Qatil 22 yaşlı türkiyəli polis Mevlüt Mert Altıntaş olub. Hücumdan sonra o, polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
Milli.Az